adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: Könül rahatlığımın ünvanları -3

ƏBÜLFƏT MƏDƏTOĞLU
974 | 2021-11-10 19:34

Səfər təəssüratımdan notlar

 

...Bəli, bu da adını eşidib, barəsində oxuduğum və təbii ki, yaddaşıma yazdığım Ərzurum yolu. Burada xatırlatmaq istərdim ki, Türkiyənin bu bölgəsində yol çəkilişi işləri çox uğurla davam etdirilir. Ona görə də yolda hərəkət nə sərnişinə, nə də sürücüyə problem yaratmır. Köhnə yollarla paralel çəkilən daha müasir yollar da ilk baxışdan göz, könül oxşayır. Bu ovqatın içərisində ətrafı seyr etmək, mənzərəni yaddaşa köçürtmək təbii ki, asanddı. Ona görə ki, yolun rahatlığı səni rahat baxmağa, düşünməyə, hətta xəyal qurmağa imkan verir. Deməli, yol kənarındakı əksəriyyəti qırmızı rəngdə olan damlara baxanda, həmin damlardan qalxan tüstünü seyr edəndə yadıma doğulduğum kənd, onun kirəmitdən olan dam örtükləri bir anlıq məni çəkib özünə apardı. Və elə həmin məqamda yol boyu kəndlərin, qəsəbələrin adları da mənə doğma gəldi. Çünki elə adlar var idi ki, onların mən öz coğrafiyamda da görüb rast gəlmişdim. Məsələn, Gödəkli, Saracalı kəndləri, yəqin ki, bu adlara siz də rast gəlmisiz. 

Ərzuruma qədər yolun üstündəki Aralıq adlı böyük bir qəsəbə məni qarşılayır. Yol kənarındakı lövhədən bilirəm ki, burada 6300 nəfər yaşayır. Deməli bu, həm də böyük bir qəsəbədir. Onun beşmərtəbəli binaları da buradakı sosial-iqtisadi durumun real vəziyyətindən xəbər verir. Sonra Saracalı kəndi... Karakoyunlu... Məlikli... Daha çox yaddaşıma köçən Kağızman qəsəbəsi oldu. Çünki bu qəsəbə bütünlüklə yaşıllığa bürünüb. Hətta bir az bizim Zəngilanı, Qubadlını xatırladır... Adətən gördüyüm yerlərlə paralellər aparmaq, oxşarlıqlar aparmaq mənim canımda, qanımdadır. Ona görə də Kağızmana baxanda və avtobusunda hərəkətin məhz bu qəsəbənin dar küçələrindən keçməsi fürsətindən istifadə edib mən demək olar ki, sonda əmin oldum ki, Kağızman həm də daha çox Hadruta bənzəyir...

Kağızmandan çıxırıq, yol Ərzuruma doğru bir az da yaxınlaşır. İndi  başı qarlı dağlar daha açıq-aydın görünür. Bu yerdə özümdən asılı olmadan Kərəmlə Lələsinin saz üstündə söylədiyi qoşma yadıma düşür:

 

Ərzurumun gədiyinə varanda,

Bir də  gördüm birəm-birəm qar gəlir...

Dedi Lələm, gəl qayıdaq bu yoldan –

Dedim, xan oğluyam, dönmək mənə ar gəlir.

 

Ərzurum dağlarının başındakı qar o qədər ağ idi ki, üstünə düşən günəş şuası da onun tamam sehirli bir mənzərənin fonuna çevrilmişdi. Yəni qarla günəşin təması bəyazlığın pik həddinə gəlib çatmışdı. Gözlərimi çəkə bilmədiyim bu mənzərəyə baxanda bir də gördüm ki, həmin o bəyazlıq göy üzünü də bürüyüb. Və az qala göy üzü boyda bəm-bəyaz bulud olubdu. Onda :

 

Elə bil ki, qar yağıbdı göylərə,

Qar tarının oxşarıdı buludlar...

Cəhd də etmir, pərən düşə, seyrələ –

Ağ dəvənin ovsarıdı buludlar...

 

Səma sanki, söykənibdi zirvəyə,

Göz gərəkdir, bu anları görməyə!

Demə şair heyran olub görməyə? –

Şimşəklərin ovlarıdı buludlar...

 

Duruşundan hiss olunur hikkəsi,

Göy titrədər, toqquşanda cikkəsi...

Baxışımı yaxasına tikməsi –

Göyün son söz – sovlarıdı buludlar...

 

Həqiqətən, qeyri-adi bir mənzərəni seyr edirəm. Yol yoldaşlarım bu mənzərəyə öz bildikləri, düşündükləri kimi qiymət verirlər. Ya da elə-belə baxıb gözlərini çəkirlər. Mən isə avtobusdan daha çox o buludların, o bəyazlığın içərisində Trabzona gedirəm. Yavaş-yavaş Günəş qüruba enir. Dağın arxasından boylanmağa başlayır. Bu anın özü də fərqli bir mənzərə yaradır. Burda gəldiyim bir qənaət var:

- O da Tanrının türkə sevgisidir! 

Məhz həmin sevginin bir anını, bir məqamını yol getdiyim zamnın içərisində, gördüyüm mənzərənin fonunda bir daha anladım. İçində bir əminlik yarandı ki, bu cür möcüzəli mənzərə dünyanın başqa heç bir yerində ola bilməz. Bu mənzərə yalnız türkə, Türkiyəyə aiddir. Tanrı türkü qorusun!

Bu da Ərzurum. İmkanım olsa sürücüdən təvəqqe edərəm ki, maşını «iməklətsin». Yəni, o qədər aşağı sürətlə sürsün ki, hər şeyi gözlərimə köçürə bilim. Axı nağıllar, dastlar dünyasının Ərzurumundayam. Bir də bu yerlərə gəlmək, bu yerlərin müsafiri olmaq  mümkün olacaqmı? Elə bu düşündüyüm, daha doğrusu, içimdə baş qaldıran sualın cavabı kimi mən özümdən asılı olmadan sürücüdən rica edirəm ki, maşını bir az asta sürsün. O da bir az maraqla, bir az da təəccüblə üzümə baxır. Hər iki halın, hər iki baxışın mənası  mənə məlumdur. Amma dərinə getmirəm. Çünki avtobusun müəyyən qrafiklə hərəkət etdiyindən xəbərdaram. Deməli, sürücünün işinə qarışmağa o qədər də haqqım yoxdur. Sadəcə bir sərnişin olaraq içimdəkini dilə gətirdim. Bunun da səbəbi Ərzurumu bir az da çox görmək istəyi idi!  Bəxtimdən sərnişini olduğum avtobusun önündə maşın karvanı, yəni bir neçə «Tır» hərəkət edirdi. Bu da sürücünü sürəti aşağı salmağa məcbur etdi. Öz-özümə dedim ki, «Allah səsimi eşitdi, istəyimi duydu». İnanın ki, havanın nisbətən soyuq olmasına baxmayaraq avtobusun pəncərəsindən başımı çölə çıxarıb Ərzurumun küçələrində, daha doğrusu səkilərində alış-veriş edən adamların səsini də, sözlərini də eşitməyə, dinləməyə başladım. Onların səsindəki, dialektlərindəki şirinlik adama çox təsir edirdi. Mənə elə gəldi ki. bu danışan adamlar Qarabağdan, Naxçıvandan, Şəkidən Ərzuruma alış-verişə gələn həmyerlilərimdi. Bax, soykökün, böyük türkçülüyün bir ştrixi də budur. Dilin, nəfəsin bir-biri ilə üst-üstə düşməsi! Bu tamamlayır bir millətlə iki dövlətin qardaşlığını!

Avtobusumuz Ərzurumun mərkəzində yarım saatlıq dayanır. Bu yolla çox gedib gəlmiş, yəni bələdçiliyi olanlar düşüb müxtəlif dükan-bazara üz tuturlar. Mən isə avtobusun dayandığı yerin qarşısındakı meydanda Ərzurumun qürub çağı mənzərəsini seyr edirəm. Burda da tam səmimiyyətlə etiraf edirəm ki, bu mənzərə mənə çox doğmadır. Sanki nə vaxtsa mən bu yerlərdə olmuşam. Görünür, bu da həmin o genetik kodun diktəsidi. Yəni bir ağacın budaqlarının hansı istiqamətdə olmasından asılı olmayaraq, kök o budaqları qidalandırmaqla yanaşı, həm də gövdənin üstündə saxlayır. Bu mənada Ərzurumun mənzərəsi Gəncənin, Şəkinin mənzərəsinin oxşarı kimi gülümsəyir mənə. Bundan doğma, bundan səmimi nəsə gəlmir ağlıma...

...Və bu yerdə hansısa bir sirli, sehirli səs mənə xalqımın qəribə taleli Məhəmməd Hadisini xatırladır. Sanki onun səsini eşidirəm. Və sanki Məhəmməd Hadi Ərzurumun tən ortasında, yanımda dayanıb mənə nağıllarımın, dastanlarımın şəhərində nələri yaşadığımı, nələri yaşaya biləcəyimi söyləyir. Mən də onun səsinin ritmində elə onun özünə pıçıldayıram.

 

Bəlkə də boyuma biçilib,

Məhəmməd Hadi talehi...

Onu ruhuma köçürüb –

Yaşadım adı, talehi...

 

Çəkilib göyə sığınım,

Qırılmış neyə sığınım...

Tükənmiş, heyə sığınım –

Kövrəltsin yadı, talehim...

 

Özümə etdiyim qəsdən,

Yoruldum, bezdim hər səsdən...

Sən də uzaqlaş, hər kəsdən –

Bitsin, bu dadı, talehin!..

 

Bəli, avtobusumuz Ərzurumdan hərəkətə başlayır. Üzü Trabzona doğru. Qarşıda olanları, daha doğrusu, yaşadıqlarımı yaddaşıma yazacağıma əminəm...

 

Ardı var.

TƏQVİM / ARXİV