Özüm şahidiyəm. Çox dəhşətli, heçliyə aparan mənzərədi. İnsanlar ancaq zəhmətsiz gəlir umur. Kəndlərimiz ona görə boşalır, gül kimi evlər ona görə qaraqıfıl qalır. Qızlarımız ona görə ərə getməyə adam tapa bilmir. Bir zamanlar az qala şəhərə dönən kəndlərdə indi ac itlər ulaşır.
"Urbanizasiya" nə qədər cəlbedici, sirli səslənsə də, ifratı xalqın məhvidi.
Özü yıxılan ağlamaz - otuz il əvvəl bu uşaqları siz böyütmüsünüz də...
Görəsən, həşəmətli, uzaqgörən dövlətimiz bunu anlayır? Müşavirələr keçirilir, kənd təsərrüfatını qaldırmaq üçün sərəncamlar verilir, böyük pullar ayrılır, ortada qalan isə, ancaq yarıtmaz menecment, idarəçilik olur...
Kəndlimiz artıq şəhərin avara-sərgərdanları kimi yaşamaq, bulvarlarda gəzib, kofe-şoplarda veyillənmək istəyir - eynən, şəhərlilər kimi... İnsanlar təsərrüfat adamına, əliqabarlı zəhmətkeşə gicbəsər kimi baxırlar və bu baxışla uzağa gedəcəklərini düşünürlər.
Niyə belə olur?
Niyə su mənbələri, münbit torpaqlarımız beş-on işbazın əlində cəmləşib!
Niyə soruşan yoxdur ki, Allahın bütün xalqımıza verdiyi nemətləri nə üçün onun əlindən acımasız alırsınız?
Niyə uçuruma aparan bu yolun qarşısını kəsə biləcək bir nəfər ortaya çıxmır?
Qarabağlıları başa düşdüm - torpaqlarını düşmən almışdı, şəhərlərə üz tutmaqdan başqa çarələri yox idi. Bəs, başqa rayonlarımızın el-obasından didərgin düşməsi niyə sizi heç narahat eləmir?
Niyə bu xalqın sabahını düşünmürsünüz?..
Niyə Azərbaycanı tərk edib gedənlərlə özunə xaricdə mövqe qazanmağa çalışanlarla, məsələn, Amerikada polis, Kanadada menecer, Türkiyədə rieltor, Polşada bələdiyyəsi başqanı olanlarla fəxr edirsiniz? Belə yarıtmaz yanaşma olar?
Rayonlarımızın çayxanaları avara yeniyetmələrlə doludur, hamısı da, 1 manatlıq çayı qabağına qoyub bir-iki ilə Ərəseyin hansı şəhərinə qaçacağı, barədə fikirləşir ki, barı ona seçim imkanı qoymayan bu "kor düyündən" çıxa bilsin...
Vallah, bu heç kapitalizm də deyil e-e, bizim yaşadığımız adını belə tapa bilmədiyim bir zaddı, çunki kapitalist çörəyinin xalqdan çıxdığını gözəl bilir və onu qorumağı özünün birinci vəzifəsi sayır...
Kim fikiləşməlidi bu barədə? Bu prosesə "dur!" deyən oğul niyə tapılmır?..
Niyə cəmiyyəti parçalayan qeyri-bərabərliyin dərinləşməsinə səbəb olmuş amillərin kökünü kəsməyə çalışan yoxdur?
Nə bilim vallah...
Mənim bildiyim bircə odur ki, bu minvalla uzaq başı bir nəsil də sürünə bilərik, bəs sonra, o mənhus uçurumun kənarına çatanda nə olacaq?..
Bəlkə, həmin uçurumu siz görmürsunüz?..


Bakı -°C
