“Barnahus modeli ilk dəfə İslandiyada 1998-ci ildə uşaqlara qarşı zorakılıq və xüsusilə cinsi istismar hallarında mövcud sistemin çatışmazlıqlarını aradan qaldırmaq məqsədilə hazırlanmışdır. Bu modelin yaranmasına səbəb ənənəvi hüquqi və sosial müdaxilə mexanizmlərində uşağın bir neçə müxtəlif qurum qarşısında təkrar-təkrar ifadə verməyə məcbur qalması, bunun isə həm psixoloji travmanı dərinləşdirməsi, həm də ifadənin keyfiyyətinə mənfi təsir göstərməsi olmuşdur. Barnahus yanaşması bu problemi sistemli şəkildə həll etməyi hədəfləyərək uşağın mərkəzdə olduğu, onun təhlükəsizliyinin və rifahının prioritet sayıldığı inteqrativ xidmət modelini formalaşdırmışdır”.
Adalet.az xəbər verir ki, bunu “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
O, bildirib ki, bu modelin əsas xüsusiyyəti ondan ibarətdir ki, hüquq-mühafizə orqanları, psixoloqlar, sosial işçilər və tibbi mütəxəssislər eyni məkanda fəaliyyət göstərir və uşağın ifadəsi yalnız bir dəfə, xüsusi hazırlanmış mühitdə, peşəkar yanaşma ilə alınır:
“Bu yanaşma həm uşağın təkrar travmatizasiyasının qarşısını alır, həm də hüquqi sübutların etibarlılığını artırır. İlk tətbiq olunduğu İslandiyada əldə olunan müsbət nəticələr bu modelin beynəlxalq səviyyədə diqqət çəkməsinə səbəb olmuş və sonrakı illərdə Avropa Şurası tərəfindən təşviq edilərək digər ölkələrə transfer edilmişdir. Xüsusilə Skandinaviya regionunda , İsveç, Norveç, Finlandiya və Danimarkada bu model geniş şəkildə tətbiq olunmuş və institusional sistemə inteqrasiya edilmişdir. Daha sonra Baltik ölkələrində, Estoniya, Latviya və Litvada, eləcə də bir sıra digər Avropa ölkələrində, o cümlədən Almaniya, Polşa, İspaniya və İrlandiya-da müxtəlif formalarda tətbiqinə başlanılmışdır. Bu ölkələrdə model ya tam şəkildə, ya da milli hüquqi və institusional xüsusiyyətlərə uyğunlaşdırılmış formada həyata keçirilir. Avropa hüdudlarından kənarda da Barnahus modelinə bənzər yanaşmalar mövcuddur. Məsələn, ABŞ, Kanada və Avstraliya kimi ölkələrdə fəaliyyət göstərən “Child Advocacy Center” modelləri Barnahus konsepsiyası ilə oxşarlıq təşkil edir və uşaqların müdafiəsi üçün multidissiplinar yanaşmanı tətbiq edir. Bununla belə, Barnahus modeli Avropa hüquq sistemi ilə daha sıx bağlıdır və xüsusilə uşaqların ifadəsinin məhkəmə sübutu kimi istifadə olunması mexanizmləri ilə fərqlənir”.
Onun sözlərinə görə, Barnahus modelinin beynəlxalq səviyyədə yayılmasının əsas səbəbi onun effektivliyinin sübut olunmasıdır:
“Bu model uşaqların hüquqlarının qorunmasını yalnız formal hüquqi prosedur kimi deyil, kompleks sosial müdaxilə kimi nəzərdən keçirir. Uşağın maraqlarının üstünlüyü, travmanın azaldılması, multidissiplinar əməkdaşlıq və institusional koordinasiya bu modelin əsas sütunlarını təşkil edir. Eyni zamanda, bu yanaşma Avropa Şurası tərəfindən qəbul edilmiş Lanzarote Konvensiyasının və digər beynəlxalq sənədlərin prinsipləri ilə uyğunluq təşkil edir”.
Vasif ƏLİHÜSEYN


Bakı -°C
