adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Dünyanı  dəyişən  inək - İradə  TUNCAY  yazır

İRADƏ TUNCAY
3207 | 2021-09-04 18:03

Əslində bu, yeni söhbət deyil - vaksin olunsunmu-olunmasınmı insanlar? Neçə əsrdi mübahisə gedir.

Hər halda böyük, kütləvi epidemiyalardan qoruyan da məhz elə peyvəndlənmədir. Sovetin səhiyyə sisteminə alışmış bizlər üçün peyvənd doğma anlayışdı. Biz yaşda hər kəsin qolunda çiçək xəstəliyinə qarşı olunmuş peyvəndin izləri var - sanki damğa kimi. Və bu damğa neçə yüz milyon insanı ölümdən, şikəstlikdən qoruyub saxlayıb.


Belə fərziyyə var ki, çiçək xəstəliyindən qorunmaq cəhdləri ilk olaraq min il əvvəl Çində başlayıb - xəstə adamların yarasından götürülmüş irinli pambığı qulağa qoymaqla yüngül keçirib xəstəliyi insanlar. Çiçək isə təbabətin tanıdığı ağır xəstəliklərdən biridir. Amma bu xəstəliyi inəklər də keçirirmiş və müşahidələr göstərir ki, xəstə inəkləri sağan qadınlar xəstələnmir. 

Bunun əsasında peyvənd əməliyyatları başlayır. Və inəklər faktik olaraq bəşəriyyəti xilas edir. Yəni vaksin sözünün kökündə latın mənşəli "vacca - inək " sözü dayanır.


Belə bir fikir var ki, əhalinin 80 faizi peyvəndlənsə xəstəliyin kökünü kəsmək mümkündür. İndi çiçək xəstəliyi yalnız laboratoriyalarda mövcuddur. Amma xəstəliklər yenə var axı... Poliomielit çiçək kimi ağır xəstəlik sayılmasa da, fəsadları dəhşətlidir. Əsas olaraq uşaqlar keçirir bu xəstəliyi - çoxumuz görmüşük vaksinasiyanı. Körpələrin ağzına bir neçə damcı dərman - vaksin tökülür... Və bu, nə qədər körpəni şikəstlikdən qoruyur. 

Deyilənə görə, poliomielit inkişaf etmiş ölkələrdə daha çox yayılıb. Bəlkə də belə deyil - Afrikada kimdi xəstəlik yoxlayan, hələ sayını da biləsən... Qızılca peyvəndi tapılana qədər ildə 2,6 milyon insan məhz qızılcadan ölürmüş. Yenə də 95 faiz söhbəti gəlir gündəmə. Yəni faiz çox olsa xəstəliyin tam bitmə şansı var. Amma sosial şəbəkələrin antireklamı öz fəaliyyətində kifayət qədər aktivdi və insanları inandırmaq hər gün daha da çətinləşir. Söhbət yayıblar ki, guya bu peyvənd olunan uşaqlarda autizm xəstəliyi yaranır. 


Düzdür bunu yayan doktorun lisenziyasını ləğv ediblər. Amma yayılıb söhbət və sosial şəbəkədə yayılan heç nəyə qarşı peyvənd yoxdu!!!  

ÜST bu məqsədlə BMT-dən yardım istəyib...Yəni inkişafdan qalmış ölkələrdə peyvənd üçün...


Malyariya... 

Uzaq tarixdən məlumdur bu mərəzin adı. Bəşəriyyətin tən yarısı bu xəstəliyə yoluxa bilər, ildə 400 min insan isə ölür bu malyariyadan. 2050-ci ildə kökünü kəsmək mümkündür deyirlər. Necə? Təbii ki, vaksinasiya... Və bataqlıqların qurudulması, xəstəlik yayan həşəratları məhv etməklə... Bunlar da fərziyyə sayıla bilər - amma indi bəşəriyyəti bütünlüklə başqa mövzu narahat edir... İndiyə qədər görünməmiş və daha böyük əhatəsi olan mövzu.... 


Koronavirus... 

Bu barədə o qədər danışılıb ki... Koronavirus öz xəstəlik bacı-qardaşlarından fərqlənir - bəzən beş-altı ay ərzində yenidən yoluxa bilər xəstə. Bəs niyə yenə vaksin təbili çalır dünya səhiyyəsi? Çünki başqa çarə tapmayıb hələ bəşəriyyət. Yenə dünyanı inək qurtaracaq...

TƏQVİM / ARXİV