Ümumdünya Səhiyyə Təşkilatı 31 May – Ümumdünya Tütünsüzlük Günü ilə bağlı yeni statistika açıqlayıb.
Adalet.az bu barədə xarici mediaya istinadən xəbər verir.
ÜST-nin məlumatına görə, dünyada 13-15 yaş arası ən azı 40 milyon uşaq və yeniyetmə tütün məhsullarından istifadə edir. Təşkilatın məlumatına görə, gənclər arasında elektron siqaret və nikotin paketlərindən istifadə halları da artmaqdadır.
ÜST bildirir ki, tütün və nikotin şirkətləri məhsullarını xüsusilə yeniyetmələr üçün daha cəlbedici etmək məqsədilə müxtəlif marketinq üsullarından istifadə edir. Bu məhsulların istifadəsi asanlaşdırılır və tərgitməsi çətinləşdirilir.
ÜST vurğulayır ki, nikotin xüsusilə beyin inkişafı davam edən uşaqlar və yeniyetmələr üçün yüksək dərəcədə asılılıq yaradan və zərərli maddədir. Hökumətlər ətirli məhsulların qadağan edilməsi, reklam və sponsorluğun məhdudlaşdırılması, qapalı məkanların tamamilə siqaret və elektron siqaretdən azad olunması, həmçinin nəzarət tədbirlərinin gücləndirilməsi ilə əhalini qoruya bilər.
ÜST həmçinin son dövrlər sürətlə yayılan nikotin paketlərinin sosial media təsirçiləri vasitəsilə aqressiv şəkildə təbliğ olunduğunu qeyd edib. Təşkilatın hesabatına görə, təxminən 160 ölkədə bu məhsullara dair xüsusi tənzimləyici qaydalar mövcud deyil. Parlaq qablaşdırma, müxtəlif dadlar və reklam kampaniyaları gənclərdə asılılıq yaratmağa yönəlmiş əsas vasitələr kimi göstərilir.
ÜST-ün məlumatına görə, tütün istifadəsi hər il 7 milyondan çox insanın ölümünə səbəb olur. Tütün həmçinin ürək-damar və tənəffüs sistemi xəstəlikləri, eləcə də 20-dən çox xərçəng növü yarada bilir.


Bakı -°C
