DOST BELƏ OLAR! - FAİQ QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
2627 | 2023-09-25 11:49

...Əsl dost necə olmalıdır?! Onun tərifini dəqiq deyə bilməsəm də, bir onu deyə bilərəm ki, əsl dost çətin gündə sınanır! Heç bu sözlər mənim də fikrim deyil. Müdrik insanların səsləndirdiyi kalamdır. Bircə onu bilirəm ki, əsl dost ağır gündə, dar gündə sınanır!... Əgər həmin dost dar gündə, ağır gündə sənin yanında olursa, bax ona dost demək olar...

...Mənim də həyatda dostlarım çox olmayıb, yəni onlar barmaqla sayılasıdır. Və belə dostlardan biri də Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini olmuş, polis polkovniki, rəhmətlik İlham Rəcəbovdur. Onunla məni uzun müddət yol polisində məsul vəzifədə işləmiş polkovnik Vahid Əliyev tanış etmişdi. Demişdi ki, burada elə bir oğlan əyləşəcəkdir ki, məndən də yaxşı insandır! 

...Doğrudan da mən İlham müəllimlə tanış olandan sonra gördüm ki, o, nə qədər ziyalı, savadlı, vətənpərvər və mərhəmətli bir şəxsiyyətdir. Mən belə insanlara şəxsiyyət deyirəm! O, vəzifədə olduğu vaxtlar heç vaxt kabinetinin qapısı bağlı olmadı və heç kim də gəlib onun otağının qarşısında gözləmədi! Kimsə onu gözləsəydi! İlham müəllim narahat olar və onu otağa dəvət edib, problemlərini öyrənər, kömək edərdi. Polis orqanlarında belə ziyalı, savadlı, səviyyəli və xalqını sevən adamlar barmaqla sayılar.

İlham Rəcəbov Qubada tanınmış və məşhur bir ziyalı nəslin övladı idi. Həmişə də öz ağayanalığı və səmimiyyəti ilə seçilirdi. Təbii ki, ona bu xarakter və xüsusiyyət kökdən gəlirdi. Öz qürurunu və ləyaqətini ömrünün sonuna qədər qorumağı bacardı bu insan! 

...O, 2020-ci ildə koronavirusdan dünyasını dəyişdi. Onu Türkiyəyə apardılar, orada da həyata qaytarmaq mümkün olmadı. Öz vəsiyyətinə əsasən İstanbuldakı qəbiristanlıqların birində dəfn olundu. Sözün  düzü, onun məzarını ziyarət edə bilmədiyimizə görə özümüzü qınayırdıq!

İlham müəllimin yaxın dostu və bizim də dostumuz olan Baş Dövlət Yol Polisi İdarəsinin texniki-müfəttişlik şöbəsinin rəisi, polis polkovniki-leytenantı Xalid Əzimov bu yaxınlarda İstanbulda olarkən həmin qəbiristanlığa gedib, İlham Rəcəbovun məzarını ziyarət edib. Və onun məzarının şəklini çəkib! Bax, dost belə olar! Bütün çətinliklərə və problemlərə baxmayaraq, Xalid müəllim əsl dost kimi bizim hamımıza bir nümunə göstərdi və çiynimizdən ağır yük götürdü. Kimsəsizlərə arxa, yetimlərin, acların köməyinə çatan və insanlara təmənnasız yaxşılıq eləyən rəhmətlik dostum, İlham Rəcəbov! Xalid qardaşımızın çəkdiyi məzarının şəklini gördüm, çox üzüldüm və kədərləndim. Bir az da təsəlli tapdım ki, sənin Xalid müəllim kimi sədaqətli dostların varsa, həmişə yaşayacaqsan! Və düşünürəm ki, sən elə sağsan və bizim aramızdasan. Çünki hər gün xatırlanırsan və hər Quran oxuyanda Allaha and olsun ki, ruhuna dualar eləyirəm. Sən Allahın dərgahındasan, biz bu dünyada! Hərdənbir yuxularımıza girirsən və öz nur çöhrənlə bizə bir təsəlli verirsən. Yerin cənnət olsun, İlham qardaşımız!       
     

TƏQVİM / ARXİV