adalet.az header logo
  • Bakı -°C

Daxili işlər naziri Vilayət Eyvazov türkiyəli həmkarı ilə görüşdü - FOTOLAR

93 | 2026-04-09 15:34
A- A+

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun dəvəti ilə Türkiyə Respublikasının daxili işlər naziri Mustafa Çiftçi və onun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

Adalet.az xəbər verir ki, aprelin 9-da nazir Mustafa Çiftçi və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıblar. Sonra qardaş ölkənin təmsilçiləri Şəhidlər xiyabanındakı "Əbədi məşəl" kompleksini və Türk Şəhidliyini ziyarət ediblər. 

Həmin gün Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov türkiyəli həmkarı və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Qonaqları salamlayan V.Eyvazov daxili işlər naziri vəzifəsinə təyin olunması münasibətilə cənab M.Çiftçini təbrik edib, dəvətini qəbul edərək rəsmi səfərə gəldiyinə görə təşəkkürünü bildirib. 

O, iki ölkənin Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu məmnunluqla vurğulayaraq rəhbərlik etdiyi Daxili İşlər Nazirliyinin qardaş ölkənin hüquq mühafizə orqanları ilə əlaqələrin, o cümlədən beynəlxalq əməkdaşlığın intensiv inkişafına daim önəm verdiyini qeyd edib. Bu əlaqələrin ilk növbədə qarşılıqlı hüquqi  yardım, təcrübə mübadiləsi, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə dövlətlərarası müqavilələr əsasında reallaşdığı nəzərə çatdırılıb.

Nazir Azərbaycan polisinin və DİN-in Daxili Qoşunlarının respublikada ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə əldə etdiyi müsbət nəticələri də diqqətə çatdıraraq fəaliyyətin təkmilləşdirilməsində Türkiyə Daxili İşlər Nazirliyinin, o cümlədən Jandarm Qüvvələrinin xüsusi rolunu və xidmətlərini məmnunluqla vurğulayıb, cənab Mustafa Çiftçinin şəxsində Türkiyə Daxili İşlər Nazirliyinin, o cümlədən Jandarm Qüvvələrinin rəhbərliyinə təşəkkür edib.  

V.Eyvazov cənab Mustafa Çiftçinin Azərbaycana ilk rəsmi səfərinin əlaqələrimizin inkişafına və dərinləşməsinə müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirib. 

Səmimi qəbula, ətraflı məlumata və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Türkiyənin daxili işlər naziri respublikamıza səfərindən, dost və qardaş ölkələrimizin bölgədə əmin-amanlığa və sabitliyin yaradılmasına ciddi əngəl olan qlobal problemlərə, o cümlədən mütəşəkkil cinayətkarlığın bütün təzahürlərinə qarşı hər zaman vahid mövqedən və birgə səylərlə çıxış etmələrindən, Azərbaycanın sürətli inkişafından, ölkəmizdə yaradılmış sabitlikdən, Bakının dünyanın ən gözəl paytaxtlarından və təhlükəsiz şəhərlərindən biri olmasından məmnunluğunu ifadə edib. 

O, iki ölkənin müvafiq orqanları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, əlaqələrin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, belə əməkdaşlığın, təcrübə mübadiləsinin xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət etdiyini vurğulayıb. 

Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.    

Görüşdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün iştirak edib.

  • Aprel:
  • 3

TƏQVİM / ARXİV