adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Bütün şübhələr Ağorda sarayına aparır

MEHMAN CAVADOĞLU
13124 | 2022-01-11 16:26

Dünən Qazaxıstanda matəm idi. Yeni ilin ilk günlərindən maye qazın qiymətinin qalxmasına etiraz əlaməti olaraq ölkənin qərb bölgəsində başlayan və ildırım sürətilə hər tərəfinə yayılan etiraz aksiyaçıları nəticəsində ölənlərə yas tutulurdu. Dövlət bayraqları endirilmiş, radio və televiziyalarda əyləncəli proqramların yayımı dayandırılmış, dövlət və imformasiya orqanlarınnın saytları ağ-qara dizayna keçmişdi və s.

 

Düzdür, hələ də adda-budda davam eləyən etiraz və iğtişaşlarda indiyə kimi nə qədər adamın həlak olmasını düz-əməlli bilən yoxdu. Bu günədək açıqlanan rəqəmlərə görə hüquq-mühafizə orqanlarının 18 nəfər əməkdaşının həlak olmasından başqa yerdə qalan statistik məlumatlar, o cümlədən 164 nəfərin ölümü haqqında KİV-lərdə tirajlanan informasiya həm dəqiq deyil, həm də “antiterror əməliyyatları” bitmədiyinə görə daim dəyişə bilər. Bundan əlavə, üç nəfər yüksək çinli məmurun ölümü haqqında məlumat verilir ki, onların ölümündə “terrorçular” günahlandırılmır. Hər birinin faciəsinin bir ayrı tarixçəsi var və çox güman ki, çox keçməz səbəbi də bilinər .

 

Çambul vilayətinin polis rəisi, general-mayor, haqqında ağır maddələrlə cinayət işi qaldırılmış Jambıl Süleymenov xidməti silahla özünü güllələyib. Dünən səhər saatlarında Nursultan şəhərində Milli Təhlükəsizlik Komitəsinin polkovniki Azamat İbrayevin cəsədi tapılıb. Onun bədənində hündürlükdən yıxılan adamlara xas izlər olub. Nəhayət, Almatı şəhəri Turksib rayonunun polis rəisinin müavini öz xidməti kabinetində ilkin rəyə görə ürək çatışmazlığından vəfat edib. Bu ölümlərin dəqiq səbəbi hələ bilinməsə də ard-arda düzdüyümüz məlumatlardan belə qənaətə gəlmək olar ki, onların öz canlarına qıymasının kökündə heç də ictimai maraq dayanmır.

 

Rusiyanın Qazaxıstana qoşun yeritməsini haqlı olaraq 1990-cı ilin 20 Yanvar hadisələrinə bənzədirlər. O vaxt da bu ordu guya hansısa mifik terrorçuları zərərsizləşdirmək və Azərbaycan xalqını onların caynağından xilas eləmək üçün Bakıya girmiş, heç bir terror təşkilatının bacarmayacağı şəkildə şəhərin altını üstünə çevirmişdi. Yarıkefli, yarınəşəli əsgərlərin kortəbii şəkildə hara gəldi tolazladıqları güllələr insanları hətta öz mənzillərində “tapmışdı”. İnsafən, o çətin günlərdə Moskvanın birbaşa tabeliyində olan Azərbaycanın kommunist rəhbərliyi özünü Qazaxıstanın indiki müstəqil başçılarından qat-qat ləyaqətli aparmışdı. Ümidin də öldüyü bir vaxtda ölkənin partiya elitasında sanki anidən bir katarsis yaşandı ki, bunun da ən möhtəşəm nümunəsi mərhum Elmira xanım Qafarovanın ürəklərə işıq salan həmin o möhtəşəm bəyanatı oldu.

 

Qazaxıstanın bugünkü “Nur Otan” (“Vətən nuru”) partiyasının rəhbərliyisə indinin özündə, yəni müstəqilliklərinin 30-cu ilində də öz kölə keçmişlərindən ayrıla bilmirlər. İğtişaşlar vaxtı Almatının küçələrində 20 min(!) terrorçunun olması, artıq 8 minə yaxın adamın həbs edilməsi haqqında verilmiş rəsmi məlumata baxmayaraq, hələlik Qırğısıstanın bədbəxt bir cazmenindən başqa nə bir terrorçunun adını oxuyan, nə də şəklini görən olub. Həbsdəki 8 min adamın arasından bir terrorçu çıxmadığına görə başqa yalana əl atdılar, xəstəxanadakı yaralıların bir-birləriylə ərəbcə danışması barədə dövriyəyə feyk informasiyalar buraxdılar. Ancaq unutdular ki, artıq bayırda XXI əsrdi və daha orda görüntüsüz informasiyaya inanan bir kimsə qalmayıb.

 

Hadisələrdən 10 gündən çox vaxt keçməsinə baxmayaraq bugünkü Qazaxıstanın həm müsbət, həm də mənfi mənada memarı olan Nursultan Nazarbayevdən hələ də heç bir xəbər-ətər olmaması xeyli suallar yaradır və dedi-qodulara yol açır. Kütləvi aksiyaların ilk günlərində onun artıq xaricə getdiyi və ya qaçdığı barədə informasiyalar elə bir intensivliklə yayılırdı ki, elbaşının artıq el-obasını atıb qaçması heç kimdə şübhə doğurmurdu. Mübahisə, sadəcə, onun hansı ölkəyə pənah aparması üstündə gedirdi. Daha çox Birləşmiş Ərəb Əmirliklərinin, Çinin və Rusiyanın adı çəkilsə də, yenə də əlahəzrət görüntünün yoxluğu nəinki şayiələrin qarşısını ala bilmir,əksinə onu daha da alovlandırırdı. Elə ona görə də artıq son bir neçə gündü ki, əsas dartışmalar onun harda yox, hansı dünyada olması ətrafında cərəyan edir.

 

Nazarbayev postsovet dövrünün tipik diktatorlarından biri olsa da onun Qazaxıstan qarşısında heç vaxt unudulmayacaq bir neçə əvəzedilməz xidməti var. Tayfa-qəbilə şüurunun hökmran olduğu Böyük, Orta və Kiçik juz adlanan üç tarixi-sosial zümrənin təmsilçilərindən ibarət olan bu nəhəng ölkənin əhalisi arasında siyasi-iqtisadi konsensusa nail olmaq, hətta möhkəm əl və təbii sərvətlər hesabına olsa belə sabit və nisbətən inkişaf etmiş bir ölkə yaratmaq o qədər də asan məsələ deyildi (Bundan əvvəl ölkədə mövcud olmuş Sovet rejiminin daha çox rus amili üzərində qərar tutması nəinki juzlarası münasibətlərdəki gərginliyi tənzimləyir, hətta onları bir-biriylə daha da yaxınlaşdırırdı). Nazarbayev bunu bacardı.

 

Qısa müddət ərzində müasir və möhtəşəm paytaxt şəhərinin salınması onun öz ölkəsi və xalqı qarşısındakı daha bir əvəzedilməz xidmətiydi. Bu təkcə uğurla həyata keçirilmiş sıradan bir tikinti layihəsi və yaxud böyük mədəni hadisə deyildi, ustalıqla düşünülmüş və gerçəkləşdirilmiş, hətta Rusiya dövlətinin mövcud olduğu bütün dövrlərdə onun başında durmuş ən demokratik rəhbər olan B.Yeltsinin təpkilərinə tuş gəlmiş siyasi-demoqrafik progeydi. Şəhərin tikilməsinə daxildə də müqavimət var idi, bir çox opponentləri hədsiz xərc tələb edən layihəni yanlış hesab edirdi, gələcəyi qaranlıq görünən avantüra sayırdı. Ancaq həyat göstərdi ki, bu avantüra deyildi, heç səhv də deyildi. Səhv istefaya gedəndən, hakimiyyəti yarımçıq halda Tokayevə təhvil veriləndən sonra həmin şəhərin adının dəyişdirilib “Nursultan” qoyulmasındaydı. Bu çox ucuz və əttökən addım idi, şəxsiyyətə pərəstişin düşük nümunəsiydi, ən başlıcası, “Astana” kimi səlis, rahat, həm də bütün dillərə yatımlı uğurlu bir ada naşıcasna qıymaq demək idi.

 

Nazarbayevin təxminən üç il əvvəl hakimiyyəti könüllü şəkildə Kasım-Jomart Tokayevə ötürməklə bağlı atdığı addım təkcə Qazağıstanda yox, az qala bütün dünyada sensasiya yaratdı. Çünki belə addım diktatorlar cameəsinin, xüsusilə onun müsəlman “seqment”inin ənənələrinə və kurallarına ziddir. Sonradan məlum oldu ki,söhbət hakimiyyəti ötürməkdən çox, hakimiyyəti ötürmək görüntüsü yaratmaqdan gedir. Birinci ona görə ki, hakimiyyət üzüyola və ambisaysız bir tərəfdarına (oxu:əlaltısına) ötürülür, ikincisisə bir çox strateji postlar və maliyyə institutları özünün, qızının və özünə sadiq adamların əlində qalır.

 

Bu gün Qazaxıstanda baş verənlər bir daha sübut etdi ki, hakimiyyətin ağrısız transferi adıyla onun süni yolla kiməsə ötürülməsi barədə son dövrlərdə bir çox siyasi dairələrdə geniş yayılmış qənaətlər heç də doğru deyil və bu cür siyasi varisliyin fəsadları bəzən rəngli-rəngsiz inqilablardan daha ağır olur. Üstəlik, dünyada ambisiyasız adam da yoxdu, sadəcə, ambisiyalarını gizlətməyi bacaran daha bic və ağıllı adamlar var. Tokayev prezident kürsüsündə marionetka kimi oturmağa vur-tut üç il duruş gətirə bildi. İlk fürsət düşən kimi əsl sifətini göstərdi və Moskvanın köməyilə özünün bir nömrəli qəyyumunu və hamisini aşırdı.

 

Ölkənin cənubunda qiymət artımıyla bağlı başlayan etiraz hadisələrinin az qala bir göz qırpımında kütləviləşərək nəzarətdən çıxması rəsmi versiyalarda deyilənlərlə qətiyyən uyğun gəlmir. Artıq belə sürətli siyasi “metazdazda” prezidentin barmağı olması haqqında söz söhbətlər dolaşır. İndiyə kimi bir nəfər də olsa terrorçunun yaxalanmaması və rus qoşunlarının tələm-tələsik ölkəyə çağrılması deyilənlərə sübutdur.

 

Məsələni bu məcraya yönəldən başqa konkret məqamlar da var. Məsələn, tez-tez təkrar olunan bir versiyaya görə silahlı iğtişaşçılar Qazaxıstandakı gizli düşərgələrdə Nazrbayevə yaxın adamlar tərəfindən hakimiyyəti ələ keçirmək üçün hazırlanan terrorçu qruplar olub. Hərçənd, prosesin ən gərgin nöqtəsi olan Almatıdan yayılan görüntülər aksiyaların daha çox antielbaşı xarakterdə olmasını təsdiqləyir. Unutmaq olmaz ki, aksiyalarda ən çox səslənən şüar “Qoca, get!” idi, uçurulan heykəllər qocanın heykəlləriydi, küçələrdən qoparılan lövhələrdə qocanın adı yazılmşdı.

 

Hadisələrin xronologiyası barədə indiyə kimi yayılmış xəbərlərdən çıxan yeganə nəticə budur ki, prosesin belə arzuolunmaz axara düşməsində ən məşum rolu Nur-Sultandakı “Ağorda” sarayının Nazarbayevdən asılılğı həvəslə Putinin köləliyinə dəyişən hazırkı sahibi oynayıb. Yaranmış fürsətdən istifadə edərək xələfinin və onun ölkənin böyük maliyyə resurslarına rəhbərlik edən ailəsinin kölgəsindən birdəfəlik can qurtarmaq üçün hadisələri qəsddən zorakı müstəviyə yönəldib, maksimum üç-beş min nəfərlik etirazçıların qarşısını bilərəkdən almayıb. RuS qoşununu ölkəyə çağırmaq üçün. Təbii ki, özbaşına yox, Putinin məsləhətiylə. Çünki Nazarbayev Putinlə nə qədər yaxın olsa da, öz siyasətində Rusiya faktorunu həmişə bütün incəliyi ilə nəzərə alsa da, onun son vaxtlar türk platformalarındakı nisbi aktivliyi Kreml sahibini qıcıqlandırmaya bilməzdi. İndi o keçmiş Sovet respublikalarını yenidən Rusiyanın tam cənginə keçirmək üçün növbəti səlib yürüşünə çıxıb.

 

P.S. KTMT-nin son toplantısında Lukaşenkonun söylədikləri göstərir ki, hazırda sırada Özbəkistandı. Axı, Lukaşenkonun başı sonuncu dəfə əhlət daşına dəyəndən sonra manevr imkanları birdəfəlik tükəndiyi üçün artıq özünü ələkçinin qıl verəni kimi, bir az mədəni desək, Kremlin sözçüsü kimi aparır.

 

M. Cavadoğlu

TƏQVİM / ARXİV