adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Bizə savad lazımdı, yoxsa tərbiyə? - Faiq Qismətoğlu yazır

FAİQ QİSMƏTOĞLU
723 | 2022-10-10 11:55

Tərbiyə də, savad da, heç kim məni qınamasın, ailədən başlayır. Əgər bir ailə ziyalıdırsa, tərbiyəlidirsə və savadlıdırsa, o mühitdə böyüyən uşaqlar da elə tərbiyəli, savadlı və ağıllı olacaqlar. Yəni insanın böyüdüyü və yaşadığı mühitdən, abı-havadan çox şey asılıdır. Ən azından hər hansı bir adam gözünü açıb o evdə böyük-kiçiyə hörmət, sevgi və kitab görürsə, təbii ki, həmin ailədə yetişən insanlar daha kamil, daha müdrik və daha vətənpərvər olurlar...

Sonradan isə hər hansı bir uşaq bağçada və məktəbdə formalaşır. Bu da ailədən sonra çox böyük önəmli rol oynayır. Başqa sözlə demiş olsaq, bağçada və məktəbdə uşağa düzgün tərbiyə və istiqamət verirlərsə, o da istər-istəməz o işıqlı və o aydın yolla addımlayacaq. Çünki həmin mühitdə hər şey daha sağlam, daha aydın olmalıdır. Bu mənada hər bir insanın həyatda formalaşması, yetişməsi və vətənpərvərlik ruhunda böyüməsi üçün bağçadan və məktəbdən çox şey asılıdır.

Biz elə düşünürük ki, bütün uşaqlar, daha doğrusu, şagirdlər orta məktəbi bitirən kimi hamısı ali məktəbə, yaxud da kolleclərə daxil olmalıdır. Tək biz belə düşünmürük, həm də orta məktəblərin fəaliyyətinə ən çox məzunların ali məktəbə qəbul olunması ilə qiymət verirlər. Burda da bir ədalətsizlik və qeyri-obyektivlik hiss olunur. Bax, hər il  nə qədər abituriyent ali məktəbə qəbul olur və sonra da o təhsil ocağını bitirib diplom alırlar. İnanın, o diplom alanlardan 30 faizi işlə təmin oluna, ya da olunmaya?! Qalan 70 faiz qalır ortalıqda. Yəni onların da işə götürülməsi üçün yüz bəhanə gətirirlər və yüz də tələb qoyurlar. Müəllim işləmək istəyirsənsə, mütləq yenidən imtahan verməli və lazımi balı toplamalısan. Eləcə də dövlət qulluğuna qəbul olmaq üçün çox çətin bir sınaqdan keçməli, imtahandan əlavə müsabiqədən də uğurla çıxmalısan. Bundan da hər adam çıxa bilmir. Yəni müsabiqəni keçmək üçün ya həddən artıq savadlı olmalısan, ya pulun olmalıdı, ya da yekə bir dayın! Bunlar varsa, o mərhələdən gec-tez keçə biləcəksən, yoxsa, çox çətin bir məsələdir.

Orta məktəblərin fəaliyyətinə şagirdlərin ali məktəbə qəbul olunması ilə yox, onların həyata hazırladıqları tərbiyəli, vətənpərvər və ədalətli şagirdlərə görə dəyər verilməlidir. Bəzən görürsən ki, birinin savadı var, şagird yüksək qiymət alır, amma çox tərbiyəsizdir. Çox nadir halda tərbiyəli və savadlı şagirdlərə rast gəlmək mümkündür. Mənim bir dostum var. Səməndər Məmmədov. Düz 50 ilə yaxın pedaqoji təcrübəsi var, 32 il də direktor işləyib. O da deyir ki, mən həmişə şagirdin savadından çox tərbiyəsinə, əxlaqına və vətənpərvərliyinə görə qiymət vermişəm. Bax, əxlaqına və tərbiyəsinə qiymət verdiyim şagirdlərim Vətənin ən ağır günündə silaha sarıldılar, İkinci Qarabağ savaşında iştirak elədilər, torpaqlarımızı azad etmək yolunda ya şəhid oldular, ya qalib oldular, ya da qazi oldular. Bax, belə şagirdlərimiz çoxdur və mən həmişə onlarla fəxr etmişəm.

Səməndər müəllimin sözünə qüvvət olaraq bildiririk ki, bəli, həqiqətən də tərbiyəli və vətənpərvər uşaqlara bizim çox ehtiyacımız var. Bayaq dedim axı, birinin savadı var, lap əlaçıdı. Amma görürsən ki, tərbiyəsi yerində deyil. Ümumiyyətlə, tərbiyəsi yerində olmayan adam həyatda insan kimi mövqe tuta bilməz. Ola bilər ki, mütəxəssis kimi çox istedadlı olsun, amma adamlıqdan payı olmasın!

Biz orta məktəbdə oxuyanda bir fənn vardı, daha doğrusu, əxlaqdan bizə qiymət yazırdılar: «Kafi», «yaxşı» və «əla». Amma çox təəssüf ki, bu gün orta məktəbdə əxlaqdan şagirdlərə qiymət yazılmır. Hətta əxlaqdan «qeyri-kafi» alanlar sinifdə saxlanılırdı. Mənim düşüncəmə görə, bu ənənə yenidən bərpa olunmalı və şagirdlərə orta məktəbdəki davranışına görə əxlaqdan qiymət yazılmalıdır. Yenə deyirəm, bizə savad lazımdır, amma savaddan da çox tərbiyəli, əxlaqlı, mədəniyyəti olan uşaqlara daha çox ehtiyac duyuruq.

Yaponiyada orta məktəblərin 4-cü sinifinə qədər şagirdlər imtahan vermirlər. Ən yaxşı halda onlar testdən keçirlər. 1-ci sinifdən 4-cü sinifə qədər şagirdlərə vətənpərvərlik, əxlaqi dəyərlər, ədalət və insanlara böyük sevgi hissləri aşılanır. Hər bir yapon uşağı ibtidai sinifdən özünü gələcəyə tərbiyəli, ədalətli və vicdanlı şəxsiyyət kimi hazırlayır. Daha doğrusu, müəllimlər onları adını sadaladığımız bu sistem üzrə həyata və gələcəyə yetişdirirlər. Təbii ki, bu mühitdə tərbiyə alan hər bir yapon böyüyəndə daha çox tərbiyəli, vətənpərvər və ədalətli olur. Ümumiyyətlə, uşaqlarımızın cəmiyyətdə formalaşması üçün dünyanın ən müasir modelindən istifadə edilməlidir. Yəni dünyada uşaqların və gənclərin vətənpərvərlik ruhunda yetişməsi üçün ən müasir metodlardan istifadə olunmalıdır. Amma bir şərtlə ki, milli adət-ənənələr unudulmasın!

Yazımızdan belə bir məntiqi nəticəyə gəlmək istəyirik ki, bizim gənclərin savaddan çox tərbiyəyə, vətənpərvərliyə və haqq-ədalət yolu ilə addımlamağına daha çox ehtiyacı var. Çünki savadı və elmi həmişə öyrənmək, mənimsəmək olar. Amma bir adamın, bir uşağın tərbiyəsi pozulsa, çox çətin ki, onu ipə-sapa yatırsınlar və cəmiyyətə xeyirli, vətənpərvər insan kimi hazırlasınlar.

Məhz orta məktəblərdə də bu dediyimiz ideyalar önə çəkilməlidir, yəni şagirdlərin ali məktəbə qəbul olması ilə yox, məktəbin yetişdirdiyi əxlaqlı və vətənpərvər şagirdlərə görə o təhsil ocaqlarına dəyər verilməlidir. Və sonda bütün pedaqoqlara, ziyalılara üzümü tutaraq soruşuram: Bizim şagirdlərə savad lazımdır, yoxsa tərbiyə?!

TƏQVİM / ARXİV