adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

BİR ÖMRÜN TABLOSU… - FAİQ QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
1600 | 2023-11-13 11:56

Millət vəkili, «Şöhrət» ordenli, yazıçı-publisist İmamverdi İsmayılov barəsində çəkilmiş film çox böyük əks-səda yaratdı

…Hər ömür yaddaqalan və mənalı olmur!... O ömür iz qoyur ki, həmin insanlar tək özləri üçün deyil, bu Vətən, bu xalq, bu millət üçün şam kimi ömürlərini əridirlər! Təbii ki, Vətən də, xalq da onların vətənpərvərliyini, böyük sevgisini və ən nəhayət insanlığını heç vaxt unutmur. Böyük Mikayıl Müşfiqin bir bənd şeri yadımıza düşür:

Bu vəfasız ömür, bu coşqun dərə, 
Gərək boş-boşuna axıb keçməsin. 
Bu gözəl cahanı sanıb pəncərə, 
Hər gələn sadəcə baxıb keçməsin. 

…Bax, millət vəkili, «Şöhrət» ordenli, yazıçı-publisist, böyük ziyalı İmamverdi İsmayılov da Allahın verdiyi ömürü çox ləyaqətlə, şərəflə, kişi kimi yaşayıb! Heç kimin yanında gözükölgəli deyil, əksinə həm xalqın, həm də onu sevənlərin arasında həmişə alnıaçıq, üzüağ olub! Allah-təala ona istedadla yanaşı, bir zəhmətkeşlik və halallıq da qismət eləyib. Elə bu halallıq və zəhmətkeşlik də onu uca dağların ən yüksək zirvəsinə qaldırıb… 

…Onun ömür yolu ilə bağlı Azərbaycan Televiziyasının Mədəniyyət Kanalı "Bir ömrün tablosu: İmamverdi İsmayılov" adlı çox unikal və gözəl bir film çəkib. Sözün açığı mən bu filmə baxandan sonra bir daha dostum, tələbə yoldaşım, millət vəkili və yazıçı-publisist İmamverdi İsmayılovun ürəyinin böyüklüyünü gördüm. Gördüm ki, Allah-təala ona boy-buxun verdiyi kimi, böyük ürək də verib! İlahi, bu böyük ürəkdə nələr yoxdu; kədər, dərd, sevinc, millətə, xalqa, Ulu Öndər Heydər Əliyevə və Prezident İlham Əliyevə olan sonsuz məhəbbət! Düşünürəm ki, elə İmamverdi İsmayılovun da ömrünə ömür calayan, onu xalqa sevdirən o məhəbbəti, o böyük ürəyidir. Bu ürəkdə heç vaxt paxıllıq, kin-küdurət olmayıb və ola da bilməz! Ən azından ona görə ki, İmamverdi müəllim zəhmətkeş və halal bir ocaqda dünyaya göz açıb, çox yaxşı bir kişinin və müdrik bir xanımın tərbiyəsini alıb, başqa cür də ola bilməzdi! Bütün bunlar mənim tələbə dostumu hamıya sevdirir və hamı görür ki, İmamverdi İsmayılov yüksək zirvəyə qalxdıqca daha sadə, daha səmimi və daha kövrək olur…

…Elə filmdə də bu məsələlər, bu detallar qırmızı xətt kimi önə çəkilir   və onun bütün xarakteri, xasiyyəti bir daha incəliyinə qədər tamaşaçılara çatdırılır. Filmə diqqətlə baxsanız, görərsiniz ki, onun bir ömrünün tablosu çox ustalıqla, peşəkarlıqla və incəliklə lentə alınıb. Burada artıq heç bir boyalardan, heç bir rəngdən və heç bir sözdən istifadə edilməyib. Hər şey elə çəkilib və verilib ki, bu İmamverdi müəllimin öz dünyasıdır. Bu dünya göy üzünə bənzəiyr və göy üzü təmiz olduğu kimi, onun da ürəyi və qəlbi elə təmizdir. 

Filmdə İmamverdi İsmayılovun qardaşı Allahverdi İsmayılovun, orta məktəb müəllimi Telman Məmmədovun, millət vəkili Musa Quliyevin,professor Cahangir Məmmədlinin sinif yoldaşı Ənvər Məmmədovun, eləcə də bu sətirlərin müəllifinin ürək sözləri tamaşaçılara çatdırılır və tamaşaçılar bir daha İmamverdi müəllimin iç dünyasını tanıyır və onu sevir! Tamaşaçı görür ki, İmamverdi İsmayılov ancaq haqqa, ədalətə, böyük Allah sevgisinə sığınıb və böyük Allah sevgisi də onu həmişə ən çətin anlardan, ən çətin sıxıntılardan xilas eddib, işıqlı yola çıxarar. Və işıqlı yolda İmamverdi müəllim üzü Günəşə, üzü Vətənə, üzü Haqqa doğru gedir…

…Filmin bütün epizodları təsirli və maraqlıdır. Başqa cür də ola bilməz! Yaradıcı kollektiv bu filmin üzərində uzun müddət əziyyət çəkib, tər töküb. Hər çəkilişdə, hər anda həyəcanlı anlar yaşayıblar onlar. Şəxsən mən bu filmə baxanda orda çox şey gördüm: orada ömrün ağır anlarını, kədərini, dağıdılmış ata qəbrini gördüm və İmamverdi İsmayılovun içinə axan göz yaşlarını hiss elədim… Hiss elədim ki, Zəngilana qayıdıb atasının qəbrinin dağılmış halda görməsi İmamverdi müəllimə hansı sarsıntıları yaşadır… Həyətlərinə gəlir, ikimrətəbəli evlərini də görmür. Ancaq evin pilləkənlərini görür və orada oturur, atalı-analı dünyasını xatırlayır… Bax, həmin anda onun ürəyi sakitləşir… Şükranlıq eləyir ki, nə yaxşı yurda qayıdıb… Nə yaxşı ki, ayağı ata yurduna dəyib və nə yaxşı buranın havasını udur… 

Filmin ssenari müəllifi, istedadlı jurnalist Mintac Elsevər, quruluşçu rejissoru Elnur Məmmədov, operatorları Cavid Əliyev, Seymur Məmmədov, montaj rejissoru Arzum Nuruşzadə, montajçı Əli Məmmədovdur. Bu yaradıcı qrup filmin unikal səviyyədə çəkilməsində və tamaşaçı tərəfindən sevilməsində çox əziyyət çəkiblər. Zarafat deyil ey, adi bir verilişi hazırlamaq üçün böyük bir kollektiv əmək sərf edir. Bax, görün onda belə filmi ərsəyə gətirmək üçün adını və soyadını çəkdiyimiz  bu yaradıcı insanlar hansı yuxusuz gecələr və narahat anlar yaşayıblar!  Hələ mən əsəbi, sstresi, gərginliyi demirəm… Çünki bəzən elə olur ki, çəkiliş zamanı nəsə alınmır və nəsə yerində olmur… Bax, ona həm rejissor, həm də ssenarist hövsələdən çıxır… Təbii ki, burada da həmin anlar olmamış deyil. Amma əsas məsələ odur ki, sonda çox gözəl və heç bir filmə bənzəməyən İmamverdi İsmayılovun portretini yaradan qeyri-adi bir film ortaya qoyulub. Buna görə yaradıcı kollektivə bir qırmızı «5» düşür!… 

İmamverdi müəllimin Ulu Öndər Heydər Əliyevə və Prezident İlham Əliyevə çox böyük sevgisi olub. Heç bir yazıçı-publisistin qələmə ala bilmədiyi gözəl yazıları bu dahi şəxsiyyətlər barəsində İmamverdi ismayılov yazmağı bacarıb! Onun Cənab Prezident İlham Əliyevlə bağlı, «Azərbaycan» və «Ədalət» qəzetlərində dərc olunmuş «Şah Və… Mat» iki hissəli unikal yazısı böyük oxucu kütləsi tərəfindən çox sevinclə qarşılanıb. Bu yazı Azərbaycan mətbuatı tarixinə mən deyərdim ki, dil, üslub, düşüncə və fikir orjinallığı ilə qızıl hərflərlə yazılıb. Bir sözlə, düşünürük ki, «Bir ömrün tablosu…» sənədli filmi İmamverdi İsmayılovu bu xalqa bir daha yenidən tanıtırdı və yenidən sevdirdi. Həm də onu bu film ən uca zirvəyə yüksəltdi!... Xalqı sevənlərin millətə, Vətənə xidmət edənlərin yeri həmişə zirvələr olub… Həmişə zirvələrdə olasan, İmamverdi İsmayılov!...                            


 

TƏQVİM / ARXİV