adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Bəxtiyar SADIQOV: Hər bir əsgər balamdı, hər bir şəhid yaramdı...

BƏXTİYAR SADIQOV
193518 | 2017-07-26 12:53

Övlad Allahın verdiyi paydır!

Oğul da, qız da valideyn üçün eyni dərəcədə əzizdir!
Qız evin "qonağı” sayılır və nə vaxtsa köçüb gedərək başqa ocağı qalayır.
Oğlana isə "düşmən çəpəri” deyilir, çünki həm də vətənin müdafiəçisidir!
Hər bir oğlan və qız təkcə valideynlərinin deyil, həm də Vətənin övladıdır!

Təkcə valideynlərinə deyil, Vətənə də "sevgi telləri” ilə bağlıdırlar!
Şair Abbas Səhhət demiş:

Vətən - əcdadımızın mədfənidir!
Vətən - övladımızın məskənidir!
Vətəni sevməyən insan olmaz,
Olsa da, ol şəxsdə vicdan olmaz!

Elə ki, hər ailənin oğul övladı Vətən qarşısındakı borcunu ödəmək üçün hərbi xidmətə gedərək əyninə əsgər paltarı geyinir, olur Vətən övladı!
Bir atanın oğlu bir anda "çevrilərək” olur hamının balası!
Əsgər balası!
Hamı ona güvənir, hamı onu sevir, onunla fəxr edir!
Orduda xidmət etdiyi müddətdə kişilik məktəbi keçir, cəsarət, qorxmazlıq və qəhrəmanlıq imtahanı verir!
Çox fəxrdir ki, Azərbaycan əsgəri belə imtahanlardan həmişə alnıaçıq, üzüağ çıxır!
***
Şəhid olanlar da Vətən qarşısındakı borcunu şərəflə vermiş sayılırlar!
Dünyada ən qiymətli "sərvətləri” olan gənc ömürlərini Vətənə fəda etdiklərinə görə şöhrət və qəhrəmanlıq zirvəsinə - şəhidlik məqamına yüksələnlər həm də əbədiyaşarlıq hüququ qazanırlar!
Amma şəhidliyin acısı da var!
Hər oğul bir evin çırağı, dirəyi sayılır!
Vətənin çırağını yandıranların öz çıraqları sönür...
Valideyn üçün ən böyük təsəlli isə o olur ki, övladı Vətən yolunda qəhrəmanlıqla həlak olur!
Vətən belələrinə təsəlli olur, başsağlığı verir, üçrəngli bayrağı övladının şücaət rəmzi kimi ailəyə ərməğan edir!
Hər şəhid həm də Vətənə vurulan qanlı yaradır!
Bu yaralar Vətəni zəiflətmir, əksinə, daha güclü, daha əzəmətli, qürurlu və vüqarlı edir!
Vətən heç zaman şəhid balasının qanını yerdə qoymur!
Hər işin öz zamanı var!
Xalqımız həmişə xoş niyyətlə gələnlərə isti yuva, ölüm gətirənlərə isə ölüm verib!
Cəzanın gecikməyi isə onun şiddətindən xəbər verir!
Çünki ulularımız da deyib ki, "gec olar, güc olar!”
Artıq tunelin sonunda işıq görünməkdədir.
Bu ümid işığını isə aprel zəfəri, aprel müharibəsi qəhrəmanları və şəhidləri yandırıb!


***
"Bütövü kəsmə, paraya dəymə - doğra doyunca ye!”
Müdrik babalarımızın bu məsələdə söylədikləri vəziyyət yaranıb! Bir baxın, beynəlxalq qurum və təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri nə söyləyirlər: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll edilə bilər!”, "münaqişənin hərbi yolla həlli variantı yoxdur!”
Hərbi variantı istisna edənlər, "sülh variantı”nı işə sala bilmirlər!
Çünki:

* Ermənistanın işğalçı olduğunu bir dəfə belə dilə gətirmirlər;
* Ermənistan ordusunun Azərbaycan ərazisində nə etdiyini soruşmurlar;
* "Təmas xəttindəki gərginlik aradan qaldırılmalıdır” - desələr də, gərginliyin səbəb yox, nəticə olması barədə susurlar;
* Ermənistanın bütün şıltaqlıqlarına dözərək onun kriminal prezidenti Serj Sarkisyanı danışıqlar masasına gətirmirlər;
* Səmərəsiz səfərlər və nəticəsiz danışıqlarla əslində, ATƏT-in Minsk qrupu yalnız status-kvonun qorunmasına xidmət edir;
* Tərəfləri sülhə çağıranlar Ermənistana təmənnasız silah-sursat (Rusiya), maliyyə yardımı və hərbdə gərək olan nəzarət-müşahidə sistemi (ABŞ) verir, digəri isə özünə "kiçik bacı” seçərək (Fransa) himayəsinə alır.

ATƏT-in yarandığı gündən indiyədək olan fəaliyyəti yalnız vəziyyətin donmuş halda saxlanmasına, Ermənistanın mövqelərinin qorunmasına xidmət edib!
Lakin bu taktikanı seçənlər bir mühüm məsələni diqqətdən qaçırıblar:
Zaman dayanmadan irəli gedir!
Zamanın gərdişi isə Azərbaycanın xeyrinədir! Çünki Azərbaycan doğru və uzaqgörən siyasət yürüdür!
Qarabağ müharibəsinin birinci mərhələsinin qalibi olan Ermənistan bu gün acınacaqlı durumdadır!
Azərbaycan hərbi, siyasi, iqtisadi, diplomatik və mənəvi-psixoloji cəhətdən onu dəfələrlə üstələyir.
"Sülh” deyənlər ədalətli sülhü təmin edə bilmədiklərinə (yaxud istəmədiklərinə) görə əslində, problemin müharibə variantı ilə həllini yetişdirirlər!
Dördgünlük aprel müharibəsində Azərbaycan münaqişəni hərb yolu ilə çözməyə qadir olduğunu da nümayiş etdirdi!
Buna baxmayaraq sülh variantına üstünlük veririk!
Çünki hər bir əsgər bizim üçün son dərəcə əziz və qiymətlidir!
Çünki heç bir Vətən övladının işıqlı dünyanı vaxtsız tərk etməsini istəmirik!
Onsuz da bizə olan-olub, cənnət Qarabağımız xarabalığa çevrilib!
ODUR Kİ:
BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinin icra olunacağını hələ də gözləyirik...
ATƏT-in Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini nə vaxtsa sülh yolu ilə həll edəcəyinə hələ də ümidimizi üzmürük...
Beynəlxalq qurum və təşkilatların, ATƏT-in həmsədr dövlətlərinin ikili standartlardan əl çəkərək ədalətli mövqe tutacaqlarına inamımızı itirmirik...
Amma vaxt uzandıqca vətənsizlikdən və ehtiyacdan əziyyət çəkən insanların əzabının da artdığını, şəhidlərin sayının çoxaldığını yaddan çıxarmırıq!
***
Bu gün Azərbaycanın saysız-hesabsız əsgər balası var!
Bu gün Azərbaycanın 20 mindən çox şəhid yarası var!
Hər ikisi hamı üçün əzizdir!
Dirilərin özləri, şəhid gedənlərin isə ruhları və adları!
Şəhidlərin beş mindən çoxu Ağdamın payına düşüb!
Ağdamda daha çox Vətən övladı şəhid gedib!
Ancaq onların bir qismi ağdamlı olmayıb, vətənin dar günündə köməyə gələn Azərbaycan övladı olub!
Şəhidlər həm də respublikanın coğrafiyasını göstərirlər!
Şəhidlər həm də ölkədə yaşayan digər millətlərin Azərbaycana sevgisindən xəbər verirlər!
Qarabağ xalqı daha sıx birləşdirən müqəddəs rəmzə çevrilib!
Qarabağ ölkənin müstəqillik və suverenlik istəyinin sınağına çevrilib!
Qarabağ övladın öz vətəninə bəslədiyi məhəbbətin təcəssümünə çevrilib!
Vətən öz övladlarına arxalanaraq köməyi ilk növbədə onlardan gözləyir!
Onları sevir, onlara güvənir, onlara inanır!
***
Ümid sənədir, əsgər balam!
Bilirəm, heç nədən qorxmursan!
Hətta ölümdən də!
Sən hamıdan güclüsən, çünki öz torpağındasan və öz torpağın uğrunda vuruşursan!
Bir qədər də səbir et!
Bil, qələbə səninlədir!
Sən həmişə mənimləsən, şəhid balam!
Sənin sinələrə vurduğun yaralar heç zaman sağalmayacaq!
Belə yaralar qaysaq da bağlamır!
Onlar yalnız üzərinə Vətən torpağı məlhəm kimi çəkiləndə sağalır!
İşğal altındakı Vətən torpağı!
***
Darıxma, şəhid balam!
Görürəm ruhun çox narahatdır!
Sənin əsgər qardaşın qisasını da alacaq, uğrunda şəhid getdiyin Vətən torpağını da əsirlikdən qurtaracaq!
Döz!
Səbir elə!
Onu da bil ki, dirilərə də çətindir!
Səbir sonsuz deyil!
Ümid arta-arta gedir, azala-azala yox!
Çünki gücümüz və qüdrətimiz də artır!
Darıxma, əsir torpaq, görüşümüzə az qalıb!
Lap az...


23 İyul 2017 "Azərbaycan" qəzeti

TƏQVİM / ARXİV