adalet.az header logo
  • Bakı -°C

Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq

64 | 2026-09-14 17:30
A- A+

Beynəlxalq Avtomobil Federasiyası Bakıdakı "Formula 2" turnirinin iki sıralanma sessiyası və iki əsas yarışdan ibarət genişləndirilmiş həftəsonu formatını təsdiqləyib.

Bu barədə Adalet.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

"Formula 1" üzrə Azərbaycan Qran-prisi Azərbaycanın 27 sentyabrda qeyd olunan Anım Günü ilə üst-üstə düşməsin deyə daha əvvəl bazar günündən şənbə gününə keçirilib və bütün həftəsonu proqramı bir gün irəli çəkilib.

İndi isə F2-nin 12-ci mərhələsi də bu dəyişikliyə uyğunlaşdırılacaq və kifayət qədər genişləndirilmiş formatda keçiriləcək.

Bu, "Formula 2"də cari mövsümdə bir həftəsonunda birdən çox əsas yarışın keçiriləcəyi yeganə mərhələ olacaq.

Azərbaycan Qran-prisinin yeganə dəstək seriyası kimi çıxış edən F2 pilotları cümə axşamı səhər 45 dəqiqəlik sərbəst məşq sessiyasına çıxacaqlar. Bunun ardınca cümə axşamı günortadan sonra ardıcıl olaraq iki 20 dəqiqəlik sıralanma sessiyası keçiriləcək.

Sprint yarışı və ilk əsas yarış cümə günü, ikinci əsas yarış isə şənbə günü səhər "Formula 1" yarışından əvvəl baş tutacaq.

Çempionatın lideri Nikola Tsolov Bakıya Rafael Kamaradan 7 xal öndə gəlir. Qabriele Mini isə Kamaranın 17 xal gerisində üçüncü pillədə qərarlaşıb.

İki əsas yarışın hər birində qələbəyə görə 25 xal verilməsi ilə yanaşı, ən sürətli dövrə xalları və hər iki sıralanma sessiyasında poul mövqeyinə görə veriləcək xallar da nəzərə alınacaq. Bu səbəbdən genişləndirilmiş həftəsonu formatı çempionat mübarizəsində həlledici rol oynaya bilər.

"Formula 2"nin baş direktoru Bruno Mişel yarışla bağlı təəssüratlarını bölüşüb:

"Formula 2" "Formula 1" üzrə Azərbaycan Qran-prisinin yeganə dəstək seriyası olduğu üçün təşkilatçılarla birlikdə bir sərbəst məşq, iki sıralanma sessiyası, bir sprint yarışı və iki əsas yarışdan ibarət genişləndirilmiş F2 həftəsonu keçirmək qərarına gəldik. Proqramın əlavə sessiyalara imkan verdiyi yeganə həftəsonu məhz buradır. Bu da yarışa gələn tamaşaçılar və bütün azarkeşlərimiz üçün əyləncə səviyyəsini daha da artıracaq. Bakı Şəhər Halqası hər zaman bizə möhtəşəm yarışlar təqdim edir. Buna görə də mövsümün 12-ci mərhələsini kifayət qədər unikal etməkdən böyük məmnunluq duyuruq".

B.Mişel mövsümün Qətər və Əbu-Dabidə keçiriləcək son iki mərhələsində isə standart formata qayıdılacağını təsdiqləyib. Bu yarışlarda bir sıralanma sessiyası, bir sprint yarışı və bir əsas yarış keçiriləcək.

Lakin bu iki mərhələnin keçirilib-keçirilməyəcəyi ilə bağlı hələ də ciddi qeyri-müəyyənlik var.

Xatırladaq ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.

  • Sentyabr:
  • 4
  • 11

TƏQVİM / ARXİV