
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Bakı Xoreoqrafiya Akademiyasının müəllimləri: Əməkdar artist Sabina Qasımova və Əməkdar mədəniyyət işçisi Mayra Almaszadənin möhtəşəm yubiley konserti keçirilib.
Yubiley tədbirində BXA-nın rəhbərliyi, müəllim-tələbə-şagird heyəti, mədəniyyət və incəsənət xadimləri, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbir ərzində akademiyanın tələbələrinin, şagirdlərinin, Azərbaycan Dövlət Rəqs Ansamblının, F. Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında "Bayram süitası", "Bulaq başında", "Şələqoy", "Yallı", "İlk Bahar", "Qaval", "Tablak" tacik rəqsi və s. rəngarəng rəqs nömrələri, klassik və müasir xoreoqrafiya nümunələri təqdim olunub.
Həmçinin Bakı Xoreoqrafiya Akademiyasının şagird və tələbələrinin təqdimatında Əfrasiyab Bədəlbəylinin "Qız Qalası" II pərdəli balet tamaşası da nümayiş edilib.
Yubiley konsertinin sonunda isə yubilyar müəllimlər Azərbaycan xoreoqrafiya sənətinə verdikləri töhfələrə görə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən Fəxri Fərmanla təltif olunublar.
Qeyd edək ki, konsertin bədii rəhbəri BXA-nın Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini icra edən, Əməkdar artist Nailə Məmməd-zadədir.