Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının nəzdində fəaliyyət göstərən “Sossfera” Sosial İnkişaf Klubunun təşəbbüsü və təşkilatçılığı ilə “Xankəndi Sosial İş Qış Məktəbi” fəaliyyətə başlayıb. Xankəndi şəhərində təşkil olunan qış məktəbində Azərbaycan Universitetindən 22, Qarabağ Universitetindən 30 tələbə olmaqla ümumilikdə 52 tələbə, Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının müəllimləri Ayxan Şahbazsoy, Mariya Davidova, Sara Ağayeva və Sosial iş üzrə mütəxəssis Emin Məmmədov iştirak edirlər.
Adalet.az xəbər verir ki, layihənin proqramına Sosial işin aktual mövzuları ilə bağlı təlimlərlə yanaşı, ekskursiyalar, tarixi və mədəni yerlərə ziyarətlər, keçmiş məcburi köçkünlərlə görüşlər də daxil edilib. Dörd gün davam edəcək qış məktəbinin məqsədi tələbələrin sosial iş sahəsində bilik və təcrübələrinin artırılması, iştirakçılar arasında təcrübə paylaşımı və şəbəkələşmənin gücləndirilməsi, tarixi-mədəni məkanların ziyarəti və qeyri-formal təcrübələr ilə sosial işin praktik tətbiq imkanlarının zənginləşdirilməsi, eləcə də keçmiş məcburi köçkünlərlə birbaşa ünsiyyət quraraq onların sosial vəziyyətinin öyrənilməsidir. Sosial iş sahəsinin aktual nəzəri və praktiki aspektlərini əhatə edən təlimlərdə iştirakçılara sosial layihələrin hazırlanması, icrası və monitorinqi üzrə mövzular da tədris olunacaq.
Qış məktəbinin birinci günündə iştirakçılar üçün şəhər turu təşkil olunub, həmçinin onlar Xankəndi şəhərinə köçürülmüş keçmiş məcburi köçkünlərlə görüşüblər. Gün Sosial işin təşkili kafedrasının müəllimi Ayxan Şahbazsoyun “Post-münaqişə dövründə sosial işdə peşəkar dəyərlər və etik prinsiplər” adlı təlimi ilə yekunlaşıb.
“Xankəndi Sosial iş Qış Məktəbi” fəaliyyətini Şuşa, Laçın və Ağdamda davam etdirəcək. Qış məktəbinin son günündə Ağdam rayonunun Quzanlı kəndində yerləşən Sosial Xidmət Mərkəzinə ziyarət planlaşdırılır.


Bakı -°C
