adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

AQİL ABBAS: SONUNCU POST

AQİL ABBAS
1522 | 2022-05-29 10:21

(Kinossenari)

 

… Kadrda Komandirin evi, iki uşaq yerdə, gəbənin üstə oturub oynayır. Komandirin xanımı paltar ütüləyir. Komandirin Anası çay içir. Televiziyada «Xəbərçi». Uşaqlar səs-küy salır:

- Ay uşaq, ə, bir səsinizi kəsin görək nə deyirlər də!

Diktor:

- Axşamınız xeyir! "Xəbərçi"nin on yeddi buraxılışı

efirdədir. Studiyada Rüstəm Əbülfətoğludur. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin verdiyi məlumata görə, cəbhə xəttində sakitlikdi. Atəşkəs pozulmayıb. İndi isə günün baş xəbərləri. Qarabağ qaziləri...

Ana əllərini göyə qaldırır:

- Allah, sənə şükür, bu gün ölüm-itim yoxdu!

… Məkan dəyişir. Dağın zirvəsinə yaxın Post. Zirvədə Azərbaycan bayrağı. Səngər. Çovğun, külək it kimi uluyur. Dizdən yuxarı qar. Əsgərlər səngərdə kürək-kürəyə veriblər, yorğundular.

Komandir radioəlaqə ilə az qala bağırır:

- Mərkəz! Mərkəz! Mən Şahinəm! Mərkəz! Mərkəz! Şahinəm!

Qara:

- Komandir, özünü öldürmə! Görmürsən ratsiya donub?!

Komandir:

- Mərkəz! Mərkəz! Ə, ölmüsüz, cavab verin də! Ay it…

Qara:

- Komandir, söymə! Onlar ölməyib ey, biz ölmüşük!

Dağlaroğlu:

- Komandir! İndi bizi heç Allah da eşitmir! Çığırma, qoy yataq də!

Komandir onlara fikir vermir:

- Mərkəz! Mərkəz! Mərkəz!

Şair:

- Komandir, Dağlaroğlu düz deyir! İndi bizi Allah da eşitmir. Sən Allah, qoy öldüyümüz yerdə ölək!

... Məkan dəyişir. Qərargahın rabitə otağı, rabitəçi əsgər:

- Şahin! Şahin! Mən Mərkəzəm! Mən Mərkəzəm!

Mayor:

- Nə oldu?

- Yoldaş mayor, bütün günü çağırıram, cavab vermirlər. Yəqin ki, ratsiyaları xarab olub.

Mayor:

- Sən çağır. – sonra telefonu götürüb zəng edir; - Yoldaş polkovnik, cavab vermirlər. Yox, yoldaş polkovnik, bu havada heç cür kömək göndərə bilmərik. İki dəfə cəhd elədik, çovğun aman vermədi, əsgərlər yarıyolda qaldılar. Risq edə bilməzdim, qaytardım geri. Lap bir batalyon da göndərsək hamısı bu tufanda yenə yarıyolda qalıb qırılarlar, altından çıxa bilmərik.

Telefondakı səs:

- Mən tufan-mufan bilmirəm. Əsgərlərin yolda qalacağından qorxursansa, özün qalx!

Mayor:

- Qalxaram, yoldaş polkovnik. Mən ölsəm düzələr?!

Telefondakı səs:

- Gərək ki, sənin də oğlun var.

Mayor:

- Bəli, yoldaş polkovnik.

Telefondakı səs:

- Universitetdə oxuyur?

Mayor:

- Xeyr, yoldaş polkovnik. Əsgərdi, vallah, özü də Murovdadı!

Telefondakı səs:

- Elə fikirləş ki, sənin oğlun da onların arasındadı. Anlada bildim.

- Bəli, yoldaş polkovnik.

Telefondakı səs:

- Elə isə indi sənə əmr edirəm, qalx oğluyun və oğlanlarıyın yanına!

- Baş üstə, yoldaş polkovnik!- sonra yenə əsgərə müraciət edir: - Çağır, oğlum, çağır!

 

***

 

... Məkan dəyişir. Səngər, əsgərlər soyuqdan, şaxtadan bom-boz bozarıblar, əlcəklərini çıxarıb əllərini hovururlar. Komandir Şairi öpür, Qaranı dürtmələyir:

- Sizə qurban olum. Kişisiz ey, kişi!

Bayaqdan dillənməyən və avtomatını qucaqlayıb dişi-dişinə dəyərək sitildəyən Bakılı Balası:

- Komandir, belə getsə kişiliyimiz o söz!

... Məkan dəyişir. Erməni postu. Bayraq. Dağın ətəyindədi. Postların arası bir güllə məsafəsi. Ermənicə danışırlar. Tonqalları yanır. Amma onlar da yorğun və düşkün, şaxtadan sitildəyirlər. Tonqalın istisinə qızınmağa çalışırlar.

Əsgərlərdən biri:

- Belə getsə hamımız donacağıq.

Başqa bir əsgər:

- Özlərinin balaları Yerevanın saunalarında kef eləyir, bizim kimi yetim-yesirlər də dağlarda, dərələrdə tülkü kimi qırılırıq. Müharibə bir il olar, iki il olar.

Zabit əsəbiləşir:

- Axmaq-axmaq danışmayın. Biz əsgərik! Əsgərin də borcu vətən yolunda ölməkdi.

Əsgər:

- Vətən uğrunda ölər də, daha türklərin bu dağlarında yox.

Zabit:

- Bu dağlar türklərin deyil, bizimdi.

Əsgər:

- Babalarımızı da bu nağıllar öldürdü, atalarımızı da. İndi də bizi.

Zabit:

- Kəsin səsinizi, küçüklər!

Əsgər:

- Komandir, səsimizi kəs deyirsən, kəsək, amma kömək gəlməsə qırılacağıq, yanacaq da qurtarır.

Zabit:

- Gətirəcəklər. Ratsiya işləməsə də, vəziyyətimizi bilirlər. Siz necə ermənisiz?

 

Əsgər:

- Şaxtaya nə erməni, müsəlman!

Əsgər o biri əsgərdən soruşur:

- Türklərə kömək gəldi?!

- Yox!

Zabit:

- Gələ də bilməz! Heç bizə kömək gələ bilmir. Gör onlar hardadı, ora qalxmaq olar? Qoy donub qırılsınlar it uşaqları. Bu gecə o postu götürəcəyik. Sonra on gün evə, sevgililərinizin yanına.

… Məkan dəyişir. Dərədən ağır-ağır bir yük maşını yuxarı qalxır. Erməni əsgəri sevinclə:

- Komandir, bax, bizimkilər gəlir!

Zabit:

- Dedim kömək gələcək?! Bir az geciksəydilər hamınız vətən xaini olmuşduz. Amma inanmıram bura qalxa bilsinlər. Qalxsalar qəhrəmandırlar! – bu vaxt maşın dayanır; - Gördüz?!

… Məkan dəyişir. Ermənilərin maşını qara batır. Sürücü mühərrikə nə qədər güc versə də, təkərlər boşuna fırlanır, maşın yerindən tərpənmir. Erməni əsgərlər maşını itələyib batdığı yerdən çıxarmağa çalışırlar. Mümkün olmur, yorulurlar.

Erməni serjant (ermənicə):

- Bu maşın posta çıxan deyil. Şey-şüyləri götürün, burdan o yana piyada, marş!

Əsgərlər çantaları maşının banından yendirirlər və qara bata-bata posta dırmaşmağa başlayırlar.

Kadrda ermənilərin tonqalı. Əsgərlər öpüşüb görüşürlər, çantaları boşaltmağa başlayırlar.

… Məkan dəyişir. Bizim əsgərlər ermənilərin tonqalına elə baxırlar, sanki Qarabağ yanır. Qara dişini-dişinə qıcayır, pulemyota tərəf qalxır, heç kim əhəmiyyət vermir. Qara pulemyotu ermənilərin tonqalına tərəf tuşlayır, donmaqda olan əllərini hovurub tətiyi çəkir. Yanan güllələr havada uçuşur. Pulemyotun şaqqıltısı küləyin səsinə qarışır və dağlarda əks-səda verir.

Güllələr hədəfə dəyməsə də, ermənilər özlərini ora-bura atırlar.

... Ermənilər özlərinə gəlib cavab atəşi açırlar.

... Komandir Qaranın üstünə atılır və çəkib onu pulemyotun üstündən götürür:

- Ə, neynirsən itoğlu! Sabah komandirlər bizi minəcək. Hələ ATƏT-i demirəm.

Qara burnunu çəkə-çəkə:

- Sənin Atətiyin də, komandirləriyin də...

Bakılı Balası:

- Dünya dağılmadı ha! İtuşağı atəşkəsi hər gün on dəfə pozur, heç kim onlara gözün üstə qaşın var demir. Qoy bir dəfə də desinlər ki, atəşkəsi biz pozmuşuq.

... Məkan dəyişir. Erməni postu. Atəşin dayandığını görən erməni zabiti:

- Bəsdi, saxlayın! Onsuz da donub ölürlər, bu gecədən çıxmayacaqlar. Sabah bax, o bayrağı qoparıb bu ayaqqabılarımı siləcəm.

Əsgərlərdən biri:

- Komandir, Allah qoysa de!

Komandir:

- Allah qoysa da siləcəm, qoymasa da!

 

***

... Məkan dəyişir. Bizim post. Qaranın sifətində qan qalmayıb. Komandir onun ayaqlarını soyundurur, möhkəm-möhkəm ovxalayır, sonra öz sinəsini açıb Qaranın ayaqlarını sinəsinə sıxıb üstünü örtür. Qara xoşhallanır.

Komandir:

- Dədəm-nənəm sizə qurban, yatmayın! Yatsanız, donub öləcəksiniz. Ana-bacılarımızın xətrinə! - Bayrağı göstərir: - O Bayrağın xətrinə! Yatmayın!

Bakılı Balası:

- Komandir, bəlkə nağıllardakı kimi barmağımızı kəsib duz dolduraq?!

Komandir əsəbi:

- Lazım gəlsə, barmaqlarınızı özüm kəsəcəm, amma qoymayacam yatasınız.

Komandir sonra flyaqasını çıxarır, əvvəlcə Qaraya bir qurtum içirir, sonra verir uşaqlara:

- Bircə qurtum! İkinci qurtum ölümdü!

Hərə bir qurtum içir, sonra flyaqanı Komandirə qaytarırlar. Komandir də içmək istəyir, bir flyaqaya baxır, bir uşaqlara, içmir.

Komandir:

- Bir az da dözün. Çovğun bir az kəsən kimi kömək gələcək.

Görmədiz, ermənilər bizdən nə qədər aşağıda, dərədədilər, amma maşınları çıxa bilmədi, batıb qaldı. Dözün! Kömək gələcək! Mütləq gələcək! Yatsaq, hamımız donnub ölərik, ituşaqları da postu götürərlər.

Dağlaroğlu:

- Komandir, vallah döyüşdə ölsəm heç uf da demərəm! Amma indi partlayıram. Axı mən niyə burda donub ölməliyəm?! Biri var deyələr Dağlaroğlu şəhid oldu, biri də var deyələr donub öldü!

Və qalxır ayağa, səngərdən çıxmaq istəyir:

- Çıxıram gedəm, cəhənnəm olsun hamısı...

Komandir:

- Sən öl, bircə addım atsan səni deşik-deşik edərəm, köpəyoğlu! – və atılır Dağlaroğlunun üstə, çəkib salır səngərə və başlayır yumruqlamağa, üz-gözün qana boyayır. Dağlaroğlu ağlayır.

Komandir onun başını sıxır sinəsinə:

- Ağlama, qurban olum, ağlama! Sən mənim balamsan! Balam! Ata kimi vurdum.

Dağlaroğlu da Komandirin boynunu qucaqlayır, sonra donmaqda olan uşaqlara baxıb deyir:

- Məni bağışlayın, qardaşlar. Hirsimdən oldu. Bir qələtdi elədim. Mən sizi heç düşmən qabağında tək qoyub gedərəm!

Sonra Dağlaroğlu uşaqları bir-bir bağrına basır:

- Bu canım sizə qurbandı.

Komandir yenə bir-bir uşaqlara baxır. Şairin üz-gözünü qarla möhkəm-möhkəm ovur, sonra barmaqlarının ucu ilə təmizləyir:

- Ə, küçük, demirəm yatma?! Yatsan donub öləcəksən! Ə, sən nə cür müsəlmansan, ağzımda bir «Quran»lıq söz danışıram, yenə eşitmirsən. Yatma da, küçük!

Qara:

- Komandir, sabah axşam televizordakı xəbərlərə bu gün baxa bilsəydim, dərdim olmazdı.

Komandir:

- Ə, nə boş-boş danışırsan? Sabah axşamkı xəbərlərə bu gün baxmaq olar? Özü də nəyinə lazım?!

Qara:

- Heç, bilərdim ki, bu gecə donub ölmüşük, ya yox.

Uşaqlar güclə də olsa Qaranın bu sözlərinə gülümsəyirlər.

Komandir də gülümsəyir:

- Darıxma, sabah axşam hamımız bir yerdə televizorun qabağında çay içə-içə baxıb görərik donub ölmüşük, ya yox!

Bu zarafatdan bir az qıvrığı açılan Bakılı Balası burnunu çəkə-çəkə soruşur:

- Komandir, sən canın, o Artist qızın axırı nə oldu ey...

Komandir:

- Deməli, belə. Bir də gördüm telefon özünü cırır. Götürdüm. Gördüm bu. Dedi, axşam bizə gələrsən. Ürəyim düşdü ayaqlarımın altına. Vay dədəm, vay! Məni evə çağırır?. Getdim Axund hamamına. Qəşəng-qəşəng çimdim. Üzümü yaxşı-yaxşı qırxdırdım.

Şair:

- Təkcə üzünü?

Bakılı Balası:

- Ə, tərbiyən olsun.

Komandir:

- Hə, üzümü yaxşı-yaxşı qırxdırdım, çıxdım oturdum bir taksiyə, dedim, qədeş, sür Yasamala. Bazarla üzbəüz, beşmərtəbəli bina var ey, bax orda üç otaqlı lüks evi vardı. O kinodan sonra bir prokuror bağışlamışdı.

Şair:

- Bəs prokurordan qorxmadın?

Komandir:

- E, prokuror qoca kişiydi. Zəngi basdım. Əvvəl-əvvəl qapının deşiyindən baxdı...

Komandir gördü Qaranın gözləri yumulur, dürtmələdi:

- Qara, ay Qara!

Qara hövləndi:

- Atırlar?

Komandir:

- Bir də yatsan təpənə elə bir qapaz salacam, gözlərin düşsün ovcuna!- flyaqanı uzatdı ona:- Ala, bir qurtum al, əvvəlcə ağzını yaxala, sonra iç.

Qara bir qurtum alıb flyaqanı qaytarır.

Şair:

- Komandir, bir qurtum da mənə.

Dağlaroğlu:

- Mənə də bir qurtum.

Komandir onlara vermir:

- Qələt eləməyin, siz hələ dözə bilərsiz.

Bakılı Balası:

- Ə, bir dayanın də. Hə, Komandir, sonra nə oldu ey?

Komandir:

- Qapını açdı. Suyun içində, əynində xalat. Xalatın yuxarı düymələri açıq, məmələri də yarı çöldə. İslanmış saçları şəlalə kimi tökülüb məmələrinin arasına...

Şair:

- O da qırxdırmışdı?

Bakılı Balası:

- Ə, demədim tərbiyən olsun.

Şair:

- Saçlarını deyirəm də, niyə hirslənirsən?

Komandir söhbətini kəsdi. Uşaqların qanı donmuş sir-sifətlərinə baxdı, sonra boynundakı şərfi çıxarıb bir neçə yerə böldü, payladı uşaqlara:

- Alın, ağız-burnunuzu örtün.

Uşaqlar:

- Bəs sən?

Komandir:

-Mən Sibirdə bundan da pis şaxta görmüşəm. Tüpürürdük, havada donurdu.

Uşaqlar şərflə ağız-burunlarını örtdülər.

Bakılı Balası:

- Hə, Komandir, məmələri yarı çöldəydi, saçları da şəlalə kimi tökülmüşdü məmələrinin arasına…

Komandir:

- Hə, məmələri yarı çöldə, saçları da şəlalə kimi tökülüb məmələrinin arasına. Dünya gözəli qız ola, özünüz kinoda görmüsüz də, mənim kimi görməmiş kənd uşağı! Elə dəhlizdə qamarladım ey...

Şair dişləri şaqqıldaya-şaqqıldaya:

- Komandir, mən ölüm, sən ona heç nə eləməmisən.

Komandir:

- Necə qamarladımsa…

… Məkan dəyişir. Xəlvət otaq. Aktrisa hamamdan çıxıb, xalatın bütün düymələri açıq, məmələr çöldə, saçlar tökülüb məmələrinin arasına. Aktrisa Qaranın əlindən tutub gətirir yataq otağına, xalatı çıxarıb atır. Qara qızarır, utana-utana əlini onun döşünə yaxınlaşdırır, dayanır.

Aktrisa:

- Birinci dəfədi?

Qara:

- Hə!

Aktrisa dodaqlarını onun dodaqlarına yapışdırır…

… Məkan dəyişir. Komandir Qaraya bir-iki yüngül şapalaq vurur:

- Ə, demədim yatma?!

Qara gözünü açır,.. səngər… çovğun… deyir:

- Komandir, sən nə namərd adamsan!

Komandir:

- Yatma, yatma! Söy məni, amma yatma! Gördüyünüz yuxu deyil ey, ölümdü! Ölüm! Başa düşürsüz?!

Sonra Qaranın sinəsini açır, ovur və deyir:

- Bax, yatsan nə sabah axşam televizorda xəbərlərə baxa biləcəksən, nə də sağ qaldığını eşidəcəksən.

Bakılı Balası:

- Komandir, sən qoyma uşaqlar dona, mən birtəhər dözəcəm.

... Məkan dəyişir. Komandirin evi. Televiziyada «Uzaq sahillərdə» filmini göstərirlər.

Komandirin xanımı boşqaba yemək çəkir. Anası yun corab toxuyur.

Xanım:

- Ay xala, yorulmadın bu corab toxumaqdan.

Ana:

- Uşağın əsgərlərinə göndərəcəm, bu sonuncudu.

Xanım:

- Ay xala, indi keçmiş zaman deyil, hökumət hər şey verir.

Ana:

- Hökumətin verdiyi başqa, mənim toxuduğum başqa.

Böyük qardaş:

- Nənə, bax, Mixaylo atamıza oxşayır.

Komandirin Anası gülümsəyir:

- Anjelika da ananıza!

Xanım televizoru söndürmək istəyir:

- Yaxşı, Mixaylonun uşaqları, gəlin çörəyinizi yeyin, yatmaq vaxtıdı.

Uşaqlar çığırışır:

- Dəymə, dəymə!

Komandirin Anası:

- Dəymə, qoy uşaqlar atalarına baxsınlar.

 

***

… Məkan dəyişir. Mayor ərzaq anbarında bir əsgərlə müxtəlif ərzaqları stolun üstə yığır.

Əsgər:

- Yoldaş mayor, bu qədər ərzağı xeyirdimi? Siz heç vaxt burdan ərzaq götürməzdiz?!

Mayor:

- Xeyirdi, sabah ad günümdü, qonaqlarım olacaq, bazarlıq etməyə vaxtım olmayıb. Deyəcəm, pulunu maaşımdan tutacaqlar.

Əsgər:

- Yoldaş mayor, mən o mənada demədim.

Mayor gülümsəyir:

- Bilirəm. Sən ordan iki butulka da spirt gətir.

Əsgər gedib iki butulka da spirt gətirir. Mayor stolun üstündəkiləri bir çantaya yığır.

Əsgər:

- Yoldaş mayor, siz gedin, mən bir azdan özüm evinizə gətirərəm.

Mayor:

- Yox, sağ ol, qapıyacan aparsan bəsdi.

Əsgər çantanı götürür və Mayoru hərbi hissənin nəzarət məntəqəsinədək ötürür.

Qapıya çatanda əsgər deyir:

- Yoldaş Mayor, ağırdı, bəlkə evəcən.

Mayor:

- Sağ ol əsgər, sən qayıt çörəyini ye, yemək vaxtıdı.

Mayor çantanı əsgərdən alıb geyir kürəyinə və hərbi hissədən çıxır.

... Məkan dəyişir. Televiziyada xəbərlər proqramı.

- Axşamınız xeyir! "Xəbərçi"nin iyirmi bir buraxılışı efirdədi. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin verdiyi məlumata görə, cəbhə xəttində sakitlikdir.

İndi isə günün əsas xəbər başlıqları. Bəxtiyar Vahabzadə ilə Məmməd Araz aclıq aksiyası keçirən Qarabağ qaziləri ilə görüşüb. ATƏT-in həmsədrləri bu gün Yerevanda olublar, Ermənistanın xarici işlər naziri ilə görüşüblər, sabah Bakıya gələcəklər. Türkiyədə PKK Vanda polis binasını atəşə tutub. İndi isə daha ətraflı…

… Məkan dəyişir. Komandir ermənilərin dərədə batıb qalmış maşınına baxır, bir donmaqda olan uşaqlara baxır, sonra öz-özünə nə isə hesablayır.

Və Komandir qalxır ayağa, üzünü əsgərlərə tutub deyir:

- Uşaqlar, mən gedirəm maşına.

Bakılı Balası:

- Hara?

Komandir:

- Cəhənnəmə!

Dağlaroğlu:

- Bura cəhənnəm deyil ki?!

Bakılı Balası:

- Cəhənnəm olsa, nə dərdimiz vardı, indi qırqazanının içində buğlanırdıq.

Qara:

- Komandir, niyə gedirsən ki?

Komandir:

- Bəlkə əlimə bir şey keçdi. Heç olmasa bir təkər gətirə bilsəm, səhərəcən bəsimizdi.

Şair:

- Vurarlar səni.

Komandir:

- Vura bilməzlər. Siz məni qoruyarsız. Gördünüz ituşağı duyuq düşdü, basın gülləyə.

Qara:

- Bəs ATƏT?!

Komandir:

- ATƏT qələt eləyir!

Şair:

- Getmə, Komandir, səhərədək birtəhər dözərik.

Komandir Şairi öpür:

- Qorxma!

Dağlaroğlu:

- Bəlkə mən gedim.

Komandir:

- Yox. Yerimdə sən qalırsan. İşdi-şayətdi, başıma bir iş gəlsə, siz möhkəm olun. Nə edirsiz-edin yatmayın. Yatmasaz donmayacaqsız. Amma yatıb postu təhvil versəz, sizi o dünyada da olsa tapıb öz əllərimlə güllələyəcəm. – sonra flyaqasın çıxarıb verir Dağlaroğluna; - Ala, amma içməyin, burnunuza çəkin.

Komandir ehtyiatla aşağı yenməyə başlayır…

Şair:

- Gərək buraxmayaydıq.

… Məkan dəyişir. Komandirin Anası titrəyə-titrəyə girir içəri, əlindəki sərnicdən südü bir qaba süzüb qoyur sobanın üstə. Televiziyada «Uzaq sahillərdə». Mixaylo almanları qırır.

Böyük qardaş əlini tapança kimi tutub sevinclə qışqırır:

- Ta! Ta! Ta! Ta!

Komandirin Xanımı balacanı yedirtmək istəyir, uşaq isə gözünü zilləyib televizora.

Komandirin Anası:

- Bala, dünya donub. Qorxuram heyvanlar da dona, ikisindən bir qab süd çıxmadı. Yazıq uşaq indi dağın təpəsində, qar-qiyamət! Köpəyuşağı qoymadılar adam kimi yaşayaq. Ay Allah, sən baisin tifağın dağıt.

Komandirin xanımı:

- Ay xala, indi sənin dediyin o yazıq özünü verib şəhərə, girib bir xanımın qucağında xumarlanır! Sən də başlamısan dağ belə getdi, qiyamət belə gəldi.

Komandirin Anası əllərini qaldırır göyə:

- Ya xudavəndi-kərim olan Allah, sənə qurban olum, gəlin deyən olsun, mən deyən yox!..

… Məkan dəyişir. Komandir qara bata-bata maşına çatır. Ehtyiat təkəri sığallayır. Desant bıçağı ilə təkərin boltunu açmağa çalışır, gücü çatmır. Kabinəyə yaxınlaşır, qapını açır, çaşıb qalır. Bir erməni əsgəri mışıl-mışıl yatır. Əlini atıb onun avtomatını sakitcə götürür, dirəyir sinəsinə, lülə ilə möhkəm sıxır:

- Dur oğraş…

Erməni qımıldanır, amma gözlərini açmır. Komandir avtomatın lüləsi ilə bu dəfə onun sinəsindən vurur:

- Dur, şandığa!

Əsgər gərnəşir, gözlərini ovxalayır və qarşısında Azərbaycan zabitini - Komandiri görəndə gözləri bərələ qalır, heç nə anlamır, qorxudan udqunmağa başlayır. Komandir barmağını dodaqlarına yaxınlaşdırır:

- Suss! Azərbaycanca bilirsən?

Erməni başını həyəcanla və qorxa-qorxa bulayır – yox!

Komandir:

- A pa russki…

Erməni:

- Znayu.

Komandir:

- Mantirovka! Qde mantirovka! Davay!

Erməni kənara çəkilib oturacağı qaldırır və ordan mantirovkanı götürüb Komandirə uzadır.

Komandir mantirovkanı alır və onu çəkib kabinədən düşürür, maşının altındakı ehtiyat təkəri göstərir:

- Davay otkrıvay!

Erməni nə qədər əlləşir təkərin bağlandığı boltu açmağa gücü çatmır, keyimiş əllərini üfürə-üfürə dönüb yazıq-yazıq Komandirə baxır.

Komandir onu kənara itələyir, özü girişir açmağa:

- Ya Allah!

Çətinliklə olsa da birtəhər təkəri aça bilir, sonra erməniyə deyir:

- Ey dığa, veryovka yest?

Erməni:

- Yest.

- Davay prinisi.

Erməni kabinəyə qalxır, oturacağın altından kəndir gətirir.

Komandir:

- Tam çto-nibud yest pokuşat?

Erməni kabinədən çantasını gətirir. Komandir ondan çantanı alıb açır, içində çörək, kolbasa, sala, siqaret...

Komandir hamısını doldurur qoynuna.

- A vodka?

- Vodka net. Vodka tolko dlya komandira.

Komandir onun flyaqasını alıb açır, əvvəl iyləyir, sonra içindəkin tökür yerə, qaytarır erməniyə, bakı göstərir:

- Davay napalnyay.

Erməni bakdan benzin çəkib flyaqanı doldurub verir Komandirə.

Komandir flyaqanı keçirir kəmərinə, sonra mantirovka ilə bakın altındakı boltu açıb benzini boşaldır yerə. Daha sonra kəndirin bir ucunu möhkəm-möhkəm təkərə bağlayır və o biri ucunu verir erməniyə, yuxarını göstərib deyir:

- Taşi!

Erməni kəndirlə təkəri yuxarı çəkir, Komandir də gah çiyni ilə, gah da əlləri ilə təkəri yuxarı itələyir. Qara bata-bata çox çətinliklə üzü yuxarı posta tərəf qalxırlar. Bir azdan hər ikisinin nəfəsi təngiyir, yorulurlar, oturub nəfəslərini dərirlər.

Erməni qorxa-qorxa soruşur:

- Tı menya ubyoş?

Komandir:

- Ne boysya, ya tebya ne ubyu. Yesli xoçeş jit, davay taşi.

Nəfəslərini bir az dərəndən sonra Komandir qalxır və erməniyə də işarə edir ki, qalx. Yenidən yuxarı dırmaşırlar. Hiss olunur ki, erməninin gücü tükənib, arada-bir dizi üstə düşür, sonra yenə qalxır. Və birdən kəndir erməninin donan əlindən çıxır, Komandir nə illah edir təkəri saxlaya bilmir, təkər Komandiri də yıxıb dərə aşağı dığırlanır.

Komandir dərəyə dığırlanan təkərin ardınca elə baxır, elə baxır, sonra yumruğu ilə yeri döyəcləyir. Qalxıb özünü atır erməninin üstə, başlayır döyməyə:

- Sənin ölənləriyinin… - bıçağı çıxarır, dirəyir erməninin boğazına, erməni uşaq kimi ağlayır. Komandir başını bulayır, özünü ələ alır və ermənini yerdən qaldırır:

- Vstavay!

Posta çatırlar. Komandir avtomatın qundağı ilə erməninin kürəyindən vurub salır səngərə:

- Təkəri buraxdı itin doğduğu.

Uşaqlar hamısı təəccüblə erməniyə baxırlar. Erməni yalvarır:

- Klyanus materi, ya ne xotel, sila ne xvatila...

Komandir:

- Maşında yatmışdı, itoğlu!

Şair:

- Komandir, indi bu itoğlun nə edəcəyik?

Komandir:

- Nə bilim nə edəcəyik?! – sonra əsəbi; - Paza keçirdəcəyik. Heç olmasa bunları gətirə bildim.-deyir və qoyun-qoltuğundakı ərzağı çıxarır, beş yerə bölür və paylayır uşaqlara; - Birdən yeməyin. Heç olmasa bir-iki tikə də olsa saxlayın.

Amma uşaqlar onu eşitmirlər, yeməyi az qala gözlərinə təpirlər. Komandir bir öz payına baxır, bir əllərindəkini acgözlüklə yeyən uşaqlara baxır, yazıq-yazıq ona baxan erməniyə baxır, payının yarısını erməniyə uzadır:

- Ala.

Erməni heç nə başa düşmür. Komandir yenə yeməyi erməniyə uzadır:

- Vozmi. Ne boysa. Vozmi ya skazal!

Erməni qorxa-qorxa əlini uzadıb yeməyi alır, o da tez-tələsik yeyir, sanki qorxur tutub əlindən alarlar, sonuncu tikəni udduqdan sonra deyir:

- Spasibo.

… Məkan dəyişir. Anbarda çalışan əsgər üst-başının qarını çırpıb təmizləyir və girir yeməkxanaya. Əsgərlər zarafatlaşa-zarafatlaşa şam edirlər. Əsgər gəlib öz bölümü ilə bir stolun arxasında oturur.

Əsgərlərdən biri:

- Bir az da gec gəlsən, sənin də payını yeyəcəydik.

Əsgər özünə yemək çəkə-çəkə deyir:

- Bizim Mayor ərzaq tədarük edirdi, mən də ona kömək eləyirdim. Bilirsiz, sabah bizim Mayorun ad günüdü? Bəlkə yığışıb bir hədiyyə də biz alaq, yaxşı kişidi.

Əsgərlər təəccüblə bir-birlərinə baxırlar.

Çavuş deyir:

- Nə boş-boş danışırsan,ə? Mayorun ad günü iki-üç həftə bundan əvvəl klubda qeyd olunmadı? Polkovnik də hərbi hissənin adından bir saat da bağışladı.

Əsgər:

- Mən nə bilim ey. Bir çanta ərzaq yığdı, mənə də dedi ki, sabah ad günümdü, qonaqlarım olacaq. Bəlkə qonaqlığı sabah verir?!

Hamı əl saxladı və çavuşa baxdılar.

Çavuş fikirli-fikirli başını yellədi və dedi:

- Yeməyinizi bitirin, sakitcə qalxın. Mən bildim Mayor bir çanta ərzağı nə üçün götürüb. Bayaq qərargahda polkovniklə danışığını eşitdim.

Heç kəs əlini yeməyə uzatmadı. Hamı məsələnin nə yerdə olduğunu anladı və sakitcə qalxıb yeməkxanadan çıxdılar.

Çıxarkən biri çavuşdan soruşur:

- Bəs hissədən necə çıxacağıq?

Çavuş bir az əsəbi:

- Qız dalınca gedəndə necə çıxırdın, elə! – sonra üzünü hamıya tutub deyir; - Möhkəm geyinin, flyaqalarınızı da spirtlə doldurun!

 

***

… Məkan dəyişir. Bizim post. Çovğun davam edir. Uşaqlar bir-birinə sığınıblar. Komandir çıxılmaz vəziyyətdə başını alıb əllərinin arasına. Gecə keçdikcə şaxta bir az da artır.

Qara:

- Komandir.

Komandir başını qaldırır:

- Haycan, Qara!

Qara zarıyır:

- Komandir, ölürəm, qoyma...

Komandir əlacsız-əlacsız bircə qıça da Tanrı işığı görünməyən göyə baxır, uşaqlara baxır, sonra bir siqaret yandırıb verir Qaraya:

- Ala çək, bir az qızışacaqsan.

Qara:

- Mən siqaret çəkə bilmirəm.

- Ala dedim.

Qara siqaretdən bir qurtum alır və başlayır öskürməyə.

Komandir:

- Öskür, öskür, xeyri var. – sonra erməniyə baxır və deyir: - Çıxart buşlatı.

Erməni başa düşmür.

Komandir:

- Snimay buşlat,- deyir və gözləmir, çəkib buşlatı onun

əynindən çıxarır, atır Qaranın üstünə.

- Götür bürün.

Qara:

- Bəs o? Yazıqdı axı.

Komandir:

-Onun yazıq… Götür!

Qara bir az tərəddüd etsə də götürüb bürünür.

Komandir ürək ağrısıyla erməniyə baxır və deyir:

- Axı, sənin burda nə itin azmışdı ki, ay yetim.

Erməni:

- Çto vı skazali!

Komandir əlinin dalı ilə:

- Niçeqo!

 

***

Məkan. Yenə bizim post. Şaxta öz işini görür, vəziyyət daha da ciddiləşirdi. Komandir hiss edirdi ki, uşaqların sabaha sağ çıxması yalnız möcüzə nəticəsində baş verə bilər. Uşaqları donmaqdan xilas etmək üçün yollar axtarırdı, amma tapa bilmirdi. Əlini-əlinin üstə qoyub oturmaq olmazdı. Sibirdəki əsgərlik günlərini yadına salırdı. Yenə bir saman çöpündən yapışdı, bir xeyli uşaqları süzdükdən sonra qalxdı ayağa və dedi:

- Qalxın!

Amma uşaqlar onun sözünə o qədər də əhəmiyyət vermədilər, əvvəl bir-birlərinə, sonra da Komandirə baxdılar.

Komandir:

- Qalxın, dedim sizə!

Uşaqlar yerlərində qımıldandılar, gərnəşdilər, amma yenə qalxmadılar.

Komandir bu dəfə amiranə səslə hayqırdı:

- Bölük! Qalx ayağa!

Amiranə səs onları yerlərindən qalxmağa məcbur elədi, özlərini toparlayıb qalxdılar.

Komandir:

- Bölük! Düzlən!

Uşaqlar elə səngərin içində sıraya düzülməyə başladılar. Komandir titrəyən erməniyə baxdı və nə fikirləşdisə:

- Davay podnimaysya!

Erməni heç nə anlamadı.

Komandir:

- Podnimaysya, ya skazal!

Erməni də qalxdı.

- Vstat stroy.

Komandir uşaqların ona təəccüblə baxdığını görüb:

- Onu da sıranıza alın, yoxsa donacaq, - sonra üzünü tutdu erməniyə:

- Ne slışış? Vstat stroy!

Erməni də sıraya durdu.

Komandir:

- Bölük! Farağat! Önə bax! Yerində addımla marş!

Uşaqlar yavaş-yavaş yerlərində addımlamağa başladılar, erməni də qoşuldu onlara.

Amma bu Komandirin xoşuna gəlmədi. Yenidən əmr elədi:

- Bölük, olmadı! Farağat! Yerində möhkəm addımla marş! Bir! İki! Bir! İki! Bax belə.

Komandir sıranın önündə özü də öz əmrini yerinə yetirirdi:

- Bax belə! Bir! İki! Bir! İki! Bir!..

Şair hamıdan tez yoruldu və istehza ilə dedi:

- Komandir, bəlkə mahnı da oxuyaq?!

Komandir:

- Darıxma! Bir azdan mahnı da olacaq, solosun da sən oxuyacaqsan. Bir! İki! Bir! İki!..

Nəhayət, Komandir gördü ki, uşaqların taqəti qalmayıb əmr elədi:

- Bölük! Farağat! Azad! Otura bilərsiz!

Uşaqlar yenə kürək-kürəyə verdilər. Təklikdə daha çox üşüdüyündən erməni əli ilə işarə elədi ki, olar mən də sizin yanınıza gəlim. Hamı bir-birinə baxdı, Bakılı Balası hamıdan əvvəl dilləndi:

- Dava, idi k nam!

Erməni də gəlib onlara sığındı.

 

***

Məkan dəyişir. Kimsə qara bata-bata bizim posta doğru qalxır, əlində ağ bayraq var. Onu ilk dəfə Dağlaroğlu görür və Komandirə qaraltını göstərib deyir:

- Komandir! Ora bax, kimsə gəlir.

Komandir də, uşaqlar da həmin səmtə boylanır, gələnin əlində ağ bayraq var. Şair əlini avtomata atır, Komandir onu saxlayır:

- Atmayın! Əlində ağ bayraq var. Görək nə istəyir.

Erməni zabiti lap yaxınlaşır və bağırır (azərbaycanca):

- Ara, Komandir! Komandir! Mənəm Lyonik!

Komandir səngərdən çıxır:

- Nədi ə, dığa?

Erməni zabiti:

- Salam, Komandir.

- Tutaq ki, salam! Sözünü de!

Erməni zabiti:

- Necəsən?

Komandir:

- Sözünü de.

Erməni zabiti:

- Komandir, kəsəsi, bilirəm ki, iki-üç gündü yeməyə bir tikə çörəyiniz yoxdu. Tonqalınız da yanmır. Arseni burax nə qədər istəyirsən yemək də verim, tutovka da, yanacaq da.

Komandir:

- Lyonik, xoş getdin! Çörəyimiz də var, arağımız da. Sizin yoxdursa, köhnə qonşuluğa görə verim.

Erməni zabiti:

- Komandir, gop eləmə. Gəl sən Arseni burax. Sən yaxşı oğlansan, heç mən də pis oğlan deyiləm. Bir-birimizi uşaqlıqdan tanıyırıq. O yazıq uşağı burax, mən də dediklərimi verim. Onsuz da acından, şaxtadan öləcəksiniz. O bədbəxt sənin nəyinə lazımdı? Ərzaq verim, yanacaq verim, sizin də analarınız ağlamasın, bizim də. Onsuz da analarımızı ağlar günə qoyublar.

Qara :

- Dəyiş, Komandir.

Şair:

- Dəyiş Komandir, qoy cəhənnəm olub getsin!

Erməni zabiti:

- Görürsən uşaqlar da mən deyəni deyir, gəl daşı ətəyindən tök. Heç olmasa bayaq dediyin kimi, qonşuluq xətrinə. Nə vaxtsa çörək kəsmişik, o çörəyin xətrinə.

Komandir:

- Kəsdiyimiz çörək nə yaxşı yadına düşdü, Lyonik. Bunları bizim evi yandıranda niyə fikirləşmirdin?

Erməni zabiti:

- Komandir, sən uşaq deyilsən. Özün yaxşı bilirsən ki, bu müharibəni hansı qəhbə uşaqları aramıza salıb.

Komandir istehza ilə:

- Lyonik, qəhbə dedin, bacın yadıma düşdü. Özünə ər tapa bildi?

Erməni zabiti özünü onda qoymadı:

- Komandir, indi ər tapılır? Müharibəyə gedən müharibədə öldü, müharibədən qaçan da Rusiyanın bazarlarında çörək pulu qazanır.

Komandir:

- Bəs sən bu dağlarda nə sülənirsən? Niyə gedib çörək pulu qazanmırsan?

Erməni zabiti:

- Komandir, bu sözlər nəyə lazım, gəl əsgər kimi danışaq. Mən də əsgərəm, sən də! Astvaz haqqı, bu müharibə qurtaracaq, siz də qayıdacaqsız Sevana. Yenə xeyirimiz-şərimiz bir olacaq. Burax o yetimi, yazığın atası da Qarabağda ölüb. Burax, qoy o da yaşasın, siz də!

Komandir:

- Onun atası Qarabağda nə … - tir-tir titrəyən erməniyə baxıb sözünün dalını demədi.

Erməni zabiti:

- Komandir, sənin dədən də yaxşı kişi olub, yüz dəfə qabağına yemək qoymuşam, araq süzmüşəm. Gəl bu daşı ətəyindən tök.

Komandir:

- Sənin də dədən yaxşı kişi idi, mən də onun qabağına çox yemək qoymuşam. Özün oğraş çıxdın. Dedim ki, vermirəm!

Erməni zabiti:

- Son sözündü?

Komandir:

- Son sözümdü!

Erməni zabiti:

- Heç vermə, donun ölün! Yerevanda erməni tapırmır?! Olmasın biri!

Komandir:

- Lyonik, sən əsgərini çox istəyirsənsə çıxart buşlatını ver ona, qoy donmasın.

Erməni zabiti əynindəki kürkü çıxarıb atır Komandirin önünə:

- Ala.

Komandir kürkü götürüb atır erməni əsgərinin üstə və deyir:

- Odevay, ə! – sonra üzünü tutur erməni zabitinə; - Lyonik, cəhənnəmdə görüşərik.

Erməni zabiti:

- Ay dəli müsəlman, elə cəhənnəmdəyik də!

Komandir:

- Cəhənnəmdəsənsə onda dədənə məndən salam de.

Erməni zabiti:

- Özün deyərsən!

Və Erməni zabiti gedir.

Şair hirsli-hirsli erməniyə bir təpik vurur:

- Komandir, neyniyirsən bu itoğlunu? Acından ölürük, bunu yeyəcəyik?!

Bakılı Balası:

- Bəlkə yandırıb istisinə qızınacağıq?!

Komandir:

- Sizə qurban olum! Səhərəcən dözün! Səhər bizimkilər

gələcək. Nə qədər istəsəniz yeyib-içəcəksiz. Bu itoğlun

verib əsirlikdəki bir qardaşımızı ala bilərik. İndi bir qarın

yemək bir qardaşdan irəli oldu?!

Bu sözdən sonra uşaqlar sakitləşirlər.

 

***

 

… Məkan dəyişir. Erməni postu. Zabit gəlir. Əsgərlər:

- Nə oldu, komandir?

- Vermədi itoğlu!

- Bəlkə hücum edək?

Erməni zabiti:

- Boş, boş danışmayın, oranı heç bir batalyon əsgərlə də ala bilmərik. Gözləyək, onsuz da səhərəcən donub öləcəklər, gördüm, sifətlərində qan da qalmayıb. Post bizimdi.

Əsgərlər:

- Bəs Arsen?

Erməni zabiti:

- Canı çıxaydı, yatmayaydı.

 

***

… Məkan dəyişir. Dağlar, dərələr, çovğun. Mayor qara bata-bata gedir, kürəyində də çanta. Öz-özünə danışır:

- Gəlirəm, uşaqlar! Gəlirəm! Bərk durun!

***

… Məkan dəyişir. Bizim post. Komandirin əl-ayağı hər yerdən üzülüb, amma özünü tox tutmağa çalışır. Bircə gümanı uşaqları yatmağa qoymamaqdı. Bunun üçün yollar axtarır.

Komandir:

- Qurban olum, səhərə qədər dözün! Səhərə nə qalıb ey?! Analarınızın, bacılarınızın xətrinə dözün...

Amma şaxta artıq uşaqların iliyinə işləyir. O şaxtanı uşaqların iliyindən çıxarmaqda Komandir gücsüzdü.

Bakılı Balası:

- Komandir, elə bil ayaqlarım yoxdu…

Komandir onun ayaqqabılarını çıxarır, corablarını soyundurur, flyaqadan əlinə spirt töküb ayaqlarını möhkəm-möhkəm ovur.

Bakılı Balası:

- Komandir, vallah, heç nə hiss eləmirəm. Amma sənə söz vermişəm, dözəcəm. Məni burax, Qara donur.

Komandir Dağlaroğluna:

- Sən bunun ayaqların bir az da ovub geyindir.

Komandir nə fikirləşirsə avtomatların qundaqlarını sökür, desant bıçağı ilə parçalayır.

Şair:

- Neyləyirsən, Komandir?

Komandir:

- Qoymaram donasız!

Qundaqların parçalarını üst-üstə yığır, erməniyə:

- Davay flyaqa.

Erməni flyaqasını verir. Komandir flyaqadakı benzindən tökür qam-qalağın üstə:

- İndi hamınız ayaqlarınızı soyunun.

Uşaqlar təəccüblə bir-birlərinə baxırlar, sonra ayaqlarını birtəhər soyunmağa başlayırlar.

Komandir erməniyə:

- Tı toje.

Erməni də ayaqların soyunur.

Komandir ocağı yandırır:

- İndi ayaqlarınızı tutun oda.

Özü isə Qaranın ayaqlarını ovur.

Şair:

- Komandir, səndən yaxşı masajist çıxar…

Komandir:

- Qələt eləmə. İndi geynin, qədeş, sən Qaraya kömək elə. – sonra ayaqqabların hamısının ipini çıxarır, dillərini kəsir və atır ocağa.

Komandir ciblərini eşələyir, xeyli məktub çıxır, onları da ocağa atır, yandırmağa heç nə qalmayıb, dönüb Bayrağın dirəyinə baxır, sonra fikrindən dönür. Fikirləşir, sonra qəfildən kürkünü çıxarır və onu da parçalayıb atır ocağa.

Dağlaroğlu:

- Neyləyirsən?

Komandir:

- Özüm ölsəm də, qoymaram donasınız!

… Məkan dəyişir. Erməni postu. Ermənilər də kefdə deyil. Amma yerləri istidi, yeməkləri də var.

Əsgərlər öz aralarında pıçıldaşırlar.

Zabit:

- Yenə öz aranızda nə qırıldadırsız?

Əsgərlərdən biri:

- Komandir, axı Arsen də donacaq.

Zabit:

- Deyirsiz indi nə edim?

- Komandir sənsən, bir şey fikirləş də!

Zabit:

- Görmədiz, mən əlimdən gələni elədim. Getdim o itoğlunun ayağına, yalvardım da, vermədi.

Əsgərlərdən biri:

- Bəs deyirdin bir məktəbdə oxumusuz, qardaş olmusuz?!

Zabit:

- Baş-beynimi aparmayın, nə qardaş?! Qardaş qardaşın qanına susuyar?!

Əsgər:

- Onda hücum edək! Beş-altı nəfərdilər də!

Zabit:

- Dedim ki, gücümüz çatmaz. Əvəllər neçə dəfə hücum eləmişik, bir faydası olmayıb. Hələ gözləyək. Onsuz da donacaqlar. Özü də bir Arsenə görə sizi güllənin qabağına verə bilmərəm.

 

***

… Məkan dəyişir. Bizim post. Ocaq sönüb. Dağlaroğlu qımıldanmır, donmaqdadı. Komandir onu silkələyir:

- Dağlar, ay Dağlar!..

… Məkan dəyişir.

Dağlaroğlu məktəbin həyətində hay-küylə uşaqlarla futbol oynayır. Necə vurursa top hasarı aşıb qonşu həyətə düşür. Dağlaroğlu çıxır hasara.

Həyətdəki qadın:

- Ay bala, bu evdə nə pəncərə qaldı, nə də bu həyətdə ağac. İndii sizin əlinizdən köçüb gedək?! Bəsdirin də! Vermirəm topu!

- Xala, qələt eləmişik, bir də olmayacaq…

- Yox, bitdi! Doğrayacam bu topu.

Dağlaroğlu:

- Xala, sən Allah doğrama. Bu boyda rayonda futbol topu tapılmır. Yalvarırıq. Axı sən yaxşı xalasan!

Qadın:

- Bir də düşsə, doğrayacam!- deyir və topu yenidən atır məktəbin həyətinə.

 

Dağlaroğlu topun ardınca qaçır…

 

***

… Məkan dəyişir. Bizim post. Komandir Dağları buraxır, Şairdən yapışır. Silkələyir, bir az sillələyir, görür bir şey çıxmadı, basır bağrına.

 

***

… Məkan dəyişir. Kənd həyəti, vur-çatlasındı. Qoyun kəsən kim, ocaq qalayan kim. Çay süfrəsi, dostlar süfrənin ətrafında. Hamısı hərbi formadadı.

Şair dostlarını onlara çay süzən anası ilə tanış edir:

- Ana, bu Dağlaroğludu, quşu gözündən vurur. Bu Bakılı Balasıdı, elm dəryasıdı. Bu da bizi ölümdən qurtaran Komandirimizdi, oğlanları da özü kimi əjdahadı. Qara adlı bir qardaşımız da var, indilərdə gələcək.

Ana əlindəki çayniki süfrəyə qoyub Komandiri qucaqlayıb boyun oxşayır:

- Boyuna qurban olum, ay oğul! Uşaq həmin gecə haqqında o qədər danışıb ki! Sən olmasan hamısı donacaqmış, - sonra üzünü tutur Dağlaroğluyla Bakılı Balasına deyir; - Qurban olum boyunuza, xalanız gəlsin toyunuza.

Komandir üzünü tutur Şairə:

- Qardaş, sənin anan şairiymiş ki! Sizin Qazaxda hamı şeir yazır?

- Niyə? Bəs İsmayıl Şıxlı?!

Bir az aralıda ağacdan asılmış qoyun cəmdəyini şaqqalayan Şairin atası da söhbətə qoşulur:

- Ay oğul, qazaxlıların başı şeirə qarışmasaydı, indi dünyanın yiyəsiydilər.

Bakılı Balası:

- Dayı, qoy sənə kömək eləyək.

Şairin atası:

- Yox, ay oğul, sağ olun. Siz çayınızı için. Xoşum gəlir qoyun doğramaqdan. Cavanlıqda uzağı on dəqiqəyə kəsərdim də, doğrayardım da. Hələ sizə bir kabab çəkəcəm ki, barmaqlarınızı yalayacaqsız.

Şair:

- Narahat olmayın, kişi bu işin ustasıdı. Siz durun gedək Kürə, Qara gələnəcən bir az balıq tutaq. Bizimkilər də süfrəni hazırlasınlar. Heç qarmaqla balıq tutmusuz? Balıq ki sudan çıxır ey, əlini atıb çırpınan balıqdan yapışırsan, - çevrilib Komandirə baxır; - elə bil o artist qızın məmələrindən yapışırsan...

Gülüşürlər…

Düşürlər Kürə tərəf. Bir uşaq Komandirin pencəyindən darta-darta yalvarır:

- Əmi, ay əmi, papağını ver də mənə!

Komandir papağını qoyur uşağın başına, uşaq da dərhal ona hərbi salam verir. Komandir də ona hərbi salam verir:

- Ə, kişiqırığı, sən lap generala oxşadın ki!

Tilovları atıblar Kürə. Heç birinin tilovuna balıq düşmür. Bakılı Balasının tilovu vurur. Uşaqlar çığırışır:

- Çək! Çək!

Bakılı Balası tilovu çəkir, tilova xırda bir balıq düşüb, balığı qaytarıb atır çaya:

- Get valideynlərini çağır.

Gülüşürlər.

Şair isə dalbadal balıq tutur, hər dəfə də deyir:

- Gördüz?!

Komandir:

- Şair, niyə bizim qarmaqlara balıq düşmür, səninkinə düşür?

Şair:

- Komandir, bizim Qazax camaatı kimi balıqlarımız da yerlipərəstdi.

Dağlaroğlu:

- Şair, mən ölüm Füzuli necə şairdi?

Şair:

- Heyf Qazaxda doğulmayıb, yoxsa çox böyük şair olardı. Heç olmasa gül kimi Ağstafada doğulsaydı!

Yenə gülüşürlər.

Bakılı Balası:

- Komandir, o gecə sən olmasaydın hamımız qırılmışdıq.

Şair:

- Komandir, sən o ermənini yemək-içməyə dəyişməyəndə, az qalmışdı səni atam. İndi başa düşürəm ki, düz elədin.

Bakılı Balası:

- Komandir, Allah haqqı, sən ki öz tikəni erməni ilə böldün ey, sən bölməsəydin mən böləcəkdim.

Dağlaroğlu:

- Komandir, deyirəm Allah erməninin içindəki nifrətdən bir az bizə niyə verməyib ey?!

Komandir:

- Onda, day biz də azərbaycanlı olmazdıq də, elə onlar kimi bir şey olardıq!

Şair:

- Bu Qara harda qaldı ey, gəlib çıxmadı...

 

***

… Məkan dəyişir. Bizim post. Komandir hələ Şairi silkələyir:

- Şair! Şair!..

Sonra Şairi buraxıb yapışır Bakılı Balasından:

- Qədeş! Qədeş! Dur qədeş! Sənə demədim yatma?!

Bakılı Balasından səs çıxmır. Komandir bütün gücü ilə onu ayıltmağa çalışır.

- Ölmə Qədeş! Ölmə! Bizimkilər gəlir! Odur ey! Eşitmirsən?! Bizim mayordu! Gözünü aç! Ölmə, sənə qurban olum, ölmə! Ölmə qədeş! Odur ey gəldilər!

Nə qədər çalışır, bir şey alınmır, hönkürür. Sonra onu buraxıb başlayır Qaranı sillələməyə, bir, iki, üç...

Qara zarıyır…

Komandir Qaranın başını sıxır sinəsinə. Donmaqda olan erməni də udquna-udquna baxır.

Komandir:

- Ağla! Sənə qurban olum! Ağla! Amma yatma! Bax, gün çıxıb ey! Bax! Bizimkilər gəlir ey!

Erməni də başlayır ağlamağa.

Komandir için-için ağlayan erməniyə baxır. Bir tərəfdən qorxu, bir tərəfdən şaxta, sifətində qan qalmayıb, meyid rəngindədi. Qara yaşda olar, elə Qara kimi də qaraqaş, qaragözdü. Amma gözləri ölü gözləri kimi donub. Komandir onun hələ ölməmişdən qabaq ölmüş gözlərinə baxır, qucağında can verməkdə olan Qaraya baxır, dodağını necə dişləyirsə, dodağından qan şoralanır, amma hiss eləmir...

 

***

… Məkan dəyişir. (Komandirin gözünün qabağına gəlir). Əsir erməni evlərinə qayıdır. Anası, bacısı boynuna sarılır. Bir qız kənardan sevgi ilə ona baxır. Balaca bacısı yüyürüb onun ayaqlarını qucaqlayır. Çəpərdən bir qız oğrun-oğrun ona baxır. Qoca nənəsi xaç çevirir...

 

***

… Məkan dəyişir. Komandir qucağındakı Qaraya baxır, için-için ağlayan erməniyə baxır, donmuş uşaqlara baxır, gözlərini yumub bir az fikrə gedir və nəhayət üzünü erməniyə tutub dillənir:

- Ne plaç, şandığa! Vstavay!

Erməni əlinin dalı ilə burnunu silib yazıq-yazıq Komandirə baxır.

- Vstavay, ya skazal!

Erməni qorxa-qorxa qalxır.

Komandir ermənilərin postunu göstərib deyir:

- İdi k svoim!

Erməni titrəyə-titrəyə:

- Vı çto skazali?

- İdi k svoim. İdi, itoğlu! Jivi sebe!

Erməni:

- Tı menya otpuskayeş?

- İdi də, ya skazal! İdi k mame!

Erməni öz postlarına baxır, Komandirə baxır, yavaş-yavaş səngərdən çıxır, postlarına tərəf getməyə başlayır, dayanır, geri qayıdır.

Komandir:

- Zaçem vernulsya?

Erməni əynindəki kürkü çıxarıb verir Komandirə, sonra onu qucaqlayıb öpür və yenidən səngərdən çıxır.

Komandirin üzündə qəribə bir təbəssüm, gedən erməninin dalınca baxır və mənalı-mənalı başını bulayır, qalxıb kürkü geyinir. Sonra donmuş uşaqlara baxır, nə fikirləşirsə onların kürklərini, ayaqqabılarını çıxarır, yenidən ocaq qalayır. Qaranı çəkir ocağın qırağına. İsti yavaş-yavaş Qaranı özünə gətirir.

Qara:

- Komandir, uşaqlar necədi?

- Hamısı yaxşıdı! Çalış yatma, danış! Nə istəyirsən, danış, təki danış! Səhərə az qalıb, lap az. Ratsiya ilə dedilər ki, çatırıq.

- Ratsiya işləmirdi, axı?

- Bakılı Balası düzəltdi.

Ocaq yavaş-yavaş sönür. Qara Komandirin qucağında.

Komandir:

- Qara, eşidirsən?

Qara çox zəif səslə:

- Eşidirəm.

Komandir:

- Qara, müharibədən sonra səni aparacam Moskvaya, Nataşaları yığacam nömrəyə. Səhərədək hamısının kefin gör. Qara, bir dəfə bir urus qızın apardım saunaya... Sən heç saunada olmusan?..

Qara daha eşitmirdi, son nəfəsini alırdı, Komandir nə qədər silkələyir, görür xeyri yoxdu, bağırır:

- Qoymaram öləsən!

Sonra tapançanı çıxarır və Qaranın qılçına bir güllə vurur.

Qara bağırır.

… Məkan dəyişir. Erməni postu. Arsen sitildəyə-sitildəyə öz postlarına girir. Ermənilər çaşır. Hamısı birdən (ermənicə danışırlar):

- Qaçdın?

Arsen (dili zorla söz tutur, dişləri bir-birinə dəyir):

- Yooox! Ööözləri buuuraxdıılar!

Zabit:

- Nə axmaq-axmaq danışırsan?! Necə yəni buraxdılar?

- Buburaxdılar də! Məəən nə bilim ni-ni-niyə buburaxdılar. Komamandirləri dedi ki, ge-ge-geget yaşa!

Zabit:

- Nə dedi?

- Dededi, ge-ge-get yaşa.

Əsgərlərdən biri:

- Komandir, nə istintaqa çəkmisən? Görmürsən ölür? Qoy bir özünə gəlsin, sonra nə istəyirsən soruşarsan.

Stəkana bir az tut arağı töküb verirlər Arsenə, çəkir

başına, çeçəyir. Onu soyundurub araqla ovurlar. Sonra onu möhkəm-möhkəm geyindirirlər…

 

***

… Məkan dəyişir. Bizim post. Qara zarıyır:

- Komandir, məni vurdular?

Komandir:

- Yenə atdılar, it uşağı!

 

- Uşaqlara da dəydi?

- Yox, bir balaca sənin qılçını yaladı.

- Yaman ağrıyır, Komandir.

- Qorxma, indi sarıyacam.

Bıçaqla Qaranın şalvarını həmin yerdən cırır, qan buğlanır. Komandir buğlanan qanı görüb sevinir. Dəsmalını çıxarıb yandırır və basır yaranın üstə, sonra möhkəm-möhkəm sarıyır.

Qara:

- Komandir, ağrı məni öldürür.

Komandir:

- Sənin o ağrını yeyim!

Qara Komandirin qucağında zarıyır. Komandirin gözlərindən axan yaş yanaqlarında donmaqdadı, nəfəsi kəsilə-kəsilə danışır:

- Qara, səni aparacam Moskvaya…

 

***

… Məkan dəyişir. Göydə ulduzlar sayrışır. Komandir girir həyətə. Alabaş qaçır üstünə. Əvvəl-əvvəl üzünü Komandirin ayaqlarına sürtür. Sonra dal ayaqları üstə qalxır, qabaq ayaqlarını qoyur Komandirin sinəsnə, onun üz-gözünü yalamağa başlayır. Komandir Alabaşı sinəsinə sıxır, başını tumarlayır.

- Darıxmısan məndən ötəri?

Alabaş zingildəyir.

Komandir qalxır eyvana. Hamı yatıb. Girir otağa. Anası həmişəki kimi üzü qibləyə yatıb. Barmaqlarının ucunda yeriyir ki, heç kimi oyatmasın. Körpələr Evin yuxarı başında yerdə yatıblar.

Ehmalca soyunub girir körpələrin yanına, əllərini onların başlarının altına salıb sıxır sinəsinə. Körpələr də əvvəl-əvvəl onu qucaqlayırlar. Komandir onları daha bərk sıxır sinəsinə, uşaqlar ayılırlar və özlərini atalarının qucağında görüb sevinclə qışqırırlar:

- Ata gəldi! Ata gəldi!

Səsə Komandirin xanımı da, Anası da hövlnak yuxudan oyanırlar.

Uşaqlar qışqırışırlar:

- Ata gəldi! Ata gəldi!

Xanım cəld tərpənib işığı yandırır, Ana da təəccüblə uşaqlara baxır, ikisin də qucaqlayır:

- Bismillah! Bismillah! – üzünü tutur Xanıma: - Qorxma! Yuxu görüblər, su gətir.

Uşaqlar atalarını yanlarında görməyib başlayırlar ağlamağa.

Komandir yenə uşaqları sıxır sinəsinə:

- Haycan! Sizə atanız qurban! Burdayam, niyə ağlayırsız?-

sonra anasını qucaqlayır:- Ana, məni görmürsən…

 

***

… Məkan dəyişir. Erməni postu. Arsen özünə gəlib…

Zabit:

- İndi danış görüm necə oldu?

Arsen:

- Bilmirəm, dedim də! Komandirləri dedi get yaşa! Vəssalam.

Zabit:

- Nə boş-boş danışırsan?! O donan ituşaqlarına o qədər şey verirdim, yanacaq verirdim səni buraxsınlar, buraxmadılar. İndi elə-belə, boş-boşuna dedilər get?

- Bir sözü nə qədər deyim, ey! Türkcə sən bilirsən, get özün soruş niyə buraxmısan?!

 

Əsgərlərdən biri istehza ilə:

- Demirdin bir məktəbdə oxumusuz?! Yəqin sənin xətrinə buraxıb.

Zabit:

- Yaxşı, boş-boş danışmayın. Buna yemək verin.

Arsenə yemək verirlər, amma o, əlini yeməyə uzatmır.

Zabit:

- Niyə yemirsən?

Arsen:

- Komandir?

- Nədi?

- Bir söz demək istəyirəm, qorxuram.

- De.

- Qorxuram.

- Dedim ki, de! Qorxma!

- Məni döyməyəcəksən?

- Baxır sözə.

Arsen qorxa-qorxa:

- Komandir, onların yeməyə heç nələri yoxdu. İcazə ver bir az yemək aparım, bir az da spirt.

Zabit:

- Qələt eləmə, çörəyini ye!

Arsen yenə əlini yeməyə uzatmır:

- Komandir, özün verirdin ki!

- Onda sən onların əlindəydin.

- Ver aparım, axı siz nə vaxtsa çörək kəsmisiz! Yalvarıram, Komandir! Allah göydən baxır!

Zabit:

- Allahla işin olmasın. Allah göydən baxsa, hamımız öz xarabamızda - balalarımızın yanında olardıq, bu dağlarda qırılmazdıq.

Amma Arsen yemir, ağlayır.

Zabit:

- Bəlkə sənin anan türklə yatıb?

Əsgərlərdən biri Arsenii qucaqlayır və deyir:

- Lazım deyil, Komandir! Vermirsən vermə, daha təhqir niyə edirsən? Türklər kişilik edib onun həyatını bağışlayıblar, o da borclu qalmaq istəmir.

Zabit:

- Komandirə qarşı çıxırsız?

Əsgərlər:

- Komandir, sənə qarşı çıxmırıq, amma Arseni də başa düşürük.

Zabit bir xeyli susur, bir siqaret yandırır, diqqətlə əsgərlərə, sonra Arsenə baxır. Arsen başını alıb əllərinin arasına.

Zabit:

- Gör türklərə qarşı mən kimlərlə vuruşuram ey?! – üzünü Arsenə tutur; - Yaxşı, zarıma, dur nə istəyirsən apar… Sənin ananı…

 

***

… Məkan dəyişir. Mayor, kürəyində ərzaq dolu çanta dağa dırmaşır. Nəsə hiss edib geri çevrilir, arxasınca bir çavuş və bir neçə əsgərin gəldiyini görür, dayanır:

- Dayanın! Siz hara gəlirsiniz?

Çavuş:

- Yoldaş mayor, sizi tək buraxmaq istəmirik.

Mayor:

- Qayıdın geri! İndi də sizin dərdinizi çəkim.

Çavuş:

- Yoldaş mayor, onları biz əvəzləməliydik. Gedirik postu təhvil götürməyə.

Mayor:

- Mən sizə əmr edirəm!

Çavuş:

- Bağışlayın, yoldaş mayor, nə mən, nə əsgərlərim əmri yerinə yetirə bilməyəcəyik. Ya bir yerdə öləcəyik, ya da bir yerdə dönəcəyik.

Mayor:

- Bu dəfə əmr etmirəm, xahiş edirəm, qayıdın, yolda donub qırıla bilərsiz.

Çavuş:

- Yoldaş mayor, biz onlardan artıq oğlan deyilik.

Mayor:

- Mən həyatımda belə xoşbəxt olmamışdım! Gedək! Amma bir-birinizdən aralanmayın…

 

***

… Məkan dəyişir. Qərargah. Polkovnikin başı əllərinin arasında. Telefon zəngi. Polkovnik dəstəyi qaldırır:

- Eşidirəm! Bəli! Yox, heç bir məlumat yoxdur. Kömək göndərmək mümkün deyil. Hamısı yolda qırılar. Səhəri gözləyirik. Allah bizim tərəfimizdə deyil. Acizəm. Mənə bu paqonlar lazım deyil, dədəm-babam paqon gəzdirməyib ha! O əsgərlərimə bir şey olmasın, bəsimdi!

… Məkan dəyişir. Arsen qara bata-bata yuxarı dırmaşır. Posta çatır və bərkdən bağırır:

- Ey, Komandir! Komandir! Eta ya! Ya, Arsen! Arsen!

Qarşıdan səs gəlmir, Arsen yenə bağırır:

- Komandir! Komandir! Rebyata! Eta ya! Arsen!

Qarşıdan səs gəlmir. Arsen bir az da yaxınlaşır və girir səngərə. Əvvəl-əvvəl elə bilir hamısı yatıb. Yaxınlaşır Komandirə. Qara Komandirin qucağındadı, Komandiri silkələyir:

- Komandir! Komandir! Eta ya, Arsen. Slışış menya? Ya Arsen! Ya vam yedu prinyos! Slışış, Komandir?

Komandirin səsi gəlmir, o donub. Arsen indi başa düşür onun donduğunu. Komandiri qucaqlayıb başlayır ağlamağa və deyir (ermənicə):

- Komandir! Niyə öldün, Komandir?! Niyə öldün?! Allah səni yox, insanlığı öldürdü!

Ağlaya-ağlaya bütün uşaqları silkələyir, hamısı donub. Yenidən Komandiri qucaqlayır. Birdən kimsə zarıyır, bu Qaradı. Arsen tez Qaranın üz-gözünü təmizləyir, sinəsini açır, ürəyinə qulaq asır. Tez gətirdiyi çantadan spirt çıxarır, əvvəlcə spirtlə onun burnunun içini təmizləyir, sonra boyun-boğazın, sinəsini spirtlə masaj edir. Qara yavaş-yavaş özünə gəlir, amma heç nə anlaya bilmir. Arsen Qaranın başını qaldırıb zorla spirt içirtmək istəyir, Qara içə bilmir. Arsen onun boğazına spirt tökür. Qara çeçiyir, amma artıq spirt işini görür. Qara ağır-ağır nəfəs alır. Arsen güc-bəla ilə ona bir az sala yedizdirir.

Qara birtəhər deyir:

- Komandiir, sənsəən?

Arsen cavab vermir. Komandirin kürkünü çıxarıb sərir yerə, Qaranı uzadır üstə, öz kürkünü də soyunub basdırır Qaranın üstə.

Arsen sonra yenə Komandiri qucaqlayır, başını sinəsinə sıxıb deyir (ermənicə):

- Komandir, mən səni heç vaxt unutmayacam!

Diz çökür Komandirin önündə, xaç çevirir:

- Komandir, sən peyğəmbər kimi adamsan!

 

***

… Məkan dəyişir. Erməni postu. Arsen çatır posta.

Zabit:

- Nə oldu? Hələ ölməyiblər?

Arsen tərs-tərs onu süzür:

- Yox! Yemək-içməyə görə sənə sağ ol dedilər.

 

***

… Məkan dəyişir. Gün çıxıb. Mayor əsgərlərlə postdadı, uşaqları yoxlayırlar, hamısı donub. Mayor Komandiri qucaqlayıb oturub, donmuş əsgərlərə baxır.

Birdən zarıltı səsi gəlir, çaşırlar. Özlərini Qaranın üstünə atırlar, Qara tərpənir.

Əsgərlər:

- Yoldaş mayor! Yoldaş mayor! Qara sağdı.

Mayor tez Qaranı qaldırmağa çalışır:

- Kömək edin soyunduraq. Naşatır gətirin!

Qaranın burnuna naşatır tuturlar. Qara asqırır.

Əsgərlər bir ağızdan hayqırırlar:

- Urra! Urra! Urra!

… Məkan dəyişir. Erməni postu. Zabit durbinlə baxır, «Urra» sədalarını eşidib dilxor olur:

- Ölməyiblər ituşaqları!

Əsgərlərdən biri:

- Komandir, demədim, Allah qoysa de!

Arsen gözlərini yumub dərindən nəfəs alır, üzündə gizli bir sevinc var…

 

***

… Məkan dəyişir. Bizim post. Zirvədə Azərbaycan bayrağı dalğalanır. Möhtəşəm bayraq!

 

SON!

 

 

TƏQVİM / ARXİV