adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

Aqil ABBAS:ALLAHI QATİL EDƏNLƏR -III (DAVAMI)

AQİL ABBAS
102751 | 2023-03-22 18:00
Detekiv romanın əvvəlini BURADAN oxuya bilərsiniz
***
 
Həyətin ortasında iri gövdəli şah tut ağacı vardı. Bir budağından da yelləncək asılmışdı, amma neçə illərdi bu yelləncəkdə yellənən görünməmişdi. Uşaqların yelləncəklə yellənmək yaşları lap çoxdan keçmişdi, amma söküb atmırdılar, nəvələrinə saxlayırdılar. Ağaclar tumurcuqlayıb çiçəkləri çırtlayandan, arandan yaylağa köçən kimi...
 
... neçə illər idi dağlar düşmən əlində olduğundan yaylağa həsrət qalmışdılar...
 
... köçürdülər bu tutun altına, yemək-içməyi də burda yeyərdilər, çox vaxt qonağı da burda qarşılayıb, burdan yola salardılar.
 
Ağacın altında şitili çıxmış bir dəmir çarpayı da vardı ki, qışda da burda olardı, üstünə bir köhnə palaz sərmişdilər, palazın da üstə bir döşək, bir dənə də böyük mütəkkə atmışdılar. Havanın qırışığı açılandan qaş-qabağı tutulana qədər Ata bəzən gecələr burda yatardı.
 
Oturmuşdular tutun altında. Evin xanımı günortadan asdığı lıqlama bozbaşdan bir boşqab çəkib qoymuşdu ərinin qabağına, özü isə çay içirdi:
 
- Ay kişi, uşaq dörd-beş aydan çoxdu əsgərlikdədi. Burdan-bura bir dəfə də olsun yanına getməmisən. Odur ey, qonşunun uşağı da onunla bir vaxta gedib. Hər həftə arvadı da vurur qoltuğuna gedirlər uşağa dəyməyə. Hələ məzuniyyətə də gətirdilər, düz bir həftə qaldı evdə. Sən də bir get komandiriylə tanış ol. Görüm-baxım elə, qoy uşaqdan muğayat olsun. Yoxsa elə bilərlər yiyəsizdi. Allaha şükür, imkanımız da hamınınkından yaxşıdı.
 
Ata əlindəki çörəyi boşqaba doğraya-doğraya:
 
- Sən canın, qoy çörəyimi yeyim, yenə başlama. Ordan bir baş soğan gətir, soğansız da bozbaş olar?
 
Ana deyinə-deyinə gedib soğan gətirdi:
 
- Özün soğansız bozbaş yemirsən, amma heç vecinə deyil uşaq orda nə yeyir, nə içir.
 
Ata yumruğu ilə soğanı vurub əzdi, özəyini çıxartdı, alma dişləyirmiş kimi dişlədi:
 
- Hamı nə yeyir, o da ondan yeyir. Sanatoriyaya getməyib ey, əsgərliyə gedib. Mən iki il Çitada qulluq edəndə atam-anam yanıma gəlirdi?! Yoxsa bizə səhər xaş, axşam bozbaş yedirirdilər? Qışda yazdığım məktubun cavabı yazda zorla gəlib çıxırdı.
 
Ana deyinməyindən əl çəkmədi:
 
- Onda zamana başqaydı. Burdan Çitaya bir aylıq yoluydu. Amma uşağın yanına getməyə bir saat lazımdı, - və gördü deyinməkdən bir şey çıxmır, keçdi qılığa; - Sənə qurban olum, elə bil otuz beş il bundan qabaqdı, məni görmək üçün qaçıb Bakıya gedirsən. İndi də elə fikirləş ki, məni görmək üçün darıxmısan. Mən də Bakıda deyiləm, odur ey, o görünən dağın o biri tərəfindəyəm. Vallah, gecə yuxuda görmüşəm.
 
Deyəsən kişinin boş damarını tutdu, Ata gülümsədi:
 
- Yaxşı, sabah uşağı göndərərəm, istərsən sən də gedərsən.
 
Ana yenə başını buladı:
 
- Komandirlə mən danışacam?
 
- Gedib görüşərsiz, vəssalam. Nə komandir, uşaqdı?! O boyda universitet qurtarıb, aspirantdı. Darıxmısan, get gör. Mənim hansısa bir komandirin quşun götürməyə nə həvəsim var, nə də halım.
 
Bu vaxt darvaza cırıldaya-cırıldaya açıldı, Böyük Qardaş darvazanı açandan sonra yenidən qayıdıb oturdu maşına və sürdü evin qabağına. Ana oğlunun maşından düşməsini gözləmədən özü qalxıb gedib darvazanı örtdü. Böyük Qardaş əlində bir topa qəzet maşından düşdü, darvazanı bağlayıb qayıdan anasını qucaqlayıb öpdü:
 
- Özüm bağlayacaqdım də. - dedi və yaxınlaşdı stola, əlindəki qəzetləri də atdı stolun üstə; - Ata, axşamın xeyir, - sonra əlavə etdi; - Ana, bir boşqab da mənə çək, acından ölürəm.
 
Ata:
 
- Dünyada nə var, nə yox.
 
-Qardaşımgilin hissəsində bir əsgər özünü güllələyib.
 
Ananın stola qoymaq istədiyi boşqab əlindən düşdü, yemək dağıldı və özü də çökdü yerə:
 
- Buy, anan ölsün!
 
Böyük Qardaş yerindən sıçrayıb anasını qaldırdı və ehtiyatla çarpayıda oturtdu.
 
Ana nəfəsi darala-darala:
 
- Ay kişi, gördün?! Sənə demədim axşam pis yuxu görmüşəm?
 
Ata:
 
- Yaxşı, ay xanım, bəsdi görüm! - oğluna da acıqlandı, - Başına söz qəhət idi? - iştahı küsdü deyin yeməyi bir tərəfə itələdi və qəzetlərdən birini götürdü, manşetdə iri hərflərlə yazılmışdı: "Əsgər özünü güllələdi!", yazını oxumadı və təzədən qəzeti atdı stolun üstə; - Özün niyə güllələyib ki?
 
Böyük Qardaş:
 
- Biri yazır, komandirləri incidirmiş, biri yazır, guya sevdiyi qız başqasına nişanlanıb ona görə. Birində də yazırlar ki, güllələyiblər, işin üstün örtmək üçün adını intihar qoyublar.
 
Ata əslində Anaya təskinlik üçün dedi:
 
- Qəzetlərdi də ağızlarına gələni yazırlar. Heyif deyildi Sovet hökuməti, qəzetdə yalan yazmaq olardı, adamın şalvarın başına geydirərdilər. İndi hərə bir qəzet açıb. Bizim o traktor briqadiri vardı ey, heç adın da yaza bilmirdi, indi onun da qəzeti var. Qapıdan qovurlar, bacadan girir. İndi bir bədbəxt hadisədi də olub. Camaat yolda getdiyi yerdə yıxılıb ölür. İnişil qonşunun oğlunun əlində tüfəng hamının gözünün qabağında açılıb poçt müdirinin oğluna dəymədi?! Amma qəzetlər yazdı ki, guya qan düşməni imişlər, nə bilim pul söhbətləri varmış.
 
Ana bir stəkan su içəndən sonra azacıq özünə gəldi:
 
- Sən yenə hər şeyi yasalayırsan. O gün Aenesdə özüm gördüm. Stariklər salaqaları döyürdülər. Telefona çəkmişdilər. Bizim uşaq da salaqadı.
 
Ata:
 
- Ay arvad, sən nə bilirsən starik nədi, salaqa nədi?
 
-Niyə, mən bu ölkədə yaşamıram?! Qəzet oxumuram?! Qonum-qonşunun da uşaqları əsgərlikdə deyil?!
 
Ata bir siqaret yandırdı, əslində içi bu siqaretdən betər yanırdı, amma özünü onda qoymadı, üzünü yenidən xanımına tutub dedi:
 
- Əsgərlik kişilik məktəbidi, ona görə də ora arvadları aparmırlar. Adamı söyərlər də, döyərlər də! Tualet də yuduzdurarlar. Məni də söyüblər, döyüblər, o qədər tualet yuduzdurublar. Sənin də oğlun heç kimdən artıq deyil! - böyük oğlunu göstərdi; - Budu ey, kişi kimi əsgərliyini çəkdi, özü də desantda, heç bir dəfə də nə gileyləndi, nə də yanına getdik.
 
Ana yenə geri addım atmadı:
 
- Bu, nəmxuda pələng kimidi.
 
Ata da geri addım atmadı:
 
- İgidlik boy-buxunla deyil, ürəklədi, mən ona da qurd ürəyi yedirtmişəm.
 
 
 
***
 
Qərargah Rəisinin sözü Prokurorun xoşuna gəlmədi:
 
-Bura bax, Polkovnik, sən də mələk deyilsən. Batalyon Komandirini döyəndə gərək səni məsuliyyətə cəlb edəydik. Bir həftə xəstəxanada yatdı. Onda bax bu rəhmətlik girdi sənin qanıyın arasına, yoxsa indi uzağı batalyon komandiriydin.
 
Qərargah Rəisi Prokurorun qabağından qaçmadı:
 
- Elə bilirsiz Komandir məni çox istədiyinə görə müdafiə edirdi. Heç maraqlanan oldu ki, Batalyon Komandirin niyə döymüşəm. Əgər onda mən də içlərində olmaqla, hamı cəzasını alsaydı, nə sonrakı faciələr baş verməzdi, nə də bu gün Komandiri atmazdılar. O özün asan uşaq vardı ey, adın qoydular ki, qıza görə intihar edib, qanı batdı getdi, bax o uşağın anasının qarğışı tutub hamımızı. Hələ bu nədir ki? Bəlkə biz bundan da betər olacağıq?!
 
Mer gördü vəziyyət tündləşir, girdi araya:
 
- Köhnə saman içi qurtdalamayın. Bu boyda kişini vurub öldürüblər, respublika bir-birinə dəyib, siz də mübahisə edirsiz. Hələ səhər qəzetlər nə yazacaq Allah bilir. Köpəyuşağı elə bil it kimi iy bilirlər. Bayaq postda üç-dördü dayanmışdı, yaxşı ki, buraxmadılar.
 
Prokuror:
 
- Ağzında köpəyuşağı deyirsən!
 
Kriminalist nəhayət, işini başa çatdırdı və onlara yaxınlaşdı:
 
- Cənab prokuror, biz işimizi bitirdik.
 
Prokuror:
 
- Hələ gözləyək. Korpus Komandiri indicə çatacaq, postu keçib.
 
Elə bu vaxt Korpus Komandirinin avtomobili döngədən çıxdı, onlara yanaşdı, amma bir az aralıda saxladı. General cangüdəninin qapısını açmağı gözləmədi, özü qapını açıb düşdü, generallara məxsus yerişlə onlara tərəf gəlməyə başladı.
 
Qərargah Rəisi yüyürüb Generalın önündə farağat dayandı, hərbi salam verdi:
 
- Yoldaş General...
 
General əli ilə işarə elədi ki, azad.
 
Merlə Prokurordan başqa hamı farağat dayanmışdı. General heç kimlə əllə görüşmədi, başı ilə salam verib keçdi meyidin yanına, çöməldi və başını aldı əllərinin arasına, getdi fikrə və xeyli beləcə oturdu, birdən yadına düşdü ki, ətrafda əsgərlər var və ona baxırlar, qalxdı.
 
Diqqətlə yanında dayanmış Qərargah Rəisinə baxdı, başını buladı və əlini onun çiyninə qoyub günahkarcasına peşiman-peşiman dedi:
 
- Bağışla Polkovnik! Bağışla məni! Vaxtında sənə qulaq assaydım başımıza bu bəla gəlməzdi. Hələlik hissəni qəbul et.
 
Sonra geri qayıdıb hamı ilə birbəbir görüşdü.
 
Mer Generala başsağlığı verdi:
 
- Başınız sağ olsun.
 
Elə bil güllənin biri də Generala dəymişdi, əlini Prokurorun çiyninə qoyub dedi:
 
- Mənim yox, öz başınızın da sağ olmasını istəyirsizsə bu cinayəti açın. Yoxsa, Komandiri hardan vurublarsa, bizi də oramızdan asacaqlar.
 
 
 
***
 
Akademik boşqabı qabağına çəkdi, bəxtindən yenə borş idi, amma bu dəfə xörəyin rəngi-rufu xoşuna gəldi, xalasının bişirdiyinə oxşayırdı, içində ət də vardı, təəccüblə soruşdu:
 
- Bu gün bayramdı?
 
Adətən bayramlarda süfrə daha zəngin, yeməklər daha dadlı olurdu.
 
Kim isə zarafatla:
 
- Sən qauptvaxta düşəndə hissədə bayram olur də. Komissiya gəlmişdi. Sənin Nazirliyə yazdığın məktubu yoxlayırdılar. Komandiri dirəmişdilər divara. Sənin acığını bizdən çıxır. İki gündü gecə saat üçdə həyəcan siqnalı verir.
 
O biri stolda dədələr oturmuşdu, onu çağırdılar:
 
- Akademik, keç bizim stola, söhbət var. Uşaqlar, bir yer düzəldin.
 
Akademik boşqabını götürüb keçdi onların stoluna.
 
Dədələrin dədəsi:
 
- Xoş gördük, Akademik. Deyəsən kurortda sənə yaxşı baxmayıblar, rəngin solub. Borşu o tərəfə qoy, evdən yemək göndəriblər. Uşaqlar, Akademikə yemək çəkin.
 
Akademik:
 
- Xoş gördük hamınızı, təşəkkür edirəm. Tikintidə nə var, nə yox, tualet yarımçıq qalmışdı.
 
Dədələrin Dədəsi:
 
- Akademik, bilirsən biz hamımız sənin xətrini çox istəyirik. Biz xidmətdə səndən böyük olsaq da, sən də həm başda bizdən böyüksən, həm də yaşda. Amma elə şeylər var ki, onu sənə başa sala bilmirik.
 
- Nədi o şeylər, ded?
 
- Sən yavaş-yavaş çörəyini ye.
 
Akademik qarşısındakı kələm dolmasından birini qoydu ağzına, dolma ağzında əridi və dadı bütün bədəninə yayıldı:
 
- Kim bişiribsə, əllərinə sağlıq, çox gözəl bişirib. Əsgərlikdən sonra sizi kəndə qonaq çağıracam, görəcəksiz anamın əllərinin dadını. Sizə bir lığlama bozbaş bişirsin ki! Hə, eşidirəm.
 
(Ardı var)
 
 

TƏQVİM / ARXİV