adalet.az header logo
  • Bakı -°C

AFFA "Qarabağ"ı 8 min manat cərimələdi

76 | 2026-05-26 15:31
A- A+

AFFA Misli Premyer Liqasında çıxış edən bir neçə kluba ciddi intizam cəzaları tətbiq edilib.

Adalet.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Məlumata görə, mayın 22-də XXXIII tur çərçivəsində keçirilən "Sumqayıt" - "Qarabağ" qarşılaşmasından sonra kənar şəxslərin meydançaya daxil olması səbəbindən "kimyaçılar" 2 min 500 manat məbləğində cərimələnib.

Eyni matçda "Qarabağ" azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etməsi isə Ağdam təmsilçisinə 8 min manatlıq cərimə bahasına başa gəlib.

Mayın 23-də keçirilən "Kəpəz" - "Neftçi" duelində isə Gəncə komandasının 4 oyunçusunun sarı vərəqə alması kluba 700 manat cərimə gətirib. Matçın 65-ci dəqiqəsində kobud qayda pozuntusuna yol verdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovulan "Neftçi"nin 18 nömrəli futbolçusu İfenayi Metyu isə 1-i şərti olmaqla 2 oyunluq diskvalifikasiya edilib.

Bu qayda pozuntusuna görə paytaxt klubu 1000 manat cərimə ödəyəcək, futbolçu üçün isə əlavə olaraq 6 aylıq sınaq müddəti tətbiq ediləcək.


TƏQVİM / ARXİV