… Bir çoxları, xüsusən kişilər tərəfindən tez-tez verilən bu sualı eşidirik: Beynəlxalq Qadınlar Günü olsa da, niyə Beynəlxalq Kişilər Günü yoxdur? Cavab isə çox sadədir — kişilərin seçmək, müxtəlif vəzifələrdə çalışmaq və s. hüquqları əzəldən olub. Qadınlar isə bu hüquqları qazanmaq üçün tarix boyu mübarizə aparıblar. Heç bir haqlarını asanlıqla əldə etməyən qadınlar azadlıq və hüquqlarının rəmzi olan bu beynəlxalq günün rəsmiləşməsinə də uzunmüddətli səy və təşəbbüslərdən sonra nail olublar.
Niyə Beynəlxalq Qadınlar Günü?
Hər il 8 Martda keçirilən Beynəlxalq Qadınlar Günü qadınların sosial, iqtisadi, mədəni və siyasi nailiyyətlərinin qlobal şəkildə qeyd olunmasıdır. Bu gün həmçinin gender bərabərliyini və qadın hüquqlarını dünya miqyasında təbliğ etmək üçün bir fürsət yaradır. 8 mart qadınların uğurlarını qeyd edir, gender bərabərliyini müdafiə edir və qarşıda duran çətinlikləri əks etdirir.
2026-cı ildə “Gücünə güc qat” şüarı gender bərabərliyinin daha sürətlə irəliləməsi üçün səxavət, əməkdaşlıq və sərmayə yönümlü düşüncə tərzinin vacibliyini vurğulayır. Bu şüar daha ədalətli və firavan bir dünya yaratmaq üçün təhsil, mentorluq və maliyyə dəstəyi kimi resursların, imkanların və dəstəyin paylaşılmasının əhəmiyyətini önə çəkir.
Beynəlxalq Qadınlar Gününün tarixi
Beynəlxalq Qadınlar Gününün tarixi 20-ci əsrin əvvəllərinə, qadınların seçki və əmək hüquqlarının uğrunda hərəkatların gücləndiyi dövrə gedib çıxır. İlk dəfə 1909-cu il fevralın 28-də Nyu-York şəhərində qadınlar daha yaxşı iş şəraiti və səsvermə hüququ tələb edərək etiraz aksiyası keçirmişdilər.
1910-cu ildə məşhur alman qadın hüquqları müdafiəçisi Klara Setkin qadınların hüquqlarını qlobal səviyyədə müdafiə etmək məqsədilə hər il keçiriləcək bir Qadınlar Günü təsis etməyi təklif etdi. Təklif konfrans iştirakçıları tərəfindən yekdilliklə qəbul edildi və bununla da bu günün ilk dəfə qeyd olunmasının bünövrəsi qoyuldu.
Həmin dövrdə Almaniyada Sosial-Demokrat Partiyasının Qadınlar Bürosunun rəhbəri olan Klara Setkin dünyanın müxtəlif ölkələrində insanların eyni vaxtda qeyd edə biləcəyi beynəlxalq bir gün ideyasını irəli sürmüşdü. İlk Beynəlxalq Qadınlar Günü 1911-ci il martın 19-da keçirildi və Almaniya, İsveçrə, Avstriya və Danimarkadan bir milyondan çox insan bu tədbirlərdə iştirak etdi.
Müasir dövrdə isə bu gün ilk dəfə 1975-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qeyd olundu və 1977-ci ildə rəsmi şəkildə tanındı. Əslində bu günün qeyd olunması XX əsrin əvvəllərində Şimali Amerikada və Avropada yaranan işçi hərəkatlarının fəallığı nəticəsində formalaşmışdır.
İlk illərdən bəri Beynəlxalq Qadınlar Günü həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə qadınlar üçün qlobal əhəmiyyət daşıyıb. BMT-nin qadınlara həsr olunmuş beynəlxalq konfranslarının dəstəyi ilə güclənən qlobal qadın hərəkatı bu günü qadın hüquqlarına dəstək toplamaq və onların siyasi və iqtisadi həyatda iştirakını təşviq etmək üçün mühüm bir platformaya çevirib.
Beynəlxalq Qadınlar Günü (BQG) haqqında 10 maraqlı fakt
BQG- nin yaranmasında Klara Setkinin rolu
1910-cu ildə Danimarkanın paytaxtı Kopenhagendə keçirilən İkinci Beynəlxalq İşçi Qadınlar Konfransı zamanı alman aktivisti Klara Setkin (1857-1933) hər il keçiriləcək Qadınlar Günü ideyasını irəli sürdü. Onun məqsədi müxtəlif ölkələrdə yaşayan qadınların hüquq və tələblərini müdafiə etmək üçün hamının eyni gündə bir araya gəldiyi vahid bir gün yaratmaq idi.Bu təklif 17 ölkəni təmsil edən 100-dən çox qadın tərəfindən yekdilliklə qəbul edildi və nəticədə 1911-ci ildə ilk dəfə Beynəlxalq Qadınlar Günü qeyd olunmağa başladı.
Traynql Şörtveyst fabrikində yanğın
1911-ci il martın 25-də, Birinci BQG-dən qısa müddət sonra, Nyu York şəhərində yerləşən Traynql Şörtveyst fabrikində dəhşətli yanğın baş verdi. Bu faciə nəticəsində 140-dan çox işçi həyatını itirdi və onların əksəriyyəti gənc immiqrant qadınlar idi.
Bu hadisə qadınların işlədiyi müəssisələrdə mövcud olan ağır və təhlükəli əmək şəraitini açıq şəkildə göstərdi və nəticədə əmək qanunvericiliyində islahatların aparılmasına, həmçinin iş yerlərində təhlükəsizlik standartlarının yaxşılaşdırılmasına təkan verdi.
8 Mart tarixinin rəsmiləşməsi və Rusiyada qadınların səsvermə hüququ
Beynəlxalq Qadınlar Günü əvvəlcə müxtəlif tarixlərdə qeyd olunsa da, sonradan 8 mart tarixi ilə əlaqələndirildi. 1917-ci il fevralın 23-də Rusiyada minlərlə qadın fabrik işçisi çörək qıtlığına etiraz olaraq aksiyaya başladı və bu etiraz tezliklə Petroqrad şəhəri (indiki Sankt-Peterburq) boyunca yayılan böyük bir nümayişə çevrildi.
Rus qadınlarının bu etirazı kəskin ərzaq çatışmazlığına, Birinci Dünya Müharibəsinin yaratdığı çətinliklərə və gender bərabərliyi tələblərinə cavab idi. Bu üsyan tarixdə “Fevral inqilabı” kimi tanınır. O dövrdə Rusiyada istifadə olunan Yuli təqviminə görə hadisələr fevralın 23-də başlamışdı. Lakin Qriqorian təqviminə görə həmin tarix 8 marta təsadüf edirdi və bu gün sonradan Beynəlxalq Qadınlar Günü kimi tanınmağa başladı.
Ölkə başçısı Çar II Nikolay isə bu aksiyalardan narazı idi və Petroqrad hərbi dairəsinin komandanı general Xabalova etirazları nəyin bahasına olursa-olsun dayandırmaq əmri verdi. Buna baxmayaraq, qadınlar geri çəkilmədilər və etirazlarını davam etdirdilər. Nəticədə, cəmi bir neçə gün sonra çar taxtdan imtina etməyə məcbur oldu. Daha sonra yaradılan müvəqqəti hökumət Rusiyada qadınlara səsvermə hüququ verdi.
Minlərlə rus qadını Sankt-Peterburqda aksiyalarda iştirak edir(1917)
Bu gün Beynəlxalq Qadınlar Günü dünyanın bir çox ölkəsində qeyd olunur və sərhədləri, mədəniyyətləri və ideologiyaları aşan bir günə çevrilib. O, Azərbaycan, Rusiya, Çin, Vyetnam, Kamboca, Əfqanıstan, Kuba, Uqanda, Monqolustan, Gürcüstan, Laos, Ermənistan, Belarus, Monteneqro, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Ukrayna kimi bir çox ölkədə rəsmi bayram kimi tanınır.
Bir çox digər ölkələrdə isə bu gün rəsmi bayram olmasa da, yenə də qeyd edilir. Bu ölkələr üçün Beynəlxalq Qadınlar Günü qadınların nailiyyətlərini qeyd etmək, gender bərabərsizliyi haqqında məlumatlılığı artırmaq və bu sahədə daha böyük inkişafa ilham vermək üçün bir fürsət sayılır.
Hər ilin fərqli şüarı olur
BQG hər il qadınları narahat edən aktual problemlərə diqqət çəkmək üçün müəyyən bir şüar ilə qeyd edilir. Bu mövzular dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlər, müzakirələr, kampaniyalar və təşəbbüslər üçün bir istiqamət müəyyən edir. Məsələn, 2021-ci ilin şüarı “Choose to Challenge” (“Meydan oxumağı seç”) insanları gender ayrıseçkiliyinə və bərabərsizliyə qarşı çıxmağa çağırırdı. “Each for Equal” (“Hər kəs bərabərlik üçün”) (2020) isə gender bərabərliyinə nail olmaq üçün kollektiv fəaliyyətin vacibliyini vurğulayırdı. Bu kampaniya həm də hər bir fərdin rolunun əhəmiyyətini önə çəkir, hər kəsin kiçik addımlarının birlikdə böyük dəyişikliklər yarada biləcəyini göstərirdi.
“Gender Equality Today for a Sustainable Tomorrow” (“Bugünkü gender bərabərliyi davamlı gələcək üçün”) (2022) şüarı isə qadınların iqlim dəyişikliyinə uyğunlaşma, onun təsirlərinin azaldılması və davamlılığın gücləndirilməsi sahəsindəki mühüm rolunu vurğulayırdı.
BMT-nin məlumatına görə son illərin digər şüarları arasında “DigitALL: Innovation and Technology for Gender Equality” (2023) – texnologiya və rəqəmsal təhsildə irəliləyişə töhfə verən qadın və qızların rolu, həmçinin 2024-cü ildə “Inspiring Inclusion” (“İnkluzivliyi təşviq etmək”), 2025-ci il “Accelerate Action” (“Fəaliyyəti sürətləndir”) yer alıb. 2026-cı ilin “Gücünə güc qat” şüarı isə gender bərabərliyinin daha sürətlə irəliləməsini təşviq edir.
Bəzi ölkələrdə Beynəlxalq Qadınlar Günü və Analar Günün birlikdə qeyd olunur
Bəzi ölkələrdə – məsələn, Serbiya, Albaniya, Bolqarıstan, Rumıniya, Makedoniya və Özbəkistanda qadınlara həsr olunan bu iki bayram eyni gündə birlikdə qeyd olunur. Bu bayramlar xüsusən uşaqlara analarına və nənələrinə kiçik hədiyyələr vermək üçün gözəl bir fürsət yaradır. Bu hallarda Analar Günü həm də qadınlara hörmət və təşəkkürün ifadə olunduğu bir gün kimi qəbul edilir.
Beynəlxalq Qadınlar Günündə çiçək ənənəsi
Bir çox ölkədə Beynəlxalq Qadınlar Günündə qadınlara gül vermək ənənə halını alıb. Hədiyyə olunan çiçəklər ölkədən ölkəyə dəyişsə də, ən geniş yayılan seçim sarı mimozadır. Bu çiçək həm zərifliyin, həm də gücün simvoludur.
Qadınlara sarı mimoza hədiyyə etmək ənənəsi ilk dəfə İtaliyada yaranıb. XX əsrin əvvəllərində italyan feministləri mimozanı qadın hüquqları hərəkatının rəmzi kimi seçmişdilər. Bunun əsas səbəbi mimozanın məhz mart ayının əvvəlində çiçəkləməsi, yəni Beynəlxalq Qadınlar Gününə təsadüf etməsi idi. Parlaq sarı rəngi isə canlılığı, həssaslığı və möhkəmliyi ifadə edir.
Sarı mimozanın bu günün simvolu kimi seçilməsinin başqa bir səbəbi də onun asan tapılması və münasib qiymətə olması idi. İtaliyada mimoza ağacları kifayət qədər çoxdur və yazın əvvəlində bu çiçəkləri əldə etmək çox asandır. Bu da mimozanı sosial və iqtisadi vəziyyətindən asılı olmayaraq bütün qadınlara hədiyyə edilə bilən əlçatan bir çiçəyə çevirirdi.
İllər keçdikcə sarı mimoza hədiyyə etmək ənənəsi müxtəlif ölkələrin mədəniyyətində də yer tutmuş və nəsildən-nəslə ötürülmüşdür. Məsələn, Rusiyada mimoza qadınlara hörmət və ehtiramın rəmzi hesab olunur. Buna görə də bu gün qadınlara sarı mimoza buketləri hədiyyə etmək geniş yayılmış bir ənənədir.
Bənövşəyi, yaşıl və ağ 8 Martın rəmzidir
Bənövşəyi rəng tez-tez Beynəlxalq Qadınlar Günü ilə əlaqələndirilir. Bu rəng tarixən qadın hüquqları və gender bərabərliyi uğrunda mübarizənin simvolu kimi istifadə olunub. Xüsusilə XIX əsrin sonu və XX əsrin əvvəllərində qadınların səsvermə hüququ uğrunda mübarizə aparan hərəkatlarla bənövşəyi rəng sıx bağlı idi.
Həmin dövrdə Böyük Britaniya və ABŞ-dakı sufrajistlər (qadınların seçki hüququ uğrunda mübarizə aparan fəallar) rəsmi rənglər kimi bənövşəyi, ağ və yaşıl rənglərdən istifadə edirdilər. Bənövşəyi rəng sədaqəti və ləyaqəti simvolizə edirdi və zamanla qadın azadlığının və bərabər hüquqlar uğrunda mübarizənin güclü rəmzinə çevrildi. Son illərdə Beynəlxalq Qadınlar Günü dünyada daha geniş qeyd olunmağa başladıqca, bənövşəyi rəng qadınların gücləndirilməsini ifadə edən ümumi bir simvol kimi qəbul olunub. Bu rəng həm gender bərabərliyi uğrunda davam edən mübarizənin, həm də qadınların tarix boyu əldə etdiyi nailiyyətlərin işarəsidir.
Beynəlxalq Qadınlar Günü ilə bağlı tədbirlərdə, kampaniyalarda və sosial media təşəbbüslərində bənövşəyi rəngdən istifadə edilməsi bu hərəkat üçün tanınan və vahid vizual simvol formalaşdırmağa kömək edir. Eyni zamanda bu rəng qadınların hüquqları uğrunda mübarizə aparan sufrajetlərin irsini və onların mübarizəsini də yad edir. Bununla yanaşı, gender bərabərliyi uğrunda hərəkat müxtəlif cəmiyyətlərdən, mədəniyyətlərdən və fərqli həyat təcrübələrindən olan qadınları bir araya gətirən inklüziv və çoxşaxəli bir hərəkatdır.
Ən böyük nümayişlər
8 Mart münasibətilə keçirilən ən böyük aksiyalardan bəziləri İspaniyada baş verib. Məsələn, 2018-ci ildə ölkə üzrə təxminən 5 milyon insan 24 saat davam edən feminist tətil və yürüşlərə qatılmışdı. Bu aksiyalar gender bərabərsizliyinə, maaş fərqlərinə və məişət zorakılığına etiraz məqsədi daşıyırdı. Madrid və Barselona kimi böyük şəhərlərdə küçələr minlərlə insanla dolmuş, iştirakçılar qadın hüquqlarının müdafiəsi üçün toplanmışdılar.
Qadınlar kosmosda
1983-cü il martın 8-də Salli Rayd kosmosa uçan ilk amerikalı qadın kimi tarixə düşdü. Bu hadisənin məhz Beynəlxalq Qadınlar Gününə təsadüf etməsi günə xüsusi məna qatdı. Salli Raydın “Challenger” kosmik gəmisində həyata keçirdiyi uçuş kosmos tədqiqatları kimi uzun müddət kişilərin üstünlük təşkil etdiyi bir sahədə gender baryerlərini sındırdı və qadınlara bərabər imkanlar verildikdə onların potensialının nə qədər böyük olduğunu göstərdi.
Onun uğuru elm, texnologiya, mühəndislik və riyaziyyat kimi sahələrdə (STEM) qadınların uzun müddət az təmsil olunduğu bir dövrdə minlərlə gənc qıza ilham verdi. Salli Raydın kosmosa uçuşunun Beynəlxalq Qadınlar Günü ilə üst-üstə düşməsi qadın hüquqları sahəsində əldə olunan tərəqqini xatırladır və qadınların qarşısında duran imkanların nə qədər geniş olduğunu göstərir. Bu, qadınlara verilən imkanların onların sözün həm həqiqi, həm də məcazi mənasında ulduzlara doğru ucalmasının rəmzidir.
Salli Raydın kosmosa uçuş
Təkcə qadınlar yox, hər kəs bu məqsədi dəstəkləyə bilər
Beynəlxalq Qadınlar Günü müəyyən sərhədlərlə və ya mənsubiyyətlərlə məhdudlaşmır. O, yalnız bir ölkəyə, qrupa və ya təşkilata aid deyil. Yarandığı gündən etibarən bu gün dünyanın müxtəlif yerlərində həmrəylik ruhunun formalaşmasına töhfə verib. O, icma, əlaqə və birgə fəaliyyət kimi dəyərləri təcəssüm etdirir. Beynəlxalq Qadınlar Günü inkluziv bir gün kimi hamıya aiddir.
Uzun və zəngin tarixi boyunca bu gün dünyanın müxtəlif ölkələrində fərqli qruplar tərəfindən qəbul olunmuş və hər cəmiyyət onu öz şəraitinə və reallıqlarına uyğun şəkildə qeyd etmişdir. Buna görə də Beynəlxalq Qadınlar Gününü dəstəkləmək heç vaxt müxtəlif qrupların və ya təşkilatların bir-biri ilə mübahisə apardığı bir məsələ olmayıb.
Feminizmin müxtəlif və inkluziv xarakteri göstərir ki, gender bərabərliyini təşviq edən bütün təşəbbüslər qiymətləndirilir və hörmətə layiq hesab olunur.
Məşhur feminist, jurnalist və aktivist Qloriya Staynemin bildirdiyi kimi:
“Qadınların bərabərlik uğrunda mübarizəsinin hekayəsi nə tək bir fəala, nə də yalnız bir təşkilata məxsusdur. Bu hekayə insan hüquqlarına dəyər verən hər kəsin birgə səylərinin nəticəsidir”.
Deməli, gender bərabərliyinə doğru irəliləyiş yalnız bir insanın və ya bir qrupun məsuliyyəti deyil - bu, hamının ortaq səyi ilə mümkün olan bir prosesdir. Hər bir səs və hər bir addım ümumi irəliləyişə töhfə verir.
Mənbə:
https://thursd.com/articles/international-womens-day-facts
Alsu


Bakı -°C
