Naxçıvanlı şair dostum

3744 | 2016-02-27 00:42
1

2015-ci ilin 31 dekabr axşamı Vaqif müəllimə yazdığım Yeni il təbrikini yola salandan 10 dəqiqə ötər-ötməz cavab gəlmədiyini görəndə, istiləndim. Bu səbrin yiyəsi deyildi axı. Amma mən səbrliyəmmiş - bir saat keçdi, ikinci saat da... Bir gündən sonra isə bu "laqeyd"liyi min yerə yozdum və bir yerə çıxara bilmədim...
Məndən 1 ay 17 gün böyük olduğu üçün, bayram günlərində Vaqif müəllimə mesaj yazıb - təbrik yollayanda sözümün ayaq tozları yerə yatmamış ondan ya zəng gələrdi, ya söz: "Mən də sənin bayramını təbrik edirəm. Yenə də məni qabaqladın, qardaş!".
Bu dəfə isə...
Günlər ötdükcə cavabsız təbrikimin həyəcanı yatır, özüm də rahatlıq tapırdım. Amma hərdən ürək qanıyla yazdığım sözləri qardaşımın hörmətsiz etməsi yadıma düşəndə, fikrə gedirdim. Axırda haqq qazandırmalı da olurdum ona - görünür ya Türkiyəyə gedib, ya İrana.
Bizim Kürdəmirin Xəlsə kəndində bir Fatma qarı vardı. Rəhmətlik həmişə evdən çıxıb geri qayıdanda deyərmiş:
"Çıxmışam kəndə,
Xəbər var məndə".

İndi baxıram ki, həyatımızı əqrəb caynaqlarıyla qamarlayıb sinəsinə sıxan "Facebook" elə bizim Fatma qarının daha böyük missiyasını yerinə yetirməkdən o yana bir iş sahibi deyilmiş. Nəyimiz var, "Facebook"un süfrəsindədir.
Bir gün də yazıçı Aygün Bünyadzadənin mənim "Facebook" səhifəmə girdiyini görüb, nəzərimi ona yönəltdim. Və birdən Vaqif müəllimlə üz-üzə gələndə diksindim - kimsə ona şəfa diləyirdi, kimsə cansağlığı arzulayırdı, kimsə...
Əlim gəlmədi özünə zəng etməyə. Götürüb kürəkəni Gündüz bəyi yığdım. Cavab gəlməyəndə əlacsız özünə üz tutdum - 050 334 69 03. Üçüncü çağırışda zəng qırıldı və ayrı bir nömrədən Səbuhinin - Vaqif müəllimin oğlunun səsini eşitdim:
-Salam, Qəşəm müəllim, necəsiniz?
-Sağ ol, ay bala, Vaqif müəllim necədi?
-Yaxşıdı, əməliyyat olunub.
-Hardadı?
-İndi evdə müalicə alır.
-Məndən salam de, sabah gəlirəm.
Sabah - yanvarın 10-u idi.

2

Maşınla Qara Qarayev metrosunun qarşısından keçib sola buruldum. 100-150 metr getməmiş, gördüm Səbuhi mənə əl eləyir...
Otağa girəndə həmişə ayaqüstə üz-üzə gəlib görüşdüyüm qardaşımı çarpayıda uzanıqlı gördüm. Baxdım, heç xəstəyə oxşamırdı - hətta üz-gözündə sağlam bir ifadə vardı. Bir az da kök təsiri bağışladı mənə. Qardaşı Müzəffər müəllimlə qaynı Vidadi müəllim də yanındaydı. Yadıma A.Ələsgər düşdü:
Yadın oğlu yağlı aşa mehmandı,
Dar günündə görərsən ki, usandı.
Düşmən günü düşməninlə düşməndi,
Yüz il keçsə qohum səndən yad olmaz.

-Bərk narahat idim, sizi yaxşı gördüm, ürəyim aram oldu, Vaqif müəllim, - əyilib əl uzatdım.
-Düzü, xəstəxananın adı heç xoşuma gəlmirdi. Amma son dərəcə müasir avadanlıqlarıyla, mükəmməl həkim personalıyla diqqətimi çəkdi.
-35 il əvvəl şair Rafiq Yusifoğlu eynən sizin kimi əməliyyat olunub, - dedim.
Vaqif müəllim bir anlıq fikrə getdi və özünəməxsus təmkinlə, lap bir az da özünə təsəlli yeri tapmış kimi soruşdu:
-Rafiq Yusifoğlu?
-Düz 35 ildi.
Diqqətlə üzümə baxıb, dinmədi... Sanki xəstəxanada yazdığı bu misralar keçdi ürəyindən:

Əsl möcüzələr çoxdu həyatda,
Yataq da çox olur, əməliyyat da.

Təyyarə qəzası, maşın qəzası...
Qəzalar çox olur... hey aşır-daşır.

Çoxu çox yerindən əməliyyat olur,
Şairə əməliyyat başdan yaraşır.

3
Vaqif Məmmədovun qorxaq olmadığına əmin idim. Baxmayaraq ki, onun əlinin qabarını heç barmaqlarının ucuyla da hiss eləyə bilməzsən! Amma bu gün sənə yumşaq gələn ovcunun içi erməni qəsbkarlarına qarşı döyüşlərdə od saçan silahların qaba, qırtmıqlı və soyuq qundağının üstündə olmuşdu.
Öz səliqə-sahmanıyla diqqəti cəlb edən şair qardaşımın müharibə dövründə, Şəhriyar demişkən "Heykəlli, saqqalı Tolstoy baba" qiyafəsində çəkilmiş fotolarını da görmüşəm.
O, cəbhədə necə soyuqqanlı idisə, illərlə, onillərlə canına yığılıb, indi birdən ona güc gəlmək istəyən xəstəliyə qarşı da olduqca soyuqqanlıydı. Təbiət hərdən bizi azarla-bezarla sınağa çəkməsə, vallah, ömrün qədrini bilmərik! Bəlkə də biz ateistlərin "təbiət" donu geydirdiyimiz bu qüvvə elə Allahın özüdür ki, var. Sınaq da Onun sınağıdı.
-Xəstəlikdən və xəstəxanadan qorxmasam da, əməliyyatdan sonra gözümü reanimasiyada açanda... üşəndim. Elə bildim ölmüşəm, məni də bura qoyublar. - Vaqif müəllim sol əlində təsbeh, sağ əliylə sol əlimdən yapışmış halda aramla dost hesabatı verirdi. - Bu yandan da tərs kimi tibb bacısı girdi içəri, əlində də əsl çənə bağlamaq üçün sarğı. Dedim:
-Tez deyil? (Yəni hələ ölməmişəm axı!).
Dedi:
-Vaxtıdı.
Lap yəqin elədim ki, çənəmi bağlamağa gəlib. Day dinmədim. Fikirləşdim ki, "bu da bir taledi...".
Demə, zalımın qızı boyun-boğazımın tərini qurutmaq üçün sarğını çənəmin altından keçirtməliymiş.

Sarğı nədir axı, Günel,
Baş əyib xətrinə dəymərəm.
Ölümə də baş əymərəm,
Zəhmətinizi bilirəm.

Böyük mədəniyyət sahibi olan Vaqif müəllim, öz vəzifəsini (guya) yerinə yetirən qızın üstünə çımxırmaq əvəzinə özünü onun ixtiyarına verməyi lazım bilir.
Bax, qardaşımızın tibb bacısının bu hərəkətinə münasibətiylə necə böyük ürək sahibi olduğunu görə bilərsiniz - ölümə razılıq verir, qızın qəlbinə dəyməyə yox.
Hansı birimiz bu dəyanətdə ola bilərdik, inanmıram. Ən azından üsyan eləyərdik!
4

Bir hərəkət də mənə təəccüblü gəldi. Şair Vaqif Məmmədov iki daşın arasında - xəstəxanada qələmini dinc qoymayıb. Bir sıra şeirlər yazıb. Bu şeirləri oxuyandan sonra özümü onunla müqayisə elədim. Xasiyyətimdi, canım ağrıyanda, öldür, bir kəlmə də dilimə gəlməz. Necə deyim, azar-bezarı fikrimə-hissimə bələyib, başımı da qoyaram üstünə. Saatlarla gözüm açılmaz yuxudan. Özü də bu yaşda, köhnələr demişkən, hər "nazik əyiləndə" (yəni yanımdan yel ötəndə), lap elə qan təzyiqim sözümə baxmayanda ölüm gəlib durur gözümün qabağında. Mənim həyəcanlarımı da Vaqif müəlli-min aşağıdakı misralarında görə bilərsiniz:

Xəstəxanada yanıma gələn qohumlara, həkim və tibb bacılarına

Mən bir bulaq idim, axdım çəmənə,
Daha qurumuşam, axa bilmirəm.
Elə yazıq-yazıq baxmayın mənə,
Vallah, üzünüzə baxa bilmirəm!

16.11.2015-ci ildə yazdığı bu nisgilli şeirdən bir həftə sonra həyat enerjili aşağıdakı misralara, orda ifadə olunan duyğulara nəzər salmaq pis olmaz:
...Mən çox yaraşdırdım bunu özümə,
Dünyanı dərk etdim təzədən doldum.
Bu da qismət idi güldü üzümə,
Bu yaşda beynimdən əməliyyat oldum.

Demək, bundan sonra hələ yaşamaq,
Dərdləri bir az da təkləmək olar.
Hələ bir qədər də belə yaşamaq,
Beyini bir az da yükləmək olar.

Gördüyü işin, elədiyi yaxşılığın, tutduğu əlin minnətində olmayan Vaqif müəllim, nümunə gətirdiyimiz şeirin son misralarında onu əməliyyata çəkib aparan beyninin boynuna hələ bir minnət də qoyur:

Hələ bir qədər də belə yaşamaq,
Beyini bir az da yükləmək olar.

Mən şair qardaşımın xəstəxana şeirlərinin qısa əhval-ruhiyyəsini sizə çatdırmaq istədim. Amma deməliyəm ki, bu şeirlərin özü ayrıca bir tədqiqat obyekti olmağa layiqdir. Çünki həmin şeirlərdə qəm-kədər, ümidsizlik, məyusluq və sonda həyata qayıtmış bir insanın sevinc, şadlıq, minnət, razılıq duyğuları var. Bu duyğuları məgər gündəlik həyatımızda yaşamırıqmı?! Sadəcə şair Vaqif Məmmədov bizdən qabağa düşüb, onları şeirə gətirib - hamımızın malı edib.
Çox sağ olsun!
SÖZARDI: Sözümü "can sağlığı"yla bitirsəm də, bu arzu tezliklə "rəhmətlik" sözünə sinonim olacaqmış, demə. Yola düşüb rayonumuza - xəstə yatan qohumum Xanbaba kişiyə dəymək istədiyim bir vaxtda Vaqif müəllimin oğlu Səbuhidən zəng gəldiyini gördüm.
-Salam, Qəşəm müəllim!
-Salam, ay bala, Vaqif müəllim necədi?
Dayandı, sonra da ahını eşitdim:
-Vaqif müəllim o kitabı görə bilmədi... - səsi qırıldı - hönkürdü.
Məni də qəhər boğdu və gözlərim yaş içində oynamağa başladı. Bu ağrını Səbuhi balamızın ruhundan qopartmaq üçün özümdə təpər tapdım:
-Ağlama, ay bala, ağlama! Taleyi belə imiş. - Bir qədərdən sonra isə. - Dəfni haçandı? - Soruşdum.
-Bu gün saat 03-də.
-Hardan götürüləcək?
-Mehdiabaddan - bizim evdən.
Şair dostum Tariyel Ümidə zəng elədim.
Getdik Səbuhi gilə. Yarım saatdan sonra cənazəni həyətdən çıxardanda tabutun altında olan Səbuhiylə göz-gözə gəldik. Elə bil atasının ən yaxın beş-altı dostundan birini də görəndə ürəyi az da olsa təskinlik tapdı.
Naxçıvanda doğulub, Naxçıvanda yaşayıb-yaradan Vaqif müəllim Bakıda dünyasını dəyişdi. Onu doğma Şərura - Sədərəyə aparmadılar. Demə, Sədərək elə burdaymış. Özü də bir deyil, bir neçəymiş. Əlbəttə "Sədərək" Ticarət Mərkəzini nəinki ölkəmizdə, hətta sərhədlərimizdən kənarda belə tanıyırlar. Amma bilməzdim ki, "Sədərək" adlı gorgah evi də varmış, yəni "Sədərək qəbiris-tanlığı". Tariyel Ümidlə gedib biz də öz gözümüzlə gördük - böyük bir elat yatırmış bu qəbiristanlıqda.
Vaqif müəllimi də doğmalarının arasında - özündən əvvəl Bakıda rəhmətə getmiş qardaşı Müşfiqlə anasının yanında torpağa tapşırdıq.
Nə yaşı vardı ki?!
Yetmişi görə bilərdi, səksəni görə bilkərdi, lap doxsanı da görə bilərdi.
Elə bil qalan ömrünü bizə - övladlarına, ailə üzvlərinə, dostlarına əmanət eləyib uzaq səfərə getdi. Elə səfər ki, nə dalıyca su atmaq olar, nə xeyir-dua vermək olar, nə də "yaxşı yol!" demək mümkündü. Bir bayatıda deyildiyi kimi:

Elə getdi...
Qarışdı selə getdi.
Tükənməz çörək alıb,
Qurtarmaz yola getdi!

TƏQVİM / ARXİV