"Bu xəritəyə görə, Zəngəzur, Dərələyəz tam, Göyçə qismən Azərbaycanın sayılır" - Zöhrabyan

Xəbər verdiyimiz kimi, ötən gün Nikol Paşinyanın arvadı Anna Akopyanın rəhbəri olduğu “Haykakan Jamanak” qəzeti Azərbaycanın 5 tələbindən yazıb:
1. Qarabağın “müdafiə ordusu”nun buraxılması;
2. Qarabağın Azərbaycanın tərkibində heç bir muxtariyyət olmadan (sıfır statuslu) tanınması;
3. Ermənistan ərazisindən keçən dəhlizin (Zəngəzur) açılması;
4. 1919-1920-ci illərin xəritələri üzrə delimitasiya və demarkasiya prosesinə başlanılması;
5. İtkin düşmüş azərbaycanlıların taleyinin öyrənilməsi;
Nəşr tələblərdən birini daha çox qabardıb. Yəni 4-cü bənd - sərhədlərin 1919-2020-ci illər xəritəsi ilə (Azərbaycan Demokratik Cümhuriyyəti və Ermənistan Demokratik Respublikasının xəritələri əsasında) müəyyənləşməsi olduğu haqda məlumat yayıb.
Azərbaycan Demokratik Cümhuriyyəti və Ermənistan Demokratik Respublikası bu əraziləri ilə 2020-ci il 11 yanvarında ABŞ, Fransa və Böyük Britaniya da daxil olmaqla, dünyanın bir çox ölkəsi tərəfindən tanınıb.
5 bəndlik bu təklif təbii ki revanşist və türkə və qövmünə nifrətlə yaşayan bütün ermənilərə ağır təsir edib.
Adalet.az xəbər verir ki, Ermənistanın keçmiş deputatı, bu ölkəni AŞPA-da təmsil edən Naira Zöhrabyan mövzu ilə bağlı Facebook səhifəsində paylaşım edib.
O, demarkasiya və delimitasiyanın hansı xəritələrlə aparılacağı barədə məlumatı paylaşıb və buna münasibət bildirib:““Haykakan Jamanak” qəzeti dövlətə yaxın mənbədən əldə etdiyi məlumata görə, Azərbaycan demarkasiya və demarkasiya prosesini 1919-20-ci illər xəritəsi ilə düşünür.
Budur xəritə. Bu xəritə ilə Zəngəzur, Dərələyəz tamamilə, Göyçə isə qismən Azərbaycanın bir hissəsi sayılır”.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış etdi. O, çıxışında sentyabrın 12-dən 13-nə keçən gecə “Azərbaycanın Ermənistana hücumundan” danışdı. Hətta Paşinyan iddia etdi ki, Azərbaycan Ermənistan ərazisinin bir hissəsini “işğal etməyə hazırlaşır”: “Azərbaycan fəal şəkildə Ermənistanın bütün cənub və şərqinin, eləcə də Ermənistanın paytaxtı İrəvanın ona məxsus olduğunu bəyan edir”.
Paşinyan İlham Əliyevə müraciət edərək Bakının tanıdığı Ermənistanın xəritəsini göstərməsini də istəyib:“Siz Ermənistanın ərazi bütövlüyünü tanıdığınız və ya tanımağa hazır olduğunuz Ermənistan xəritəsini göstərə bilərsinizmi?”, – deyə Paşinyan Azərbaycan Prezidentinə müraciət etdi.
Əslində Azərbaycan Prezidenti İlham Əliyev Paşinyanın hazırkı sualına hələ ötən ilin mart- aprel ayında cavab vermişdi Ölkə başçısı demişdi: “Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi. Mən Göyçə deyərkən, onlar hazırda Sevan gölü adlandırırlar. Bu, bir həqiqətdir. 20-ci əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir. Siz oraya baxarkən Sevan görməyəcəksiniz. Siz orada Göyçəni görəcəksiniz. İrəvanla bağlı da eyni məsələdir. Onlar İrəvanın tarixi hissəsini dağıdıblar. Bu, aydın faktdır, mənim əcdadlarım daxil olmaqla, azərbaycanlılar orada yaşayıblar. Lakin bu o demək deyil ki, bizim ərazi iddialarımız var. Mən demişəm, bəli, biz oraya qayıdacağıq. Mən deməmişəm ki, biz oraya tankla qayıdacağıq. Mən demişəm biz qayıdacağıq. Bu o deməkdir ki, niyə də yox. Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə niyə də biz İrəvana qayıtmayaq. Zaman gələcək, biz bunu edəcəyik. Mən mövqeyimi təqdim edirəm”.
Əntiqə Rəşid
Digər Xəbərlər

Dənizdə dalğanın hündürlüyü 3 metrə çatır - FAKTİKİ HAVA

Müdafiə Nazirliyi həftəlik icmalı - VİDEO

DİN-in kursantları Heydər Əliyevin məzarını ziyarət ediblər - VİDEO
