adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
28 Yanvar 2024 16:22
6590
TEXNOLOGİYA

ZİBİLƏ DÜŞMÜŞÜK EY!

Dünən tanınmış ziyalı, aktyor, rejissor  Rza Rzayev haqqında içimdən gələn bir köşə yazmışam. Həbsxanada yatan bu mərd oğlanın tezliklə göydə Allah, yerdə Möhtərəm prezident  cənab İlham Əliyevin  qapısını açmağı arzulamışam. Rzanı sevən, onu yaxşı tanıyan dostlar sosial  şəbəkələrdə  bu köşəni paylaşıblar. Və məqalənin  altında da müxtəlif  ziyalılar Drakona arzu və istəklərini yazıblar. 

Görünür, Drakonun  azadlığa  çıxması kimlərisə bərk narahat edir. Və Mark müəllimə şikayət ediblər. Mark müəllim də gözünə döndüyüm bu paylaşımları 20-25 dəqiqədən  sonra silib və bloklayıb.  Sağ olsun, Allah  atasının  yanındakılara  rəhmət eləsin. Şikayətin hardan  gəldiyini də gözəl bilirəm, amma yazmıram. İndi həqiqətən qorxuram, o dəqiqə qarğa-quzğun kimi trolları tökülür  üstümə.  Mən də yetim oğlan və özü də tək, onlarla mübarizə  apara bilmirəm. Heç dövlət də  onlarla  mübarizə apara bilmir. 

Eybi yox, həbsxana da  bir həyat  dərsidi, özü də yaradıcı adam üçün başqa bir dərsdi. 

Drakon aldığı  cəzanın bir ilini çəkib, altı aydan  sonra Penitensiar xidmət ona yüksək xasiyyətnamə versə, bu da labüddür, çünki Drakon həbsxanada olduğu  müddətdə  rejimin heç bir qanununu pozmayıb və pozmaz da, buna onun  tərbiyəsi yol verməz. Ola bilsin bu xasiyyətnaməni  ala bilməsin, lap elə üç il yatsın, nə olacaq? Üç ildən  sonra yenə azadlığa çıxacaq.  Yenə Ulu  Öndər Heydər Əliyevdən  yazacaq, Qarabağı azad eləmiş Möhtərəm Prezidentdən yazacaq, yenə yeni filmlər  çəkəcək, yeni ssenarilər  yazacaq.  Ola bilsin ki, budəfəki  filmin adını "Geyilmiş  ayaqqabılar" qoysun.  O geyilmiş ayaqqabılar ki, Şuşada, Xankəndində möhtəşəm  addımlarla Zəfər paradı keçirirlər. 

Dostum Drakon,  sən Drakonsan. Drakon çaqqal-çuqqallardan qorxmaz və sən də qorxmamısan.

Yenə deyirəm, göydə Allah, yerdə Möhtərəm prezident cənab İlham Əliyev  qapını açsın.

Trollar, söz indi sizindi. 

"Yeni çağ" saytının  baş redaktoru Aqil Ələsgər,  hardasan, səni gözləyirəm...