adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
26 May 2022 16:42
2172
MÜSAHİBƏ

"Zəncir ən zəif halqası qədər güclü olduğu kimi..." - MÜSAHİBƏ

Bu gün müasir tibb elminin çox dinamik inkişafına hamımız şahidik. Xüsusilə də tibbin cərrahiyyə sahəsi öz aktuallığı ilə seçilir. Mövzu ilə bağlı Adalet.az saytının müsahibi həkim anestezieoloq - reanimatoloq Turanə Rəsulovadır.

- Turanə həkim lütfən tibbi fəaliyyətiniz barədə oxucularımıza məlumat verəsiniz!

- Mən Turanə Rəsulova Azərbaycan Tibb Universitetini bitirdikdən sonra bir müddət Almaniyanın Mannhiem Universitet Klinikasında çalışmışam. Daha sonra Türkiyədə uzmanlıq təhsili almışam. Eyni zamanda Norveç, Çexiya, tibbi təcrübə keçmişəm. Amerika Birləşmiş Ştatlarında dövlət departamentinin proqramında iştirak etmişəm. Əlavə olaraq Ümumdünya Səhiyyə Təşkilatının konsultant həkimi və ABŞ Sülh Korpusunun həkimi kimi fəaliyyətim olub. Hal - hazırda Bakıda Badam Medical Centerdə Anestezioloq olaraq çalışıram.

- Fikrinizcə ölkəmizdə anesteziologiya-reanimatologiya sahəsində mövcud vəziyyət necədir?

- Hesab edirəm ki, bu istiqamətdə ölkəmizdə vəziyyət qənaətbəxşdir. Lakin dövlət xəstəxanalarını deyə bilmərəm, amma özəl xəstəxanalarda lazımi şərtlər və şərait mövcuddur.

- Bu mövcud sahənin əsas prinsipləri nədir, burada mövcud problemlər və qarşıda həlli gözlənilən işlər nədən ibarətdir?

- Qeyd edim ki, tibbin bir sıra sahələri kimi bu sahəsi də olduqca spesifikdir. Anesteziologiya dünyanın hər yerində adətən əhalinin dərindən bilmədiyi bir sahədir. Odur ki problemləri də çox tibbi səslənəcəyindən ümumi oxucu kütləsinə maraqlı ola biləcəyini düşünmürəm.

- Belə fikir var ki, anesteziologiya-reanimatologiya səhiyyənin ən ağır və daha çox insan ölümü riski olan sahələrindəndir? Sizcə əməliyyatın uğurla başa çatması üçün həkimin əsas vəzifəsi nədir?

- Cərrah əməliyyat etdiyi orqanın fəaliyyətinə məsuliyyət daşıyır. Anestezioloq isə cərrahi əməliyyat müddətində bütün orqan və sistemlərin normal fəaliyyətinə cavabdehdir. Ümumiyyətlə, cərrahi əməliyyat və ya prosedur komanda işidir. Həkimindən tutmuş kiçik tibb personalına qədər bu komandanın hər bir üzvü çox məsuliyyətli və peşəkar olmalıdır. Zəncir ən zəif halqası qədər güclü olduğu kimi biz də birlikdə xəstəyə sağlamlığını geri qaytarmaq üçün çalışırıq.

- Beynəlxalq praktikada ən son anesteziya cihazları və ya dərman preparatları barədə nələri deyə bilərsiniz? Ən çox tövsiyyə olunanlar hansı dərmanlardır?

- Hesab edirəm ki, bu sahə üzrə hər hansısa cihaz və dərman preparatlarının adlarını demək bir növ reklam kimi qəbul edilə bilər. Bunun üçün onların adlarını çəkmək doğru olmaz. Sadəcə onu deyə bilərəm ki, xalq arasında "narkoz" deyilən anesteziya 20 il əvvəlki kimi deyil. Müasir anesteziya xəstədə əsəbilik, yaddaş problemləri yaratmır. İstifadə etdiyimiz dərmanlar vücuddan tam təmizlənir və heç bir yan təsirləri qalmır.

- Bir adam həyatında neçə dəfə narkoz qəbul edə bilər?

- Sualınız lokanik şəkildə cavab verim ki, bununla bağlı belə bir limit yoxdur.

- Sonda peşəkar mütəxəssis olaraq vətəndaşlara nə kimi məsləhətləriniz var?

- Son olaraq bir həkim kimi əlbəttə ki, insanlara fiziki və mənəvi sağlıq arzu edirəm. Nə olur olsun sağlıqla bağlı ən xırda narahatlığa etinasız olmayın. Çalışın hər zaman sağlam olun!

- Müsahibəyə görə sizə təşəkkür edirəm və işlərinizdə daha çox uğurlar arzu edirəm.

- Mən də sizə və Adalet.az saytına uğurlu fəaliyyət arzu edirəm.

Söhbətləşdi: BÜNYAMİN BÜNYADZADƏ