16 May 2014 00:39
43099
MƏMLƏKƏT

ZƏHƏRLİ İLANLAR...

Havaların istiləşməsi ilə əlaqədar olaraq respublikamızın ərazisində zəhərli ilanların sayı çoxalıb. Bizim ərazimizdə ən çox təsadüf edilən zəhərli ilan növü gürzədir. Təbii ki, gürzələr də isti hava şəraitini, otluğu, kol-kosu daha çox sevirlər. Elə ki, havalar bir az da istiləşir, həmin anlarda ilanlar özlərini gün işığına verirlər. Günəşin şüasından ləzzət alan zəhərli ilanlar qıvrılıb yatır və heç nəyə məhəl qoymadan uzun müddət həmin yerdə qalır.
Ancaq biz insanlar isə bir çox halda müəyyən şəraiti nəzərə almırıq. Yəni otlaq sahələrinə, əkin-biçin yerlərinə gedəndə diqqətli olmuruq. Belə də olanda istər-istəməz zəhərli ilanların hücumuna məruz qalırıq. Artıq yazın orta ayıdır. Havalar isə günbəgün istiləşir. Yazın təzə girməsinə baxmayaraq, respublika ərazisində bir neçə ilan vurma hadisəsi baş verib. Bu hadisələr də həmin insanların diqqətsizliyi və ehtiyatsızlığı nəticəsində olub.
Bir neçə həftə bundan əvvəl Cəlilabad rayonunda iki nəfəri ilan çalıb. Onlardan biri qız uşağı olan bir xanım təsərrüfat sahəsində kartof dibi belləyərkən ilan vurmasına məruz qalıb. Digər bir cavan oğlan isə otlaq sahəsinə gedib ot çalmaq istəyərkən ilan onu vurub. Xoşbəxtlikdən hər iki zərərçəkmiş şəxs vaxtında Cəlilabad mərkəzi rayon xəstəxanasına çatdırılıb. İlan zəhəri əleyhinə onlara lazımi zərdab vurulub. Həkimlərin həyata keçirdiyi intensiv müalicə nəticəsində hər iki insanın səhhətində yaxşılaşmaya doğru inkişaf hiss olunur.
Bəzilərimiz bayaq dediyimiz kimi, lazımi şəraiti düzgün qiymətləndirmirik. Əgər kimsə ot çalmağa gedirsə, yaxud da bostan-tərəvəz işləri ilə məşğuldursa, ilk növbədə həmin insanlar uzunboğaz çəkmədən istifadə etməli və ehtiyatlı olmalıdırlar. Ən azından ona görə ki, ilanlar kol-kosu və ot-ələfi daha çox sevirlər. Deməli, hər hansı təsərrüfat işi ilə məşğul olarkən ehtiyatı əldən vermək olmaz.
Ölkə ərazisində ən çox ilanvurma halları respublikamızın Aran rayonlarında baş verir. Çünki həmin ərazilərdə isti yay günlərində həddindən artıq temperatur yüksəkliyi hiss olunur. İlanlar da bayaq dediyimiz kimi, istini çox sevirlər. Göyçay, Ağsu, Yevlax, Ağdaş, Beyləqan, İmişli, Ağcabədi, Bərdə, Hacıqabul, Şirvan rayonlarında gürzə ilanlarına daha tez-tez rast gəlmək mümkündür. İlanlar da qınanmalı deyil, çünki onları da Allah yaradıb.
Sadəcə olaraq, zəhərli ilanlardan qorunmaq lazımdır. Əgər ilan ayaq altında qalıb tapdanmırsa və yaxud kimsə onu ağacla vurmursa heç vaxt bu ilanlar insanlara hücum etməzlər. İlanlar o vaxt insanlara hücum edirlər ki, ya ayaq altında qalır, ya da ətrafdakı insanlardan təhlükə hiss edir.
Bunlar hamısı gün kimi aydındır. Bəs ilanlardan qorunmaq üçün nə etmək lazımdır? İlk növbədə ilan çalarkən həmin adama hansı köməkliyi göstərmək olar? Bu barədə ekspertlər bildirirlər ki, ilan çalan adamın hər hansı nahiyəsindən zəhəri sormaq olmaz. Çünki bu prosesdə elə ilk növbədə zəhəri soran adam çətin vəziyyətə düşə bilər. Ümumiyyətlə, həkimlər və ekspertlər məsləhət bilirlər ki, ilan vuran adamın hər hansı nahiyəsinə bint qoyub bağlamaq lazımdır.
Bəziləri ilan çalan adama köməkliklər etməyə çalışırlar. Yəni onların ilan çalan yerini zəhər yuxarı qalxmasın deyə möhkəm-möhkəm bağlayırlar. Bütün bunlar yolverilməz haldır. İlk növbədə ekspertlərin dediyi kimi, yara təmiz tənziflə bağlanmalı və zərərçəkmiş insan xəstəxanaya çatdırılmalıdır. İlan çalan adamı nə qədər tez xəstəxanaya çatdırsan onun həyatını xilas etmək bir o qədər də asan olar.
Maraqlıdır ki, regionlarda ilan çalan insanlara lazımi ilan zəhəri əleyhinə zərdabları vaxtında tapmaq olmur. Həmin məsələlərlə əlaqədar Səhiyyə Nazirliyi yaz mövsümündə bütün rayon xəstəxanalarına ilan zəhəri əleyhinə zərdabları vaxtında verir. Təəssüf ki, bəzi rayon xəstəxanalarının baş həkimlərinin günahı üzündən həmin zərdablar ya vaxtında xəstəyə vurulmur, ya da o dərmanlar zamanında tapılmır. İlan zəhəri əleyhinə mövcud zərdab xəstəyə vurulmadıqda onun vəziyyəti daha da ağırlaşır.
Bakı şəhər klinik xəstəxanasının toksikologiya şöbəsindən bildirilir ki, indiyə kimi ona yaxın insan ilan vurması ilə əlaqədar xəstəxanaya müraciət edib. Vaxtında aparılan düzgün müalicə nəticəsində onların həyatını xilas etmək mümkün olub. Ancaq bu o demək deyil ki, həkimlər hər şeyə zəmanət verə bilərlər. Çünki vaxtında xəstəxanaya çatdırılmayan zərərçəkmiş nə qədər müalicə olunsa da mövcud problemi qısa zaman ərzində aradan qaldırmaq mümkün olmur. Ona görə də hər hansı ilan çalması zamanı zərərçəkmiş şəxs zamanında lazımi ünvana çatdırılmalıdır.
İlanın ağına da lənət, qarasına da. Mənim özüm də ilandan qorxan adamam. Uşaq vaxtı kənddə dəfələrlə ilan ayağımın altında qalıb, amma anam namaz üstündə olduğuna görə məni çalmayıb. Hətta bir dəfə pambıq yığımında pambıq qarışıq gürzəni əlimə götürmüşdüm. Xoşbəxtlikdən ilan yatdığına görə və yumşaq pambığın arasında təhlükə hiss etməmişdi. Pambıq qarışıq ilanı yerə atdım və qaçdım. Ancaq tay-tuşlarım ilandan əl çəkmədi. Onun arxasınca düşüb gürzəni öldürdülər. Allah hamını bu cür təhlükədən qorusun!

Faiq QİSMƏTOĞLU