Zəfərin mübarək, Azərbaycan boksu!
Paytaxtımızda təşkil olunan I Avropa Oyunları tarixin yaddaşına qovuşdu. Yüksək səviyyəli təşkilatçılıqla yadda qalan turnirlə bağlı təəssüratlar hələ uzun müddət istər yerli əhalinin, istərsə də xarici qonaqların xatirələrində yaşayacaq.
Ölkəmizi təmsil edən idmançılar da öz növbəsində bu tarixi turnirə öz töhfəsini verdilər. Onlar yüksək səviyyədə çıxış edərək, rekord sayda medal qazanmağa müvəffəq oldular. Turnirin ümumi yekunlarına əsasən Azərbaycan yığmasının 21 qızıl, 15 gümüş və 20 bürünc medalla komanda hesabında ikinci pilləni tutması idmançılarımızın möhtəşəm çıxışının əyani göstəricisidir. Karateçilərimiz, güləşçilərimiz, taekvondoçularımız, gimnastlarımız və digər növlərdə mübarizə aparan idmançılarımız ölkəmizin şərəfini layiqincə qorudular.
Geridə qalan günlər ərzində qəzetimizin ayrı-ayrı buraxılışlarında bir çox növlərdə mübarizə aparan idmançılarımızın çıxışı haqqında təhlil aparılıb, qazanılan nəticələr ayrı-ayrılıqda analiz edilib. Bu dəfəki yazının qəhrəmanı isə boksçularımızdır.
Məmişzadənin ilk qızılı, 18 yaşlı Əliyevin sürpriz medalı
52 kiloqram çəki dərəcəsində mübarizə aparan Elvin Məmişzadə keçdiyi yüksək hazırlığın bəhrəsini gördü. Dəfələrlə qatıldığı turnirlərdə bəxtsizliklə üzləşən boksçumuz tilsimi qırmağa müvəffəq oldu. Avropa çempionatının gümüş və bürünc mükafatçısı bütün görüşlərdə yüksək ustalıq sərgiləyərək, öz medal kolleksiyasına böyüklərin yarışında ilk qızıl medalı əlavə etdi.
Tayfur Əliyevi turnirin əsas tapıntılarından biri kimi qələmə vermək olar. Gənc boksçu böyüklər arasında iştirak etdiyi ilk mötəbər turnirdə mükafatçılar sırasına düşməyi bacardı. Bu nəticəni belə, özü üçün uğursuz adlandıran Əliyevin gələcək yarışlarda nəticəsini daha da yaxşılaşdıracağı olduqca inandırıcı görünür.
Səlimov, Sotomayor və Bağırov triumfu
Təcrübəli Albert Səlimov etimadı artıqlamasıyla doğrultdu. Dünya və ikiqat Avropa çempionu keçirdiyi bütün görüşlərdə rəqiblərinə tam üstünlüklə qalib gələrək, yığmamızın aktivinə növbəti qızıl medalı yazdırdı. Olimpiya boksunda kifayət qədər böyük nüfuza malik olan 29 yaşlı təcrübəli idmançının özünəməxsus döyüş texnikası azarkeşlərin xüsusi alqışına səbəb oldu.
64 kiloqram çəki dərəcəsindəki təmsilçimiz Lorenzo Sotomayor heyətə əbəs yerə düşmədiyini uğurlu çıxışı ilə nümayiş etdirdi. Digərlərindən fərqli olaraq finaladək daha çox – dörd görüş keçirən boksçumuz sonda italiyalı Vinçenzo Manqiakapreni rinqdən məyus yola salmaqla turnirin baş mükafatına sahib çıxdı.
Böyüklər arasında ilk ciddi sınağına çıxan Pərviz Bağırov turnirə damğasını vurdu. Baxımlı çıxışı ilə diqqət çəkən gənclər arasında Avropa çempionatının qalibi bütün proqnozların əksinə olaraq qələbə seriyasını sonadək davam etdirdi. Gəlin razılaşaq ki, xeyli sayda təcrübəli əlcək ustasının çıxış etdiyi 69 kiloqram çəki dərəcəsində həmvətənimizin qalib olacağına ümidlər o qədər də çox deyildi. Amma gənc boksçumuz əsil əzmkarlıq nümunəsi ortaya qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxdı.
Musalovun olimpiya boksunda ilk nəticəsi, Teymur yeni çəkidə rəqib tanımadı
"Baku Fires"dakı çıxışlarından tanıdığımız Musalov da özünü yaxşı tərəfdən göstərə bildi. İlk 3 görüşü aktivinə yazan 75 kiloqram çəkili boksçumuz yalnız final görüşündə irlandiyalı rəqibi ilə bacarmadı. Nəzərə alsaq ki, o, bu cür turnirlərdə böyük təcrübəyə malik deyil, bu nəticəsini kifayət qədər uğurlu hesab etmək olar.
Olimpiya Oyunlarının bürünc, dünya çempionatının gümüş və bürünc mükafatçısı, Avropa çempionu Teymur Məmmədov isə yeni çəki dərəcəsində mübarizə apardığı ilk yarışda sözünü deməyi bacardı. Rəqib tanımayan Məmmədov Avropa Oyunlarında Azərbaycana növbəti qızıl medalı qazandırdı. Son yarışlarda uğursuzluqla üzləşən 22 yaşlı həmvətəmizin bir dərəcə aşağı çəkiyə keçməsi çoxdan gözlənilirdi. Boks kimi ağır idman növündə 91 kiloqram çəki dərəcəsində mübarizə aparmaq 82-83 kiloqram çəkili idmançı üçün o qədər də asan məsələ deyildi. Bütün rəqiblərini bir baş üstələməsi Teymurun Rio Olimpiadasında da qələbəyə əsas namizədlərdən olduğunu söyləməyə əsas verir.
Abullayevin özünütəsdiqi, Məcidovun bəxtsizliyi
"Baku Fires"dakı çıxışları ilə yerli azarkeşlərə yaxşı tanış olan Abdulqadir Abdullayev də üzərinə düşən vəzifənin öhdəsindən gəlməyi bacardı. Finaladək qarşısıalınmaz olan boksçumuz həlledici görüşə çıxmadı. Belə ki, onun erməni əsilli rəqibi finalda iştirakdan imtina etdi.
İlk görüşdə Gürcüstan təmsilçisini, 1/4 finalda isə türkiyəli Əli Dəmirəzəni mübarizədən kənarlaşdıran yığmamızın lideri Məhəmmədrəsul Məcidov bəxtsizlik ucbatından bürünc medalla kifayətlənməli oldu. Başından ağır zədə alan ikiqat dünya çempionumuz finalı Rusiya təmsilçisinə "bağışladı".
Qadınların mübarizəsində isə gənc boksçularımız Anna Əlimərdanova və Yana Alekseyevna bürünc medalla yadda qaldı.
Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin təmsilçilərimizin həlledici görüşlərini arenadan izləməsi və qalib gəlmiş boksçularımıza qızıl medalı şəxsən təqdim etməsi isə yarışlara marağı daha da artırdı.