adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Noyabr 2022 09:35
1085
MƏMLƏKƏT

Zəfərdə payı olanlar:44 günlük müharibənin  yeganə qadın jurnalisti Əntiqə Rəşid...

Zəfər günü -  Bu böyük qələbə, xalqımızın ən şanlı, ən xoşbəxt bayramıdır. Bu möhtəşəm qələbəni bizlərə yaşadan əbədi yaşar, cənnət mələkləri olan müqəddəs şədilərimizə və qəhrəman qazilərimizə borcluyuq. Allah şəhidlərimizi rəhmət etsin, igid qazilərimizi öz pənahında saxlasın, dünyanı lərzə gətirən müzəffər ordumuzu qorusun. Tarix yazdıq, qalib olduq və həmrəylik yaşadıq. Xalq olaraq dəstəyimizlə ordumuza arxa olduq...

44 günlük dəhşətli müharibədə, səngərlərdə əskərlərə ana olan, bacı olan tək və yeganə qadın jurnalist Əntiqə Rəşid xanım idi ki, evini, uşağını, qazı ərini, yaşlı anasını qoyub getmişdi ora. O yerə ki, nə internet vardı, nə texniki vasitə, nə də maddi durum. Çox əziyyətlər çəkdi, ac - susuz qaldı, günlərlə səngərdə yaşadı. Geri dönmədi,  amma, iki gözü iki çeşmə oldu, hər bir şəhid dəfnlərində...

Hər gün danışırdıq, onun ağlar səsi hələ qulaqlarımdadır. Can yanğısıyla danışırdı orda baş verənlərdən...

O, orada sadəcə jurnalist deyildi, sanki xüsusi təyinatlı cəngavər idi. Mən ona heyran qalmışdım. Onun mətanəti, cəsarəti, insanlara etdiyi dəstəyi ağıl almaz dərəcədə vacib və böyük idi. Bu üzdən mən bu fövqalədə qadına Fədayəm deyirəm. Bəli o da bir əskər kimi döyüşürdü, inanaraq, ümüd edərək, itkilərə üzülərək döyüşürdü...

Qələbəmizlə müharibə bitdi, o yenə qayıtmırdı isti yuvasına. Reportajlar hazırlayır, əməkdaşı olduğu "Ədalət" qəzetini ən yeni, ən qaynar xəbərlərlə təmin edirdi.(Bu arada bildirim ki,  yaşadıqları səhhətinə ciddi zərbələr vurdu, sağlamlığını itirdi, hər gün dua edirəm, Fədayəm yaşasın, oğlu Rəşidin xeyirli günlərini görsün, deyə.Onun üçün hır an narahatam)

Dürüstlüyü, mubarizliyi üzündən daima təqiblərə məruz qalan Əntiqə xanım, etdiyi fədakarlıqların rəsmi olaraq qiymətini almayıb hələ. Heç bir mükafat, diplom, orden verilmədi bu mərd, cəsur jurnalistə ...

Zatən Fədayəm o qədər gözü, könlü toxdur ki, ona maraqlı deyil dünyəvi olan şeylər. Ara sıra üzülsə də, deyir: məni sevən dostlarım var, qiymətimi onlar bilsin mənə bəsdir. Amma canından can verən, namuslu, ədalətli şəxsiyyətlərin qiyməti verilmədikcə, riyakar və vicdansızlara qalır meydan. Axı yaşadığımız cəmiyyətdə bu saf, təmiz ləyaqətli insanlar nadirdir. Onları qorumasaq, dəyərlərini bilməsək bəs bizim insanlığımız hara getdi ?

Bəli, Əntiqə Rəşid də yalan dünyada gördüyümüz ən şərəfli insanlardandır. Onu dəyişmədi heç nə, çünki özülü, soyu ləkəsiz, qatqısız, pakdır...

 

 

Bu gün sizin də, bayramınızdır cəsur, yorğun əskərim! Siz əsl qəhrəmansınız, əksini deyən hər kəs namərd və qorxaqdır. Vətənini, xalqını təmənnasız məhəbbətlə sevən böyük ürəkli, dağ vüqarlı yenilməz qadın, çox dəyərli jurnalist, sadiq dost, vəfalı evlad, sədaqətli yoldaş olan Əntiqə Rəşid xanım, Zəfər bayramınız mübarək olsun. Uğruna gülməyi, sevinməyi, məsud olmağı özünüzə qadağan etdiyiniz o müqəddəs şəhidlər xatirinə Allah sizə kömək olsun. Həqiqətləri deyən diliniz, gözəl görən gözünüz, sevgiylə döyünən ürəyiniz var olsun, canım Fədayəm.

Bu gün sizə ən yaxın hesab etdiyim dostlarınızla buradayıq və sizi ürəkdən təbrik edirik. Bayramınız mübarək İgid əskər Fədayə Əntiqə Rəşid!

 Kəklik Alışova