Yol kənarında avtomobil saxlamaq qadağan olundu - Sərəncamla
Bakıda səkilərdə, yolun hərəkət hissəsində, parklara və metrolara giriş hissələrdə qanunsuz parklanmaların qarşısının alınması üçün tədbirlər görüləcək.
Bu barədə Adalet.az-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.
Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov "Bakı şəhəri ərazisində avtomobil duracaqlarının təşkil edilməsi haqqında" sərəncam imzalayıb.
Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi durmanın səmərəli təşkili və qanunsuz durmanın qarşısının effektli alınmasının təmin edilməsi məqsədilə təşkil ediləcək yeni duracaqlarda İntellektual Nəqliyyat Sisitemində mövcud olan yeni avadanlıqlar və texniki imkanlardan istifadə etməklə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə əməkdaşlıq etməlidir.
Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin duracaqlara nəzarət məqsədi ilə quraşdırılmış mövcud texniki-müşahidə vasitələrinin (kameraların) görüntülərindən və digər texniki imkanlarından istifadəsinə şərait yaratmalıdır. Pullu duracaqlarda nəqliyyat vasitələrinin saxlanılması qaydalarının müəyyən edilməsi və hazırlanmasını Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi təmin etməlidir.
Sərəncamda qeyd edilir ki, Daxili İşlər Nazirliyinə müraciət olunmalıdır ki, Bakı şəhəri ərazisində durma və parklanma probleminin aradan qaldırılması və tıxacların qarşısının alınması üçün Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə və Bakı Şəhər Baş Polis idarəsinə müvafiq göstərişlər və tapşırıqlar versin.
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə nəqliyyat vasitələrinin mənsubiyyəti ilə bağlı məlumatların əldə edilməsi üçün "Nəqliyyat Vasitələrinin Qeydiyyatı" bazasından istifadə etməyə müvafiq şərait yaratmalıdır. DİN sərəncamdan irəli gələn məsələlərin həlli və avtonəqliyyat vasitələrinin duracaqlara yerləşdirilməsi istiqamətində Bakı Şəhər İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinə lazım olan köməklik göstərilməsini təmin etməlidir.