Yevlaxda mütəşəkkil cinayətkar dəstənin üzvləri ələ keçdi - FOTO
Yevlaxda silsilə quldurluq hallarının törədilməsində şübhəli bilinən şəxslər saxlanılıb.
Bununla bağlı Daxili İşlər NazirliyininMətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Bildirilib ki, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cari ilin mart və aprel aylarında tənha yaşayan yaşlı sakinlərə qarşı quldurluq edərək pullarını ələ keçirən dəstə üzvləri saxlanılıb.
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməllərini törətməkdə şübhəli bilinən rayon sakinləri Ceyhun Qaçayev, Emin İsmayılov, Elçin Rzayev və əvvəllər məhkum edilmiş Amil Qənbərov saxlanılıblar. Dəstənin digər üzvlərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Qeyd olunan faktlarla bağlı saxlanılan şəxslərin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir. Həmin şəxslərin digər analoji cinayətlər törətdiyi də istisna olunmur. Onların əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat verə bilərlər.