adalet.az header logo
  • Bakı -°C
31 Dekabr 2023 15:23
2666
ƏDƏBİYYAT
A- A+

Yeni ilimiz yeni il olsun - Pərvanə Bayramqızı yazır

Yenə keçənilki kimi edirik: sevinir, bir-birimizi təbrik edir, xoş illər arzulayırıq. Gördünüz, bir il əvvəl yazdığım kimiyik.

Dostlar xatırlayacaq, yazmışdım ki, 2023-cü ili elə əzizləyirik, elə bil köhnəldib gələn il yola salmayacaq, 2024-ə yaltaqlanan biz olmayacağıq.

Etibarsız insanlarıq. Ömür kimi...

Lap çoxdan – Qarabağ həsrəti çəkdiyimiz vaxtlarda da: “Əsl həmrəylik o vaxt olacaq ki, papaqaltından oğullar, qapaz altından da qızlar çıxacaqlar” yazmışdım. Oğullarımız edəcəklərini etdilər, qızlara edilənlərsə hələ sona çatmayıb, çatsaydı on iki yaşında qızı nişanlamazdılar. Ədalət naminə deyim ki, qapaz vuran qızlar da var. Ümid edək ki, növbəti illərdə bu problemlərimiz də yox olacaq. 

Bir köhnə arzumu da yeni mətnə əlavə etmək istəyirəm: Arzu edirəm, 2023-cü ilimiz pandemiyasız, həbssiz olsun. Sülhməramlıların əsl məramlarını sübut edib torpaqlarımızdan çıxara bilək.

Əbədi arzumuz da var – Cənuba Günəş doğsun! 

Feysbukdakı ağıllı adamların xəyal  etdikləri ideal cəmiyyəti formalaşdıra bilək. Yeni ilə yeni təfəkkürlə keçək. Arzularımız yolka oyuncaqları kimi ürəyimizdən sallanıb qalmasın, şaxtababa kimi "qarlı dağlar aşıb" bizi görməyə gəlsin. Münasibətlərimizin buzu qlobal istiləşməyə çevrilsin. Sadaladıqlarım mümkün olsa, həyatımız ulduz kimi parlayacaq.

İnsanların həmişə sevincli, gülərüzlü olmaqlarını arzuladığlmdan, ilin bütün günlərində hamıya firavan həyat sürməyi dilədiyimdən, daima insanlara dinc, fərəhli yaşayış tərzi qurmağın yollarını düşündüyümdən əlamətdar günlər mənimçün hər gün xəyalımdan keçən günlər kimi adi qaydada keçir. Sevdiyim insanları təbrik etmirəm desəm, təbrik etdiklərim inciyərlər ki, bizi sevmirsən. Məhz buna görə xüsusiyyətimdən xəbərsiz olanları, yaxud xəbərdar olub qəbul etməyənləri bayram günlərində təbrik edirəm. Tanıyanlara isə il boyu "bayramın mübarək", "bu gün əhvalın xoş olduğuna sevinir və buna görə təbrik edirəm" deyirəm.

Başınız bayramdan heç açılmasın. Xoş günləriniz o qədər olsun ki, elə biləsiniz ki, təqvimdə bütün rəqəmlər qırmızıdır.

Bu məqamda getdikcə qızışıb daha uzun-uzadı təbrikə keçirəm və birdən acıqlanıram... 

Bura baxın, bilirsiniz nə var? Elə öz yeni ilinizcə mübarək olsun. Allah elə özünüzücə arzunuza çatdırsın. Eşitdiniz? Bir də məni təbrik etsəniz, deyəcəm ağzınızdan çıxan sinənizə düşsün. (folklor)

Mənə deməklərinə baxın – "yeni il sənə uğur gətirsin". Uğur yaxşı şeydir (sə) sizin olsun. Belə özünüz xoşbəxt olun, belə sağlamlığı da canınızda tapın, belə özünüzün ruziniz artsın. Eşitdiniz?

Sizi görüm vəzifədən vəzifəyə keçəsiniz. Görüm Mikayıl Cabbarov yolu yollanasınız. Əsəbiləşdirsəniz, dərinə gedib bir az da qarğayacam. Deyəcəm, Mədət Quliyev kimi vəzifədən çıxarıldığınız xəbəri yayılsın, arxasınca da yeni vəzifə verildiyi haqda məlumat dərc edilsin. 

Sizə bunu arzulayıram. Amma vəzifədə olanda unutmayın ki, sizi ora qarğışım çatdırıb.

Sizi pul üzü görməyəsiniz.

Qaş-qabağınızı salladınız?

Bəlkə də, ürəyinizdə "heç sağ olma" da dediniz.

Elə bildiniz qarğışdır? 

Yoo. Dostlarına qarğayana oxşayıram?

Yəni deyirəm, banklarda o qədər pulunuz olsun, harda nə alış-veriş eləsiniz, hesabınızdan kartla çıxılsın, onlayn ödəniş edəsiniz, əlinizi pula vurası olmayasınız, gözünüzlə pulu görə bilməyəsiniz.

Sağa-sola xərcləyəsiniz.

Pulu gözlə görəndə xərcləyəndə azaldığını gördükcə adamın qanı qaralır. Yaxşısı, onu görməməkdir.

Gediş haqqı nağd ödənişlə olan avtobuslarda heç kəs bir-birinə: – mənim də yolpulumu ver – demir. Ayıb sayırlar. Bu kimdənsə çörək istəmək kimi bir şeydir, amma Bakıkartla ödənilən nəqliyyatda "mənim əvəzimə də vur", "kimin kartında pul varsa, yerimə ödəsin" deyib rahatca keçib əyləşirlər. Ödənilən qəpiyi heç kəs qaytarmır. "Kartdı daa..." yanaşması ilə arxayınlaşırlar. 

Kartın hikməti, pul üzü görməmək arzusu budur.

Allah sizi hesabınıza yeyib-içib: "kartla ödəyir də, pul vermir ki" deyən dostlardan, qohumlardan uzaq eləsin. 

Nətəri hirsləndirdim səhər-səhər... Bağışlayın. Ümid edirəm aqressiv təbrikdən incimədiniz.

Yenilik təfəkkürün göstəricisidir. Hər beyin yenilənmir. İçində tərpəniş olmayan beyini ha danla, ha oyatmağa çalış ayılmır ki ayılmır. Bölgələrdən paytaxta köçüb 40-50 il yaşayanlar var, hələ də əyalət təfəkkürünü başından çıxara bilməyiblər. Xaricdə yaşa dolanlarımızın arasında da belələri çoxdur. İnsan daxilən, “beyinən” yenilənməsə miladi təqvimin rəqəmlərinin artmasının xeyiri olmayacaq. Kaş il boyu arzulayıb yazdıqlarımız 2024-cü ilin ilk günündən bir-bir həyata keçməyə başlasın. Hər şey təzələnsin – dərdimizdən başqa, çox şey köhnə ildə qalsın – sevgimizdən başqa. Başqa "başqalar" da olsun. (yaxşı mənada)

Yeni ilə yeni ruhla adlayaq. 

“Dünya köhnə dünyadır (arzuları), sevgiləri, (uşaqları) təzədir".

Torpağa, daşa, qurub-yaratmağa sevgi olanda insan ruhən yenilər, qocalığı yaxın buraxmır. Həyat eşqimiz sönməsin.

Yeni ilimiz bizi yeniləsin.

Yeni ilimiz yeni il olsun.