adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
23 Mart 2023 13:11
535
HADİSƏ

“Yaşadığım o hadisə həmişə üstümdə bir ləkə kimi...”-Əmisinə görə gəncliyi puç olan qız...

Adalet.az-ın əməkdaşı “qadın taleyi” rubrikasında daha bir qadının həyat hekayəsini təqdim edir. Bu dəfə sizə Mükafatın (adı şərtidir) həyat hekayəsindən bəhs edəcəyik. Mükafat deyir ki, evlərində baş verən oğurluq hadisəsindən sonra kənddə heç kim ona elçi düşməyib. O, olanları belə nəql edib:

“Orta məktəbdə oxuyurdum, amma görünüşcə qəşəng olduğum üçün istəyənlərim də var idi. Yəni bu gedişlə məktəbi bitirəndən sonra ailə quracağımı düşünürdüm. Çünki hələ orta məktəbdə oxuyanda elçilərim gəlirdi, yaşım az olduğu üçün isə valideynlərim məni vermirdi. Amma həyatım əmimin səhvinə görə məhv oldu. Onun hamısını indi sizə danışacam”. 

“Orda böyük söz-söhbət oldu və əmimə dedi ki...”

“Əmim qonşu gəlinimizin bacısıyla görüşürdü, söz vermişdi ki, onunla ailə quracaq. Amma anam da, bibilərim də bilirdi ki, bu baş tutan izdivac deyil, əmim yalan danışır. Vaxt, vədə gəldi və qız tərəfi də bildi ki, əmim onların qızını aldadıb. Bir müddət sonra əmim də artıq qızla görüşməkdən qaçırdı. Günlərin birində qızın qardaşı bacısıgilə, yəni qonşumuza gəldi. Orda böyük söz-söhbət oldu və əmimə dedi ki, bu qisas səndə qalmayacaq. Biz isə düşünürdük ki, o adam əmimi vuracaq. Amma bunun tam əksi oldu”. 

“Nə qədər çalışdısa istəyinə nail ola...”

“Bir gün anam tezdən durub qardaşımla bazara getdi. Atam da işdəydi. Evdə tək idim və bir də gördüm ki, qapı açıldı və qonşu gəlinimizin qardaşı otağa daxil oldu. Məqsədi bəlli idi, bacısının qisasını almağa gəlmişdi. Mənə hücum etdi və əlbəyaxa olduq. Nə qədər çalışdısa istəyinə nail ola bilmədi və cibindən bıçaq çıxardıb məni vurmaq istəyəndə əlimlə bıçağı tutdum. Bıçaq əlimin içini kəsdi. Qışqırdım və səsimə qonşular qaçdı”.

“Ondan sonra kənddə adım zorlanmış qız kimi...”

“Görəndə ki, adamlar gəlir o evdən çıxıb qaçdı. Qohum-əqrəbam tökülüb gəldi və məni xəstəxanaya apardılar. O adamdan isə polisə şikayət verdik və dərhal həbs edildi. Sonra məhkəmə oldu və həmin şəxsi bir neçə il azadlıqdan məhrum etdilər. Ondan sonra kənddə adım zorlanmış qız kimi hallandı. Bu ada görə məni istəyən şəxslərin hamısı uzaqlaşdılar. Elçilərim olurdu, amma kənarda kimsə onlara bu hadisəni deyəndə geri çəkilirdilər. Bir sözlə, kənd camaatımızın yanlış düşüncəsinə görə ailə qura bilmədim. Ondan sonra məcbur olub evimizi satdıq və kənddən çıxdıq. 

Başqa rayona köçdük. Burda ailə də qurdum, övladlarım da oldu. Amma həmişə ata evimiz üçün darıxıram. Axı o evdə doğulub-boya başa çatmışdım. Həyatımı puç edən əmim də ailə qurdu, övladları var. Amma yaşadığım o hadisə həmişə bir ləkə kimi üstümdədi”. 

Vasif Əlihüseyn