adalet.az header logo
  • Bakı 27°C
  • USD 1.7
01 Iyul 2022 11:03
936
MƏDƏNİYYƏT

Yaddaşlardakı gülərüz şəhzadə - Qısa ömrün xronikası - 61

Şahzadə Diana tarixə İngiltərə kral ailəsinin ən mehriban və gülərüz nümayəndəsi kimi düşüb. Təəssüf ki, xalqın şahzadəsi, dövrün əsl simvolu, adı könüllərə yazılmış Ledi Dinin ömrü yarıda qırılıb.

Adalet.az xəbər verir ki, Böyük Britaniyada şahzadəsi Diana 1 iyul 1961-ci ildə anadan olub. O, 1981-ci ildə Britaniya taxtının varisi şahzadə Çarlz ilə ailə həyatı qurub. Dünya ictimaiyyətinin sevimlisinə çevrilmişdi və hamı onu ledi Di deyə çağırırdı. Diana yaxşı ailədən çıxmışdı və əla təhsil almışdı. 1982-ci və 1984-cü ildə Diana ana olur.

Onun Uilyam və Henri adlı iki övladı dünyaya gəlir. 1992-ci ildə şahzadə ərinin Kamilla Parker adlı qadınla eşq macərası yaşadığını öyrənəndə ailə münasibətləri korlanmağa başlayır. Bu hadisədən sonra cütlük ayrı yaşamağa başlayır. 1996-cı ildə rəsmən boşanır.

 

Müəmma dolu ölüm anı

 

Şahzadə Diananın ölümü bütün dünyanı sarsıtdı. Hadisə 31 avqust tarixində saat 00:32 radələrində Alma körpüsünün altındakı tuneldə baş verib. “Mercedes S-Class” markalı avtomobil sürətlə tunelin divarına çırpılıb. Toqquşma anında avtomobil 173 km/saat sürətlə hərəkət edib. Avtomobilin salonunda 4 nəfər olub: sürücü Anri Pol, mühafizəçi Trevor Ris-Conson, Diananın dostu Dodi-əl-Fayed və şahzadənin özü.


Anri Pol və Dodi əl-Fayed hadisə yerində can verdilər. Diananı xəstəxanaya çatdırsalar da, həkimlər onun həyatını xilas edə bilmədilər. Şahzadə yerli vaxtla 04:09 radələrində gözlərini əbədi olaraq yumdu. Qəzada sağ qalan yeganə şəxs Trevor Ris-Conson idi. O, çoxsaylı zədələr almışdı və bir neçə mürəkkəb cərrahiyyə əməliyyatı keçirdi. Amma mühafizəçi faciənin son dəqiqələri barədə heç nə danışa bilmədi, çünki heç nə xatırlamırdı.

Baş verən faciə bütün dünyaya təsir etdi. Bəzi insanlar Diananın guya ölümündən 10 ay əvvəl yazdığı məktubu ortaya çıxardılar. Məktuba əsasən, guya, şahzadə kimlərsə tərəfindən qətlə yetirilmək istəndiyini və avtomobil qəzası təşkil etdiyini yazırdı. Təbii ki, bunlar uydurma idi və bununla belə, məktuba inanan insanlar da az deyildi.


Şahzadə Diana haqda 10 ən maraqlı və çox adamın bilmədiyi faktları təqdim edir:

 

1. Diana məktəbdə heç vaxt əlaçı olmayıb.9 yaşına kimi Diana evdə təhsil alıb. 9 yaşından 12 yaşına kimi qapalı pansionda oxuyub. 12 yaşından 16 yaşına kimi isə Diana qızlar üçün məktəbdə oxuyub. Burada o, orta dərəcəli şagird hesab olunub. Lakin onun aşağı qiymətləri idman və baletdəki uğurları ilə örtülüb. Gördündüyü kimi, əlaçı olmaması ona indiki Diana olmaqda mane olmayıb.


2. O, balerina olmaq istəyib. Diananın ən böyük arzusu professional balerin olmaq olub. Buna baxmayaraq, balerin üçün o, çox hündür boylu olub – 178 sm. Digər fiziki özəllikləri də balerin olmağa uyğun olmayıb. Kral ailəsinin üzvü olduqdan sonra da Diana balet sənətini dəstəkləyib. Bunun üçün o, balet məktəblərinə və tamaşalarına getməklə bu sahəyə xeyriyyə yardımları cəlb edib.


3. Dianada depressiya və bulimiya olub

Diana həyatı boyu bir çox şəxsi problemlərlə mübarizə aparıb. Evlilikdən sonra isə bu problemlər daha da artıb. Diana toydan sonra Çarlzın əlini onun belinə qoyaraq "hə, biz bir az dolu bədənliyik?" sözlərini həyatının sonuna kimi xatırlayıb və kök olması barədə fikirlər onu heç vaxt tərk etməyib.

Diana həmçinin, saray həyatının həm daxildən, həm də xaricdən olan bütün gərginliklərinə qarşı yeməkdə təsəlli tapıb. 1990-cı ildə onda bulimiya (yemək pozuntusu) olduğu məlum olub. Diana etiraf edib ki, bu, onun daima hiss etdiyi depressiya və boşluğun yaratdığı əlamətdir. Bütün şəxsi problemlərinə baxmayaraq, Diana insanlara həmişə kömək etməyi bacarıb. Məhz buna görə də, o, hər kəsin sevimlisi şahzadə Ledi Di olaraq qalmağı bacarıb.


4. Şahzadə Çarlzla əvvəlcə Diananın bacısı görüşüb

Dianaya qədər şahzadə Çarlzın onun bacısı Sara Spenser ilə qısa eşq hekayəsi olub. Lakin çox danışqan olan qız kral ailəsi barədə məlumatları mətbuata sızdırıb; Çarlz özünü aldadılmış və xəyanət olunmuş kimi hiss edib. Bundan sonra o, Sara ilə münasibətləri kəsib. Xoşbəxtlikdən, o tam zamanında Saranın bacısını görüb.


5. Diana öz toy andının sözlərini dəyişib

Toy mərasiminə az vaxt qalmış Diana toy andında "ərinin itaətilə" sözünü deməmək qərarına gəlib və bu hissəni anddan çıxarıb. Əvəzində Diana onu "sevmək, dəstəkləmək, şərəfini gözləmək və qorumaq" barədə söz verib. İllər sonra onun bu hiyləsini Keyt Midlton da təkrarlayıb.


6. Diana nişan üzüyünü kataloqdan sifariş edib

Bu, dünyada ən çox tanınan üzükdür. Üzüyə dair bir çox replikalar mövcuddur. Lakin Diana üzüyü fərdi sifarişlə hazırlatdırmayıb. O, üzüyü kral ailəsi üçün çoxsaylı zinət əşyaları düzəldən məşhur zərgərlik evi "Garrad"ın kataloqundan seçib. Üzükdə 14 brilliantı 12 karatlıq sapfir əhatə edir. Diananın məhz bu üzüyü kataloqda ən böyük olduğu üçün seçdiyini deyənlər də var.


7. Diananın gəlinliyinin duvağı kraliyyət tarixində ən uzun duvaq olub

Onun gəlinlik libası əsrin gəlinliyi hesab olunur: bu isə tamamilə anlaşılandır. Belə ki, libas krujeva və naxışlarla örtülüdür. Gəlinlik libasının üstünə 10000 mirvari tikilib. Gəlinliyin 7,6 metrlik duvağı kraliyyət tarixində ən uzun duvaq hesab olunur. Şahzadə hətta bu duvaqla gəzmək üçün xüsusi təlim keçməli olub. Gəlinlik 5 aya tikilib. Bu müddət ərzində o, ən çox qorunan libas olmağı bacarıb.


8. Diana öz uşaqlarını ənənəvi krallıq tərzində tərbiyə etməyib. Onun oğulları Şahzadə Uilyam və Harri xarizmatik və nəzakətli gənclərdir. Bunun üçün onlar çox şeyi öz analarına borcludurlar. Diana onların normal uşaq olmaları üçün əlindən gələni edib. Adi uşaqlar kimi onlar Disneyland və McDonalds-da da olublar. Hətta onların uşaq yaşdan mərhəmət və təəüssüf hisslərini qavraması üçün Diana oğlanlarını evsizlər üçün sığınacağa, virus daşıyıcılarının müalicə aldığı klinikalara və digər bu kimi yerlərə də aparıb.


9. Diana 79 geyimini auksiona çıxarıb. Bu, şahzadə Uilyamın ideyası olub və Diana ona qarşı çıxa bilməyib. Belə ki, şahzadə Uilyam anasına geyimlərini satmağı və əldə olunan gəlirləri xeyriyyə məqsədilə bağışlamağı məsləhət görüb. Diana belə də edib: o, 1981-ci ildən 1996-cı ilə kimi geyindiyi 79 libası Nyu-York auksionunda satıb. Əldə olunan 5,76 milyon dolları isə döş xərçəngi və QİÇS-lə mübarizə cəmiyyətlərinə bağışlayıb.


10. Diana adada basdırılıb. Diananın ölümü kral ailəsində 20 əsr ərzində şok və ən faciəvi hadisə olub. Əhali üçün dəfnetmə mərasimi hər zamanki kimi Vestminster abbatlığında baş tutub. Diana əslində krallıq ailəsinin digər nümayəndələrinin yanında dəfn edilməli olub. Lakin son anda qardaşı Erl onun Spensor nəslinin ailə qəbiristanlığında - Ortorp adasında basdırılması barədə qərara gəlib.

 

SON:Hələ də çox insan şahzadə Diananın adi avtomobil qəzasında deyil, sui qəsd nəticəsində qurban getdiyini düşünür. Qəzaya səbəb olan paparazzi Andanson tunelə insanlar yığışanda qəflətən yoxa çıxır. Gecə saat 04.00 radələrində o, Parisdən Korsikaya uçur.
Sonradan isə onun cəsədi yanmış halda meşədə öz avtomobilində tapılır.

Ölümlə bitən bu qərib hekayənin ardından milyonlarla insan Dianaya yas tutdu və tutmağa davam edir. Diana nə qədər eşq hekayəsi ilə gündəmə gəlsə də heç şübhəsiz, milyonlarca insanın sevimlisi ola bilmişdi. Ən böyük sevgi də budur. Şahzadə Çarlz isə illər sonra gizli sevgisi Kamilla ilə evləndi. Beləliklə, Kamillə nənəsi Alis Keppelin edə bilmədiyini etdi və kral ailəsinə rəsmən daxil oldu. Ancaq şahzadə ünvanını ala bilmədi. Son şahzadə olaraq qalan Diananın heyranları isə hələ də Kamillanı cazibədar model olaraq anır. Ən əsası da Diananı hələ də özlərinin şahzadəsi kimi sanırlar. Bu Diananın ən böyük arzusu idi. Müsahibələrinin birində də dediyi kimi ? Mənim arzum İngiltərənin deyil, insanların ürəklərini şahzadəsi olmaqdır...

 

Əntiqə Rəşid