adalet.az header logo
  • Bakı -°C
17 Iyul 2026 10:46
58
ELM VƏ TƏHSİL
A- A+

“Övladlarınız sizə hər nə qədər bal topladıqlarını desələr belə...”

“Bəzi yeni nəsil uşaqları çox təhlükəlidir. Ardıcıl 3 gündür ki, valideynlərini aldadan, ələ salan, yalan danışan uşaqlarla rastlaşıram. İmtahan nəticələrini xüsusi texnoloji alətlərlə dəyişərək eynilə Dövlət İmtahan Mərkəzinin nəticəsinə oxşar formada valideynə təqdim edərək yüksək bal topladıqlarını bildirirlər. Araşdırmam zamanı məlum olur ki, yüksək bal nədir bunlar heç müsabiqə şərtini ödəmirlər”. 

Adalet.az xəbər verir ki, bunu təhsil üzrə ekspert Elçin Əfəndi deyib. 

“2019-cu ildə də belə bir fakt vardı. Abituriyent 596 bal topladığını iddia edərək valideynlərinə yalan danışmışdı, ardınca Dövlət İmtahan Mərkəzini günahkar çıxartmağa çalışdılar. Ölkədə həmin il böyük qalmaqal yaşanmışdı. Araşdırma zamanı məlum olmuşdu ki, İbrahim adlı abituriyent 420 bal toplayıb. Ötən il eyni vəziyyət bölgələrimizdən birində baş verdi. Valideyni mənə müraciət etdikdən sonra araşdırma apardım və məlum oldu ki, qızı 645 bal yox, 445 bal toplayıb və valideynlərinə də guya Azərbaycan Tibb Universitetinə qəbul olduğunu deyib. Ata da əməlli-başlı qəbul məclisi təşkil edib. Xeyli xərc çəkib. Portal qeydiyyatı zamanı məsələnin üstü açıldı ki, qız heç hara qəbul olmayıb. Əziz valideynlər, bu hərəkətlər onu göstərir ki, övladlarınız sizdən qorxur və buna görə də yalan belə danışmaqdan çəkinmirlər. Diqqətə alın. Texnologiyanın bu qədər inkişaf etdiyi, dələduzların çox olduğu dövrdə saxta məlumatlarla rastlaşa bilərsiniz. Övladlarınız sizə hər nə qədər bal topladıqlarını desələr belə, mütləq yoxlayın ki, sabah əziyyətini siz çəkməyəsiniz” , - deyə o, bildirib.

Vasif ƏLİHÜSEYN