10 Iyun 2022 11:41
1089
ŞOU-BİZNES

Xuraman Şuşalı sükutu pozdu: ”Şou-biznesdəki həyasızlardan...”

Müğənni Xuraman Şuşalı ailə qurmamışdan əvvəl müxtəlif şəxslərlə qalmaqallarla hər gün gündəmdə olardı. Ailə qurub, hicaba keçəndən sonra qalmaqallar səngisə də, bitmədi.

Deyək ki, bu qalmaqalın hamısının müəllifi Xuraman Şuşalıydı: xeyir!

Məsələn, müğənni Natavan Həbibi Xalq artisti Röya Ayxanın “W-trio”nu mən dağıtdım” açıqlamasına münasibət bildirərkən bildirib ki, qrup müğənni Xuraman Şuşalıya görə dağılıb:“Bir neçə gündür ki, “W- Trio”nu kimin dağıtması barədə söhbət gedir. Röya deyib ki, mən dağıtmışam. Yadıma düşdü ki, Röya çoxdan qrupdan çıxmışdı və “W- Trio” hələ də fəaliyyət göstərirdi. O vaxtlar Xuraman (Xuraman Şuşalı) Faiq Ağayevlə gizli toya getmişdi. Bundan sonra qrup dağılmağa başladı. Sən demə, Xuraman Vaqif Gərayzadədən xəbərsiz toyda çıxış edirmiş. Məşqə gəlmirdi, pul qazanmağa gedirdi”. İndi bu açıqlamaya Xuraman susmalıdırmı?

Daha sonra Kamran Həsənlinin aparıcı olduğu verilişdə jurnalist, ekspert İntiqam Valehoğlu müğənniyə "Sizin xına aparmağa mənəvi ixtiyarınız yoxdur" deməsi müğənnini özündən çıxartdı. Xuraman isə cavabında ekspertə kəskin ifadələr işlətdi:"Sizin danışmağa mənəvi haqqınız yoxdur. Siz insan kimi insan deyilsiz. Mən sizin səviyyənizə düşüb burada oturmaq istəmirəm". İntiqam Valehoğlu isə cavabında əl hərəkətləri ilə hicabı göstərərək "bunu taxmaqla deyil" deyib.Yenə də Xuraman xanım haqsızlığa məruz qaldı. Axı 4 uşaq böyüdən, nümunəvi ailəyə sahib olan, islam qayda-qanunlarını yerinə yetirən bir sənətçi niyə durduq yerdə hücuma məruz qalmalıydı və niyə ona cavab vermək məcburiyyətində olmalıydı. Belə misallardan çox çəkmək olar.

Uzun sözün qısası, müğənni Xuraman Şuşalıya “ilişməsələr”, o heç kimlə qalmaqal yaratmaz

Bunu o, "Maqazin plus" verilişində də etiraf edib.

Adalet.az xəbər verir ki, Xuraman Şuşalı çalışır ki, adı qalmaqallarda az çəkilsin. O, məlum verlişdə bu sözləri deyib:

"Hamıyla münasibətim yaxşıdır, ötüşdürməyi bacarıram. Söz atanlardan isə qaçıram, ünsiyyət qurmuram və onlar olan yerə getmirəm. O, hər an həyanı apara bilər. Bir söz deyərsən, elə cavab verər ki, abır-həyan gedər. Həyası olmayan, özünü üstün tutan insanlardan uzaq dururam.Onlarla özümü yan-yana görmürəm, ehtiyat edirəm. Şou-biznesdə elə adamlar çoxdur. Ünsiyyət qurmuram, auraları mənfi olur və mənə təsir edir. Nə gözüm görsün, nə də təsir etsin".

Qeyd edək ki, rejissor Elçinlə evli olan Xuraman Şuşalının 4 övladı var.

 

Əntiqə Rəşid