XOŞBƏXT ADAMIN KÖYNƏYi

VƏSİLƏ USUBOVA
19672 | 2012-10-25 00:38
Axır vaxtlar mövzu sarıdan yaman qıtlıq çəkirəm. Elə bil içimdə nəsə qırıq-qırıq olub, qalmışam əsir-yesir. Heç cür uclarını tapıb bir-birinə bağlaya bilmirəm. Qələm dostlarıma qibtə eləməyə dəyər. Elə təzə, maraqlı şeylər tapıb işləyirlər ki, adam öz bacarıqsızlığına görə utanır...
   
   Nəsə ürəkaçan bir mövzu tapıb işləmək istəyirəm. Ancaq bu "ürəkaçan" sözü heç mənə doğma gəlmir. Bir yüngüllük, arsızlıq var bu sözdə. Sanbalı, tutumu yoxdu...
   
    Bir adam axtarıram. Qadın, ya kişi fərqi yoxdu. İstəyirəm, özünü xoşbəxt sayan birisi olsun bu adam. Beləsi məndən ötrü çox maraqlıdı, lap muzeylikdi. Tapılsaydı, dəyərsiz eksponat olardı. Yalandan bəxtəvərlik görüntüsü yaratmasın, həqiqətən bəxtəvər olsun. Özü də qəlbən inansın buna. İnanmasa, çətin ki, başqalarını da inandırsın. (Məni inandırmaq lap müşküldü). Onun ürəyini görmək istərdim... Söhbətlərini dinləmək ayrı aləm olardı, əgər ürəyindəkiləri dilinə gətirsəydi. Yalanlar qədər heç nə qorxulu, təhlükəli deyil ömrümüzdə. Gün-gündən saxtalaşan dünyamızda hər addımbaşı qarşımızda bitirlər cazibədar, işvəkar yalanlar. Danışandan çox dinləyən qızarır qulaqlarının dibinəcən. Dillənib etiraz da edə bilmir. Bilir ki, dili yalan deyənin qulaqları da yalan eşitmək istəyəcək. Onun sözləri kimsəyə gərək deyil, sərfəli deyil. Dinlədiyi yalan onun deyəcəyi doğrudan daha diridi, sərfəlidi, inandırıcıdı...
   
   Bəşərin Taleyran əsri başlayıb: "Təcrübəli dövlət nümayəndəsi kimi onu deyə bilərəm ki, mən həqiqəti çox nadir hallarda söyləyirəm. Dil siyasətdə fikirləri gizlətmək üçün lazımdır. Yalan güclü və danılmaz, həqiqət isə xəyaldır, təhlükədir".
   
   İnanmıram, bu sətirləri oxuyan kimsənin canından üşütmə keçməsin. Söhbət təkcə siyasətdən, diplomatiyadan getsəydi, bəlkə birtəhər alışmaq olardı. Bu sözlər ona görə üşüdəndi ki, "güclü və danılmaz yalan" artıq bizim canımıza çoxdan hopub, dostluğumuzu, doğmalığımızı, sevgimizi öz əsarətinə alıb...
   
   Həqiqət isə indi heç xəyal da deyil...
   
   Qorxmuram. Qoy, nə olur-olsun! Həqiqəti eşitmək, bilmək istəyirəm...
   
   Həqiqətlə yaşayıb özünü xoşbəxt sayan adamı dinləmək istəyirəm...
   
   Onu tapa bilsəm...
   
   
   
   ***
   
   Onun haqqında, az qala, bütün xalqların dilində bir rəvayət var. Dərdsiz adam haqqında. Əslində, O yoxdu. Onu yaradıblar. Dərdi başdan aşanlar, təsəllisi olmayanlar təsəlli düzəldiblər özlərinə. İnanırlar ki, O hardasa var. Yaşayır dərdsiz-qüssəsiz... Bu dünyanın işdəklərinin Ona dəxli yoxdu. Bilmir göz yaşı nədi. Ömründə bir yol köks ötürməyib. Nəyinsə, kiminsə həsrətini çəkməyib. Bütün istəkləri yerinə yetib. Arzusu-muradı gözündə qalanların varlığından xəbərsizdi belə...
   
   ...Bir padşah da çox darıxırdı. Hər şeyi vardı. Hər kəsi gözünün qabağındaydı. Amma darıxırdı. Darıxmağının səbəbini də anlamırdı. Bir gün anladı ki, özünü xoşbəxt hesab eləmədiyinə görə canı sıxılır, heç nə könlünü oxşamır...
   
   Çox düşündü... Çarəsini tapa bilmədi. Dərdini bir qocaya danışdı. Qoca ona məsləhət verdi ki, bütün dünyanı dolaşıb xoşbəxt adamı tapsın. Onun köynəyini alıb əyninə geyinsin. Yalnız o zaman özünü xoşbəxt hesab edə biləcək...
   
   Qocanın sözləri ağlına batdı. Doğrudan da, niyə axtarıb xoşbəxt adamı tapmasın? Ona baxar, öyrənər. Bəlkə canını bu sıxıntıdan qurtara bildi...
   
   
   
   ***
   
   Mən nağılçı deyiləm. Padşahın da gəzdiyi, gördüyü yerləri bircə-bircə təsvir etməyə həvəsim yoxdu. Bircə onu deyə bilərəm ki, axtardığını tapa bilmirdi. Dönə-dönə yanılmışdı, elə bilmişdi axtardığını tapıb. Son anda anlamışdı; xoşbəxt sayıb üstünə getdiyi kəslər bəlkə də dünyanın ən bədbəxt, talesiz adamlarıdı...
   
   Ümidləri üzülüb geri dönmək istəyəndə gördü ki... geniş düzün ortasında bir nəfər fit çala-çala, mahnı oxuya-oxuya yer belləyir. Yorğun bədəni sevincdən titrədi... "Tapdım... Bu adamın görkəmindən bəxtəvərlik yağır ki... Əsl mən deyəndi...
   
   - Sən xoşbəxtsən?
   
   - Həm də çox...
   
   - Onda köynəyini ver mənə...
   
   Bu yerdə saxlayıram. Bəzi yazıçılar kimi, oxucunu intizarda qoymaq istəyirəm...
   
   ***
   
   Sevdiklərinin sağ-salamat və yanında olmasından yaranan könül xoşluğu, ömür rahatlığı əvəzsiz bir Tanrı lütfüdü, məncə. Hər bəndəsinə göstərmədiyi səxavət, qıymadığı paydı...
   
   Hələ uşaqlıqdan küləksiz havalarda evlərin bacasından qalxan, sakit-sakit burulub gedən, getdikcə əriyib yox olan tüstülər xəyalımda romantik lövhələr yaradardı... Bacası tüstülənən evlər məndən ötrü rahat, xoşbəxt ailənin nişanverəniydi. Yəni, hər kəs yerindədi, bir süfrə başındadı...
   
   Gecələri rahat yatıb, sabahları ümidnən açmaq olar...
   
   ***
   
   Bilirsiniz, əkinçi padşaha nə cavab verdi?!. Dedi ki:
   
   - Təəssüf eliyirəm. Mənim heç köynəyim də yoxdu...
   
   Padşah məyus oldu, mənsə bu adamın həqiqətən xoşbəxt olmağına inandım.
   
   Köynəksizdisə, deməli, canını sıxan heç nə yoxdu...

TƏQVİM / ARXİV