Xeyirxah insanlar unudulmur

“Allah yanında ən yaxşı insan –
insanlar üçün daha faydalı olanıdır”.
Məhəmməd Peğqəmbər(s)
Mənə “yüz il yaşa” deməsin dostlar,
Gülüşüm, yerişim, səsim itməsin,
Gözlərim görsə də, ayağım, əlim,
Əsalıq olanda dayansın ürək!
Xeyirxah insanlar həmişə ilk növbədə başqaları üçün çalışar, özlərini isə ikinci plana atarlar. Fədakar və xeyirxah insanlar ətrafdakılara örnək olmaqla yanaşı, həyatın çətinliklərinə sinə gərməkdə də hamıya kömək edirlər. Onlar dünyalarını dayişdikdən sonra belə unudulmur, adları daim rəhmətlə anılır. Ötən il aramızdan ayrılıb haqq dünyaya qovuşan Solmaz Əsgərova da məhz belə insanlardan idi. Onun ölümü hamımız, həmçinin mənim üçün də çox böyük itki oldu. Mən Solmaz xanımı usaq yaşlarımdan tanıyırdım. Orta məktəbdə oxuduğum illərdə vaxtımın çoxunu onun yanında keçirirdim. Heç bir xahişimi geri çevirməzdi. İstədiyim yemeyi, sirniyyatı bişirər, bircə istəyimlə işlərini mənə görə yarımçıq qoyub mətbəxə kecərdi. Gözəl əl qabilyyəti vardı. Onun bişrdiyi xörəklər, şirniyyatlar, şirə və mürəbbələr, qışa hazırladığı şoraba-tutmalar adla deyilərdi. Məncə ən tanınmış restoranların şef aşbazları belə kulinariya sahəsində onunla rəqabət apara bilməzdilər. Dərsdən gələn kimi əynimi dəyişib onlara qaçardım. Birlikdə şirniyyatlar bişirər, müxtəlif tortlar, ləzgi piçəyi, çıkanı, şəkərbura-paxlava hazırlardıq. Miksersiz, əllə şirniyyat hazırlamağı da elə Solmaz xanımdan öyrənmişəm. Ali təhsilli olmasına rəğmən, evdar qadın kimi əsil möcüzələr yaradırdı. Biz onlarla həm qohum, həm də qonşu idik. Aramızdakı yaş fərqinə baxmayaraq mən onu özümə ən yaxın dost-sirdaş hesab edirdim. Rəhmətlik Solmaz ziyalı ailəsində dünyaya göz açmışdı. Atası Kərim kisi gözəl pedaqoq və sənətkar kimi bütün mahalda şöhrət qazanmışdı. Anası Zivər xanim evdar qadın olsa da geniş dünyagörüşə malik ziyalı insan idi. Mənim uşaqlıq çağlarım bu ailə ilə sıx bağlı olub. çSolmazgil ailədə 5 uşaq olub. 3 qardaş-Rəhim, Çingiz, Elçin və Sevinc adında bacısı var. Anası Zivər xalanın ləziz yeməklərindən dəfələrlə dadmışam. Dadlı kələm qutabı bişirməyi də ondan öyrənmişdim. Biz bir ailə kimi mehriban və səmimi idik. Bu ailələr 1-2 gün bir-birini görməyəndə darıxırdı. Axşamlar ya biz onlarda, ya da onlar bizim evdə yığışıb otururduq. Atalarımız və böyük qardaşlar həyətdə domino oynar, sonra da şirin söhbətlər başlardı. Bəzən gecə yarıyadək söhbətə dalar və vaxtın necə keçdiyini hiss etməzdik. Şirin söhbət və şən qəhqəhələrdən doymurduq. Mənim atam Zulfiqar Rüstəmoğlu ciddi və bir qədər də əsəbi adam idi. Övladlarına, xüsusən mənə qarşı çox tələbkar idi. Buna görə bəzən atamdan küsüb inciyirdim. Solmazın atası Kərim müəllim belə zamanlarda şirin zarafatları ilə gərginliyi yumşaldar, atamın əsəbi halından əsər-əlamət qalmazdı. Kərim dayının bir zarafatı indiyədək yadımdadır. O vaxtlar cins şalvarlar təzə dəbə minmişdi. Gənclər və yeniyetmələr yalnız ondan geyinmək istəyirdi. Bir gün oğlu Rəhim də atasından həmin şalvardan almağı xahiş edir. Onlar birlikdə mağazaları gəzir və dəbdə olan həmin geyimi axtarırlar. Kərim müəllim çox bəyəndiyi bahalı bir şalvarı oğluna göstərəndə Rəhim yalnız cins şalvar istədiyini bildirir. Bütün günü nə qədər axtarsalar da istədiyini tapa bilməyən Rəhimin mısmırığı yerlə gedirmis. Möhkəm yorulmuş və oğlunun inadından əsəbiləşmiş atası ona “sənin cinsinə tüpürüm” deyərək qəhqəhə çəkib gülür.
Solmaz xanım ailənin böyük qızı idi. O, nəinki öz bacı qardaşlarına, eləcə də, bizə və başqa ailələrə də tərbiyəsi, qeyrəti, namusu, səliqəsi, mədəniyyəti, savadı ilə nümunə idi. Bir gün bibim oğlu Solmaza ürəyini açaraq onu sevdiyini bildirir. Solmaz isə hələ ailə qurmaq istəmədiyini, təhsilini başa vurandan sonra bu barədə düşünəcəyini deyir. Əsgər isə ondan başqa heç kəslə ailə qurmayacağına söz verir. Bu zaman anam Cansirə xanım Həmdulla qızı işə qarışır və baldızı Surat xanımın oğlu ilə evlənməsi üçün Solmazı xeyli dilə tutur. Onu da deyim ki, rəhmətliklər çox yaxın rəfiqə və sirdaş olublar. Baxmayaraq ki, anam yaşca ondan xeyli böyük olub, amma yaş fərqi onların möhkəm dostluğuna mane olmayıb. Anamı böyük bacı kimi istəyib və məsləhətlərinə həmişə əməl edib. Solmazın kulinarlıqdan əlavə, Allah vergisi kimi başqa bir fitri istedadı da vardı. Heç yerdə bu sənəti oxumasa da əla dərzilik bacarırdı. Həm müxtəlif xarici jurnallar əsasında modaya uyğun geyimlər tikər, həm də özünün kəsf etdiyi, qadın-qızların bədəninə yaraşdırdığı paltarları təqdim edərdi. Bizim ailə üzvlərimizin də paltarlarını o tikərdi. Son dəbdə olan bu geyimlərlə şəhərə gedəndə tələbə yoldaşlarımın heç biri onların evdar bir kənd qadını tərəfindən tikildiyinə inanmazdı. Bu sənətə onda hələ ali məktəbdə oxuyarkən maraq yaranmışdı. Bir- birindən maraqlı dəst geyimlər sanki onun evdəki balaca tikiş maşınından deyil, bahalı brend paltarlar satılan mağazalardan çıxmışdı.
Anamı itirəndən sonra ən böyük təsəlli və məsləhət verənim olmuşdu Solmaz. Problemlərimizi bir-birimizlə bölüşür və təsəlli verirdik. Onunla ən yaxın sirdaşa çevrilmişdik. İki ovlad böyüdüb tərbiyə etmişdi. Jalə və Namiq onun zəhmətini doğruldan, tərbiyəli, namuslu, zəhmətkeş, savadlı uşaqlar kimi yetişdilər. Gözəl həyat yoldası, misilsiz ana, mehriban qaynana, bacarıqlı evdar qadin və son dərəcə Şirin nənə idi. Jalə ali məktəbi bitirib telejurnalist kimi, qardaşi isə bacarıqlı sənətkar kimi çalışmağa başladılar. Bu qadının həyatı hamımız üçün əsil örnək idi. Sevimlimiz, nəslimizin ağbirçəyi idi. Yaşı az olsa da uşaqdan böyüyə hər kəsin dərin hörmətini qazanmışdı. Solmaz xanım, eyni zamanda, hər kəsin əməyinə qiymət verməyi bacarırdı. Səhv yolda olanlara düzgün məsləhət verir, əyri yoldan geri qaytarırdı. Paxıllığı, kini olmayan xeyirxah insandı. Pozitiv xarakteri vardı, adamları yaşamağa ruhlandırırdı. İnsanların şad gününə sevinən, kədəri-dərdlərini bölüşən idi.
Bibimin qızı Bəsirə xanımla uşaqlıqdan rəfiqə idilər, heç ayrılmazdılar. Hər ikisi də dünyasını erkən dəyişdi. Bir ilin içində bir-birinin ardıyca fani dünyanı tərk elədilər. Bəsirə Ağaməmmədqızı dünyasını dəyişəndə Solmaz onkoloji xəstəxanada ağır vəziyyətdə yatırdı. Ona görə də o vaxt müalicədə olan qadından sevimli rəfiqəsinin ölümünü gizlətdilər. Baldızları Tahirə, Təbirə, Mahirə də bacı kimi bağlandıqları gəlinlərinin ölümündən çox üzüldülər. Yalqiz qalan həyat yoldası Əsgər bu itkidən ağır iztirab kecirdi. İndiyə qədər də vəfalı və qayğıkeş həyat yoldaşının ölümünə inanmır, ona elə gəlir ki, həyat yoldaşı harasa qonaq gedib və tezliklə qayıdacaq. Solmaza xəstə yatağında tez- tez bas çəkən gəlini Günel də onun yoxluğuna inanmaq istəmir. Onu yoluxmağa gedəndə hər dəfə nəvələrinə valideynlərindən müğayət olmağı xahiş edirdi. Son dəfə onu yoluxmağa gedəndə Aysunu da özümlə aparmışdım. Qızımı görəndə ağrılarını unudub gülümsədi, dərhal ona yemək təklif etdi. Qonaqpərvər, əliaçıq, təvazökar biri idi. Amma özünün iştahı yox idi. Mən dedim ki, gərək yeyəsən ki, tez ayağa qalxasan. Bildirdi ki, uşaqları da yemək üçün təkid edir. Amma yeyə bilmir, kövrəlib ağlayırdı.
Aysunun dedikləri:
Həmişə mənə deyirdi ki, qızım çalış oxu. Oxu ki, bir sənətin sahibi olasan. Anan həmişə səninlə olmayacaq. Tək qalanda özün oz ayaqlarının üstündə durasan deyə indidən hər dəqiqənin qədrini bil. Vaxtını boş yerə keçirmə. Oxumaq və öyrənmək, sənət sahibi olmaq qızlar üçün daha vacibdir. Gələcəkdə başqalarına möhtac olmamaq üçün dərslərini indidən yaxşı oxu. Sən ağıllı qızsan. İstəsən məktəbi əla qiymətlərlə başa vurub ali təhsil ala bilərsən. Mənim qızım yaxşı oxuyub. Həmişə də sözümü eşidib. Biz onunla fexr edirik. Heç vaxt məni incitməyib. Sən də ona oxşa və ananı incitmə, sözlərini həmişə dinlə. Qoy sənin anan da gələcəkdə səninlə fəxr etsin, sənə çəkdiyi zəhmətin hədər getmədiyini görüb sevinsin.
Bacim Asiya xanım Zülfüqar qızının dedikləri:
Onunla qonşu və rəfiqə olmuşuq. Uşaqlıqdan birlikdə böyümüşük. Yaxın məsləhətçim olub, anama deyə bilmədiyim sirlərimi onunla bölüşmüşəm. Solmazın orta məktəbdə ən böyük arzusu ali təhsil almaq idi. Çox şükür, qızı Jalə də onun arzusunu həyata keçirdi. Yaxşı insanlar heç vaxt unudulmur. Onu itirəndən sonra biz onun ətrini qızı Jalədən alırıq. Jalə butun nəslin iftixarıdır, başqalarına nümunədir. Gözəl övlad, qayğıkeş anadır.
Hüsniyyə Əlizadə