adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
06 Mart 2023 12:49
510
MƏDƏNİYYƏT

Xalq artisti: ““Fəryad”dan sonra onun ürəyi dözmədi”

“Ceyhun Mirzəyevlə bizim tanışlığımız məktəb illərindən başlayır. O vaxt mən 190, Ceyhun isə 26 nömrəli məktəbdə oxuyurdu. Təhsil aldığımız məktəb binaları bir-birinə yaxın idi. Məktəbin böyük bir həyəti var idi, futbol oynayırdıq. Tənəffüs zamanı şagirdlər bir-birinə qarışırdı və orda üzügülər, şən bir oğlan var idi, adı da Ceyhun idi. Mən Ceyhunla onda tanış olmuşam. Hətta məktəbdə ondan yaşca böyük başqa millətin nümayəndəsi onu incidirdi və çağırıb tənbeh etdik”

Bunu Adalet.az-a açıqlamasında Xalq artisti Hacı İsmayılov aktyor Ceyhun Mirzəyev haqqında danışarkən deyib. H.İsmayılov C.Mirzəyevlə birgə filmə çəkilmələrinin də maraqlı tarixi olduğunu bildirib:

“Sonra təsəvvür etməzdim ki, bizim yollarımız ayrılacaq. Yəni mən bir çox başqa teatrlarda işlədim. İrəvana, Sumqayıta getdim. Akademik Milli Dram Teatrına qayıdandan sonra biz Ceyhunla daha da yaxınlaşdıq. Yəni bir səmimiyyət, mehribançılıq var idi. Ümumiyətlə, Ceyhun çox ürəyi təmiz insan idi. Sonradan isə biz birgə yaradıclıq işinə başladıq. O zaman “Mozalan” satirik jurnalı var idi, orda çalışırdı və mən onun bir-iki satirik nömrələrində çəkilmişəm. Amma əsas işimiz “Bəyin oğurlanması” filmi oldu. O filmi Vaqif Mustafazadəylə birlikdə Ceyhun Mirzəyev çəkirdi. Ondan sonra “Fəryad” filmi gəldi və bu film də Qarabağ hadisələrinə təsadüf edirdi. Mən çox arzu edirdim ki, hərbi paltar geyinib döyüşə gedim. Bu, həyatda olmasa da, kinoda nəsib oldu. Ceyhun Mirzəyev məni Rövşən roluna dəvət etdi. Biz filmə çəkilməyə başladıq.  

“Fəryad” filmi çox çətin vaxtda Goranboyda çəkilirdi. O vaxt özfəaliyyət batalyonları var idi və ona görə bilinmirdi ki, dağın o biri tərəfindəki hansı ölkənin hərbçiləridir. Yəni belə çətin dövrdə biz onu çəkmişik və yadıma gəlir ki, Xocalı hadisəsinə bənzər səhnəni çəkəndə hərbi helikopter gəldi və mühərriki daim işləyirdi ki, birdən orda atışma olsa, bizi aparsın. Demək istəyirəm ki, bu cür çətinliklər var idi. Amma çox xoş oldu ki, “Fəryad” Qarabağ mövzusunda çəkilən filmlər arasında birnömrəli film oldu. “Fəryad”da Ceyhun həm rejissor, həm də aktyor kimi çalışırdı. Ümumiyyətlə, Ceyhun möhkəm adam idi. Onun üzü gülsə də vuran əli də, cəsarəti də var idi. Amma çox təəssüflər olsun ki, filmin montaj dövründə Ceyhun dünyasını dəyişdi. Bunun da səbəbi o idi ki, “Fəryad”dan sonra onun ürəyi dözmədi. Rol özü çətin və mürəkkəb rol idi, amma onun öhdəsindən çox uğurla gəldi. Çox təəssüf ki, o filmi görmədi. Ceyhun bizim və onu tanıyan sənət adamlarının qəblində həmişə yaşayır, xatırlanır. Ceyhun Mirzəyev Azərbaycan kinosunda özünə bir heykəl qoydu”. 

Qeyd edək ki, Azərbaycanın kino aktyoru və rejissoru Ceyhun Mirzəyevin vəfatından daha bir il ötdü.

Vasif Əlihüseyn