adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Sentyabr 2022 14:41
1880
MÜSAHİBƏ

Xalq artisti: “Belə filmlərdən o qədər də xoşum gəlmir” - MÜSAHİBƏ

 

Ömrünü səhnəyə, kinoya həsr etmək üçün doğulan, uzun bir yolun ağına düşüb, yolçuluq, "səyyahlıq" edən sənətkarlar var. A. Kamyü demişkən: " Əsl sənətkarlar zaman içərisində yol gedən səyyahlardır. “Belə "səyyah”lardan biri də Xalq Artisti Vidadi Həsənovdur.
 

-Bir neçə ay əvvəl Kinematoqrafçılar ittifaqına yeni sədr təyin olundu. Bir aktyor kimi bu yenilikdən gözləntiniz nədir?

-Əvvəla onu deyim ki, mən heç bir ittifaqın üzvü deyiləm. Bilmirəm, bu yaxşıdı, ya pis? Bəlkə də, indi deyəcəyim söz sizə lap qəribə gələcək. Amma, mənim bu yeni təyinatdan xəbərim yoxdur. Siz dediniz, eşitdim.
 

-Hətta?.. Görünür, sosial şəbəkələrdən az istifadə edirsiniz?

-Demək olar ki...

-“M Teatr” artıq yeni məkanda fəaliyyət göstərir. Hansı yeniliklər gözlənilir? Heyətinizdə yeni aktyorlar var?

-“M Teatr”(Mənim Teatrım) 2016-cı ildə yaranıb. Müstəqil teatr olduğumuz üçün həyat və mühit şərtləri o qədər də asan deyil. Bir vaxtlar, yəni yarandığımız dövrdə kiçik bir məkan icarəyə götürmüşdük, məşq edirdik, tamaşa hazırlayırdıq. O zaman teatrların kirayə haqqı da münasib idi. Sonra hər şey bahalaşdı. Və biz icarəyə götürdüyümüz məkandan çıxdıq. Teatrları icarəyə götürməyə heç gücümüz də çatmadı. Müəyyən müddət, hətta, fəaliyyətsiz qaldıq.

“Üç sadə cümlədən başladıq. Üç aydan sonra bir teatr yarandı”

-Ancaq dövlət teatrları sizə dəstək olurdu...

-Bəli, Azərbaycan Dövlət Kukla Teatrının rəhbəri Rəşad Əhmədzadə, uzun müddət ADMİU-un Tədris teatrında bizə imkan yaradıldı. Amma bu, ara-sıra olurdu. Bizə isə mütamadi çıxış etmək istəyirdik. Artıq, bir müddətdir bizim öz məkanımız var. Qanun nəşriyyatının təsisçisi, mənim yaxın dostum, “kitab adam” dediyim Şahbaz Xuduoğlu bir gün iş yerini mənə göstərəndə, boş bir otağa girdik. Otağı mənə göstərib soruşdu ki, " Hocam, burda nə etmək olar? Dedim: teatr. Dedi: Olsun”! Hər şey bu üç sadə cümlədən başladı. Üç aydan sonra bir teatr yarandı...
Ötən mövsüm 7 həftə tamaşa oynadıq. Yeni mövsümün açılışına hazırlaşırıq, yeni tamaşalarımız olacaq. Bizdə həm peşəkar aktyorlardan, həm də, “ M.Teatr juniors” deyilən istedadlı gənclərdən ibarət iki truppa var. Artıq gənclərimizin də tamaşası hazırdı. Bu tamaşanı da yaxın zamanlarda tamaşaçılara təqdim edəcəyik. Gənclər artıq yeni bir tamaşa üzərində də işə başlayıblar...

Bizim teatrda müxtəlif dövlət teatrlarında çalışan peşəkar aktyorlar işləyirlər. Onları tamaşaçılar çox gözəl tanıyırlar. Sadəcə bizə yeni qoşulan Oksana Rəsulova və Günəş Mehdizadədir. Oksana Rəsulova teatrda aktrisa kimi debüt edir.
 

-İstedadlı aktyorun özünü göstərməsi üçün nə lazımdır?

- Şə - ra - it. Başqa bir şey yox, yalnız şərait.
 

-Günümüzdə o şərait var?

-Var, amma... 37 ilə yaxındır ki, AMDİU-da müəllim işləyirəm. Hər il universiteti neçə- neçə istedadlı gınc bitirir. Amma, onların əksəriyyəti özlərini realizə etməyə yer tapa bilmirlər. Dövlət teatrlarında işə düzəlmək çox çətindir. Orda rəqabət də böyükdür. İstedadlı gənclərin özlərini göstərməsi üçün başqa məkanlar da olmalıdır. Bizim kimi özəl teatrlar çox olsa, onların özlərini realizə etmək, göstərmək imkanları da daha çox olar.
 

-Dövlət teatrlarının rəhbərləri hər il ADMİU-ni bitirən gənclər üçün dövlət teatrlarında vakant yer ayrılması təklifini irəli sürə bilməzlərmi?

-Onlar bu fikri irəli sürə bilər... Amma, bu işin icrası teatrın rəhbərlinin səlahiyyətində deyil. Dövlət teatrlarında bir vakant yerin ayrılması üçün Nazirlər Kabinetinə qədər gedib çıxmaq lazımdır. Bu, heç də asan iş deyil. Düşünürəm ki, hər bir teatrın rəhbərliyi istəyər ki, onun teatrında istedadlı gənclər olsun. Amma, o gənclərin ora gəlməsi üçün şərait və imkan məsələsi...(gülümsəyir)

“Özümü çox da böyük söz adamı hesab etmirəm”

-Siz, həm də, söz adamısınız...

- Hə, danışa bilirəm yəni... (gülür). Özümü söz adamı hesab etmirəm. Çünki söz adamı olmaq üçün sözlə peşəkarcasına məşğul olmaq lazımdır. İnsan gərək bu işə özünü həsr etsin. Mən isə daha çox teatrla məşğulam.
 

-Ən son nə yazmısınız?

-Çoxdandır şeir yazmıram... Amma, bu ərəfədə tərcümə etdiyim pyeslərdən ibarət bir kitabım çap olunub. Uzun illərdi universitetdə işlədiyimə görə, tələbələrə gərəkli olan bir çox əsərləri səhnələşdirirdim. Bu səhnələşdirmələrdə hadisələr bir məkanda baş verir, personajların sayı çox deyil. Bu da tələbə sənətçilərin işini xeyli adanlaşdırır. Beləliklə "Səhnələşdirmələr toplusu" adlanan dördüncü kitabım da ışıq üzü gördü.
 

-Müharibə haqda çəkilən bilmlərə baxanda orda nəyi görmək istəyirsiniz, amma görə bilmirsiniz?

-Müharibə haqda film görmək istəmirəm, yəni belə filmlərdən o qədər də xoşum gəlmir... Müharibə olmasa yaxşıdır. Müharibə olmasa, onun haqqında film də çəkilməz. Müharibə dəhşətli bir şeydir. Bu mövzuda çəkilən filmlərin birində mən də rol almışam - “Yalan” filmində. Yavər rolunu oynamışam. Müharibə elə bir şeydi ki, o, gəlib sənə şəxsən toxunmayana qədər insana romantik bir macəra kimi də görünə bilər. “Mən müharibəyə gedcəm və mütləq qəhrəman olacam!”- deyənlər bir şeyi də bilməlidirlər ki, insan birinci addımını atar və “ axmaq güllə” deyilən qurşun gəlib, məhz, həmin adamı tapar... Vətən üçün yaşamaq, Vətən üçün ölmək qədər şərəflidir.
 

“Hər şey də maliyyədən asılıdır”

-Serial sektoru sizi qane edir?

-Bilirsiniz, bir var arzu, bir də var reallıq... Hər şeyə real baxmaq lazımdır. Hal - hazırkı vəziyyətə baxsaq, demək olar ki, pis deyil. Bu şəraitdə, bu gerçəklikdə və bu maddi imkanlar içərisində bu iş görülürsə, pis deyil.

Amma, yaxşı da deyil - arzularımızdan baxsaq. Bizi çox şey qane etmir. Bax o çox şey maliyyədi - hər şey puldan asılıdır. Bizim də pulumuz çox olsa, inanın, sənətçilərimiz daha mükəmməl işlər ərsəyə gətirərlər.
 

-Pandemiya dönəmində bütün qapalı məkanlar kimi teatrlar da bağlı idi. Səhnəni nə ilə əvəz etdiniz?

- Kitablarımın üzərində işlədim. Nəşr etdirdim... Yarımçıq qalan bir sıra digər işlərimi də başa çatdırdım.
 

- Cəmiyyət müasir dövrdə çəkilən filmləri niyə sovet dövründə çəkilən filmlərlə müqayisə edir?

-Ümumiyyətlə, yaranan hər bir sənət əsərinin zamana ehtiyacı var. Hər şeyin mənası, məzmunu, dəyəri üstündən zaman keçəndən sonra daha da aydınlaşır. “Bəyin oğurlanması” filmi ilk dəfə ekrana çıxanda çoxları: " Bu, Vaqif Mustafayev, Ceyhun Mirzəyevin uzun metrajlı mozalanıdır" - deyib, lağ edirdilər. Amma, indi tamaşaçıların sevimli filmidir. Mən filmin bədii keyfiyyətindən yox, insanların bu ekran işinə münasibətindən danışıram...
Başqa bir məsələ: yer üzündə nə qədər insan varsa, o qədər də zövq var. Kimin üçünsə pis olan şey, hələ hamı üçün pis olan şey deyil və ya əksinə. Birmənalı olan şeylərdən qorxmaq lazımdı.
 

-Yaxın zamanlarda YUĞ-da və “M Teatr” da tamaşaçıları hansı tamaşalarla sevindirəcəksiniz?

-YUĞ dövlət teatrında M.F.Axundzadənin “Mürafiə vəkilləri” pyesi səhnələşdirilib. Bu yaxınlarda premyerası olacaq. Tamaşanın rejissoru Gümrah Ömərdir.

“M Teatr”da isə iki yeni tamaşa ilə başlamaq istəyirik. F.Kafka və gənc yazar Pərviz Seyidlinin mətnindən ibarət, yahudi musiqisi və gənc bəstəkar Azər Hacıəskərlinin musiqisi ilə sintez olunmuş “... instink” tamaşası - bu tamaşada Oksana Resulova və Ziya Ağa rol alıblar.
İkinci tamaşamız isə S.Sveyqin “Naməlum qadının məktubu” novellasının əsasında səhnələşdirilib. Bu tamaşada isə Günəş Mehdizadə, İlqar Cahangir, Ziya Ağa və Vüqar Hacıyev iştirak edirlər. Fürsətdən istifadə edib teatrsevərləri tamaşalarımıza dəvət edirik.

Əntiqə Kərimzadə