28 Mart 2023 12:58
654
İDMAN

Vilayət Quliyev: Nazir Azərbaycan futbolçularına görə xəcalət çəkirdi

Milli komandamız dünən İsveçə 0:5 hesabı ilə uduzdu. Qürrələnməli məsələ deyil. Amma gərək olanı yazasan.

Azərbaycan millisindən düz 18 il bundan əvvəl, 2005-ci il martın 26-da Varşavada keçirilən Polşa-Azərbaycan matçından sonra əlimi üzmüşəm. Həmin oyunda 0:8 hesabı ilə məğlub olduq.

VİP lojada Polşanın müdafiə naziri V.Şmaydanovski ilə yanaşı oturmuşduq (2010-cu ildə prezident L.Kaçinski ilə birlikdə təyyarə qəzasında həlak oldu). Qapımıza ikinci qol vurulandan sonra çiynimə toxunub:

– Bu futboldur, – dedi. – Hər dəqiqə hər şey dəyişə bilər.

Dördüncü qol vurulanda isə:

– Futbol boş şeydir, – deyə ürək-dirək verdi. – Əsas odur ki, sevgidə və müharibədə uduzmayasan.

Sonrakı qollar vurulanda daha heç nə demədi. Deyəsən o da oyuna görə xəcalət çəkirdi.

Komandanı Varşavaya gətirən çarter reyslə mən də bir neçə günlüyə Bakıya qayıtdım. Təyyarədə futbolçuları müşahidə etmək çox maraqlı idi. Elə bil 0:8 hesabı ilə uduzan onlar deyildi. Həvəslə yeyib-içirdilər. Uduzduqları oyundan başqa hər şeydən – dolların kursundan, polyak qızlarından, nə almaqlarından danışırdılar.

Yanaşı oturduğumuz məşqçi Şahin Diniyev isə guya özünə haqq qazandırırmış kimi:

– Uduzacağımızı bilirdim. Amma day belə hesabla yox… – dedi.

Uduzmaq əhval-ruhiyyəsi ilə gələn komanda təbii ki, qələbə qazana bilməz. Niyə uduzduğunu özünə dərd eləmirsənsə, səbəblərini axtarmırsansa, növbəti oyunlarda da məğlubiyyətə məhkumsan…

Futbol həm də vətənpərvərlik, milli təəssübkeşlik tələb edir….