adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
03 Oktyabr 2022 19:12
811
ƏDƏBİYYAT

VƏTƏN  ŞƏHİDİ -  CƏNNƏT  ÇİÇƏYİ... - Vaqif TANRIVERDİYEV yazır

Vətən  şəhidləri - Vətən  pərvanələridir.  Sonsuz sevgi ilə,  sönməz eşq ilə   vətənin başına dolanarlar. Dolanarlar... dolanarlar  aşiq olduqları  Vətənin, səcdəgah  Vətənin   təhlükə  anında  doğma torpaq naminə  özlərini qərq edər, vətəni oddan qoruyarlar...   Təki vətən yanmasın...  Təki  Vətən  yaşasın...Vətən eşqi ilk sevincləri, son andları...bu sevincin, bu  andın müqəddəsliyi ilə   haqqa qovuşarlar...                                                                                                           

Vətən  şəhidləri -  Qarabağ Azərbaycandır, nidası...Torpaq  uğrunda ölən varsa Vətəndir – müqəddəsliyi...

Vətən şəhidləri –  ölməz, unudulmaz  Vətən  fədailəridir. “Ölsəm də,  öldü deməyin mənə, ölüm özü də ikinci bir həyatdır” -  böyüklərə  qürur,  gənclərə örnək kimi əbədiyyətə qovuşan  əsgər nidasıdır.  Vətəni necə sevməyi,  Vətəni yağı düşməndən necə qormağı öyrədərlər... Şəhidlər ölməz, Vətən bölünməz...                          

Vətən şəhidləri - cənnət çiçəkləridir. Son mənzilləri  müqəddəs Vətən torpağı, ağuşuna   qovuşublar,  bu torpaqdan    al qərənfillər kimi  cücərər, pöhrə verər,  çiçəkləyər,  çiçək-çiçək Vətəni  bəzəyər,   torpağı  müqəddəsləşdirər, səcdə,  and yerinə çevirərlər.   Al qərənfillərə bürünmüş baş daşları  alov diliminə  bənzəyir,    torpağa sancılmış bayraq  kimi  vətəni  müqəddəsləşdirir, səcdə, and yerinə  çevirir.                                                                                                  

Şəhidlər Xiyabanı....İnsanlar sonsuz sevgi ilə,  ehtiram hissi ilə  əsgər  məzarlarının  başına dolanırlar,  qara mərmərdən  boylanan  gülümsər əsgər  şəklinə sığal çəkir,   gözündən öpüb, oxşayırlar.                                                          

Otuz ilə yaxın davam edən erməni işğalına son qoymaq üçün ayağa qalxan, canından keçən  şəhid-əsgər   məzarları əmrə müntəzir əsgər kimi  sıralanıbdır.  Qara, soyuq mərmərdən   iti, işıqlı  simalar  “baxır”.  Sanki  gözləyirlər, əmr gəlsə vətən üçün  candan keçməyə hazırdırlar, keçiblər də....                                                       

Hələ dünənə qədər həyatda idilər,  bəzisi  universitet  auditoriyalarında, bəzisi də  sevib-seçdiyi iş  başında,  evlisi,   övlad  böyüdəni də var idi,  toya hazırlaşanı, min bir arzu ilə yaşayanı da...   Vətən çağıranda  biganə qala bilmədilər, qala da bilməzdilər, Vətən çağırırdı.  Könüllü cəbhəyə yollandılar. Döyüşdülər, torpağı düşmən  tapdağından azad etdilər. Vətən  naminə canlarından keçdilər,  ömürlərini vətənə bağışladılar, qazancları bütöv vətən oldu.  İndi onlar   Vətənin  tarixində   yaşayırlar.                                                                                             

Qara daşa üzağlığı  gətirən əsgər  siması,   əsgər sırasını  xatırladan  məzar daşları...Qarabağ uğrunda döyüşlərdə    doğma  torpaq, milli  mənəmlik  naminə erməni qəsbkarlarına qarşı döyüşlərdə  canlarını fəda edən   əsgər  məzarlarıdır.         

Gəncədə Fəxri Xiyabanda Birinci Qarabağ  döyüşlərində Gəncənin  düşmənlə mərdliklə vuruşan, vətən naminə canından keçən  364  əsgərin    məzarı ilə  İkinci Vətən müharibəsində həlak olan  107 nəfər  şəhid-əsgərimizin və müharibə zonasından  çox-çox uzaqlarda yaşayan, azğın düşmən topuna məruz qalan  26 nəfər   mülki  şəxsin-uşaq, qoca və qadının  məzarları  yan-yana   sıralanıb...Sentyabrın 13-14-də  döyüşlərdə Vətən naminə özünü  fəda edənlər də  “sıraya durublar”.                                                                                                    

Gəncəlilər  Vətən fədailərinin xatirəsini müqəddəs tuturlar.  Fəxri Xiyaban   həmişə insanla  dolu olur. Valideynlər, dostlar, vətənə qəlbən bağlı olan insanlar  ruhən həminəcavan   şəhidlərimizi “darıxmağa” qoymurlar. Gəlirlər, xatirələrini etiramla yad edirlər. Gəncədə  bir  ənənə də yaranıb, yeni  evlənənlər  Fəxri Xiyabana  gəlir,  Vətən şəhidlərinin ruhuna ehtram edir,  xeyir-dua  alırlar.                     

Hər gün belədir, Fəxri Xiyabana  insan axını ara  vermir.  Aralarında   uşaqlar da var. Gəlirlər, doğma  torpağımız uğrunda döyüşlərdə  canından keçən   insanların  ruhuna səcdə edir,  məzarlar tər  qərənfillərə  bürünür.  Andları da dillərində: “Vətən  üçün lazım gəlsə...”                                                               

... Fəxri xiyabana  şəhid-əsgərimizi ziyarətə gələn  insan  axına qarışıb,  məzarlıq  boyu  irəliləyirəm. Çətindir, çox çətindir,    sakit, qəhərsiz  irəliləmək...  Ağır-ağır  addımlayıram,, ayağımdan elə bil daş asılıb,   dünyanın ən ağır yükü kimi zorla sürüyürəm.                                                                                       

Mənimlə yanaşı  əsgəri   formada  bir  qazi də addımlayır, döyüşdə   yaralanıb, qoltuq ağacına söykəli ağır-ağır  hərəkət edir.  Fikrimdən keçdi ki,   yəqin  şəhid-əsgər yoldaşının məzarını ziyarət etməyə gəlib.  Yanılmışam,   bütün məzarlar  qarşısında  dayanır, dodaqaltı  öz-özünə pıçıldayır, sankı vətən naminə döyüşlərdə canını  fəda etmədiyi,  qazi kimi də olsa  yaşadığı üçün özünü günahkar bilir, şəhid əsgər  məzarlardan  yaşamaq haqqı olaraq  xeyir-dua  alır.                        

Tanış  oluruq,  adını deyir, cəbhədə   sürücü işləyib.  Müharəbənin ilk günlərindən  könüllü  cəbhəyə yollanıb, xüsusi hazırlıqlı taborun tərkibində  Qarabağ  uğrunda döyüşlərdə iştirak edib.                                                                      

Özündən çox  əsgər dostları, döyüş yolları haqqında danışır. Danışır deyəndə ki  sanki ürəyinə yazılıb, sinə-dəftər  xatırlayır. Ağır döyüşlərdə  yaralanan əsgər yoldaşı  Mirzə Hüseynov  Şuşanın  girəcəyində yaralanıb, yaralı əsgər yoldaşını  5 kilometr  çiynində daşıyıb. Yaralı  Emin Cəbrayılovu döyüş zonasından, güllə yağışının altından çıxarıb.                                                                                      

Ürəyinin üstündə qürurla  sıraladığı  medallara baxıram.,   döyüşlərdə  göstərdiyi fədakarlığa  görə “Döyüşdə fərqlənməyə görə” və “Şüşanın.... Füzulinin .....  azad olunmasına görə”  medalları ilə  təltif olunub.                                                    

Kantuziyalı,  yarımcan qazi ilə  ağır-ağır  məzarların arası ilə addımlayırıq. Bir məzarın qarşısında  dayandı:                                                                                 

-  Əsgərov Tağı  Nizami oğlu, çox  cavan idi, cəmi 19  yaşı vardı, amma  illərin əsgəri kimi  döyüşürdü, sanki səngərdə doğulmuş, səngərdə böyümüşdü. Düşmən  əsgərlərinə göz dağı  idi,  Füzuli,  Cəbrayıl,  Zəngilan, Qubadlı və Xocavənd rayonlarının  işğaldan azad olunmasında əsl topçu məharəti  göstərdi, o nəhəng qurğudan  ov  tüfəngi  kimi  çevikliklə istifadə  edir, düşməni “gözündən” vururdu. Qələbənin bir addımlığında, 9 noyabr günü Xankəndi şəhəri istiqamətində gedən döyüşlər  sonuncu  oldu,  şəhidlik  zirvəsinə yüksəldi.                                           

Söhbətə ara verdi.  Əli ilə  soyuq  mərmər üzərində həkk olunmuş medalları oxşadı. Ölkə  Başçısının Sərəncamları ilə  “Füzulinin azad olunmasına görə”,  “Xocavəndin azad olunmasına görə”,  “Şuşanın azad olunmasına görə”  medallar alıb. “Cəsur döyüşçü” medalı da  mükafatlar sırasındadır. Hamısına da ölümündən sonra  layiq görülüb. Cavan  idi, yaşasaydı, Qarabağın azad  olunduğu gün  qaliblər sırasında yerimək onun da haqqı idi.  Əlamətdar günlərdə  medalları döşünə düzər,   sıranın    önündə qürurla  dayanar,  böyüməkdə olan nəslə  də  örnək olardı.          

Səssiz addımlayırıq.  Dərin xəyala dalıb, heç nə danışmır. Bir müddət sonra sükutu  yenə pozur,   Vətən şəhidləri, Vətən fədailəri ilə tanışlığı davam etdirir:            

  - Bu da Raufun məzarıdır, Əsgərov Rauf  Vaqif oğlunun...  Aqrar universiteti bitirib, hərbi kafedrada hazırlıq keçib,  leytenant rütbəsi ilə  hərbi xidmətini  də  başa vurmuşdu. Amma  müharibə çağrışına  biganə qala bilmədi. Zabit kimi Füzuli və Xocavənd  rayonları  istiqamətində döyüşlərdə iştirak etdi. Füzuli döyüşlərində  düşmən gülləsi Vətən üçün döyünən ürəyə  ...  “Sinəsini”   “Vətən uğrunda”, “Döyüşlərdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları bəzəyir.                                                                                              

Daha bir  şəhid haqqında  danışır. Hüznlüdür, amma elə qürurla, elə avazla danışır ki, sanki ağı deyil, qəhrəmanlıq  dastanı söyləyir.                                             

- Bu da Bürcəliyev İlqardı. Ayrı  oğul idi. Tanıyarsan,  xalq artistləri Məmməd Bürcəliyevin və Sədayə Mustafayevanın  nəvəsidir. Yaxşı futbolçu idi, “Kəpəz”də, “Zirə” də oynamışdı. 18  yaşlılardan ibarət Azərbaycan  yığmasının heyətində çıxış edirdi. İndi  doğmaları  onun  “iyini”   “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” medallarından  alırlar.                                                            

Məzar sırası ilə addımladıqca hər bir şəhid haqqında  dəqiq  məlumat verir: Ceyhun Abbasov taborun snayper qrupunun komandiri idi,  Nurlan Bağırovun cəmi  20 yaşı vardı,  Füzuli   ərazisində döyüşlərdə şəhid olub,   Həsən Bayramovun sinəsini  beş medal bəzəyir,  Röyal Cəfərovun da sinəsinə beş medal “həkk” olunub,  Məhəmməd Hüseynov, Səxavət Həsənov və  Ruslan Hümbətov da  cəbhədə göstərdikləri  igidliyə görə beş medalla  təltif olunublar.  Kənan Həsənov,  Ruslan Hümbətov,  Röyan Hüseynov,  Məhəmməd Hüseynov,  Bəhruz İsgəndərov,  Rabil İsmayılov,  Rəmal Qasımov,  Eltac Quliyev,  Elşad Mahmudov, Anar Məmmədov,Vüsal Məmmədov,  Elcan Muradov,  Elnur Nəcəfov,  İsə Orucov, Mirhüseyn Seyidzadə...hansını deyim,  igid,   Vətən naminə şəhid...                                  

Düzü  Vətən müharibəsi qazisinin bu bilgisi, şəhid əsgərlərimizə belə sonsuz etiramı  qəlbimi dağa döndərdi.  Sanki bütün bu şəhid-əsgərlərlə bir hissədə  döyüşüb.                                                                                                         

Sonra  bir müddət  susdu.                                                                                 

Sükutu  mən pozdum:                                                                                       

- Bu uşaqları belə yaxından tanıyırsan, sanki bir  taborda  vuruşmusan,-deyə  soruşdum.                                                                                                                       

  - Yox – dedi, bir müddət  susub, əlavə etdi:                                                              

  - Hər gün burdayam, bir-bir ziyarət edirəm, doğmaları ilə dərdləşirəm.  Hamısının tərcümeyi-halı ürəyimə yazılıb, əzbər bilirəm. Xalqımız da  onların ruhuna etiramla  yanaşır, hər gün burda insan izdihamı yaşanır. Hərdən  məktəbli uşaqlara da rast gəlirəm,  yaxşı olar ki, tez-tez gəlsinlər. Lap elə məktəb proqramına salınsın,  qoy  gəlib   Vətən şəhidinə   ümumxalq  etiramını  görsünlər, vətən sevgisini, vətən üçün candan keçməyin qürurunu dərk etsinlər.                             

Vətən müharibəsindəki qələbəmizə hər bir insan öz töhfəsini verdi. Vətən naminə canından keçənlər də oldu,  yaralanıb cəbhədən yarımçıq qayıdanlar da...             

44  günlük  müharibədə  bütün ölkə  sanki bir nəfər kimi  qələbə ab-havası ilə yaşadı, hər bir insan ölkə başçısının arxasında mətin dayandı.   Bu  ümumxalq coşqusunu, vətənpərvərlik ruhunu  ölkə başçısının,  Ali Baş Komandanın   qətiyyəti, siyasi səriştəsi və  uzaqgörənliyi  tamamladı.                                           

Bu müharibədə biz təkcə azğın erməni ilə vuruşmurduq.  Dünya televiziyalarının, aparıcı kütləvi informasiya  vasitələrinin  nümayəndələri  müharibənin gedişini çox  diqqətlə izləyirdilər. Bir fakt  çox qürurvericidir,  Ali Baş Komandan  müharibə dövründə və sonradan 30-dan artıq ölkənin kütləvi informasiya  vasitələrinin nümayəndələrinə  müsahibə verdi.  Onların arasında haqq işimizə inanan, qələbəmizə sevinənlər də  var idi, xüsusi hazırlıq  keçmiş agentura nümayəndəsi kimi  şantajçı, iyrənc suallarla  çaşqınlıq yaratmaq istəyənlər də. Müsahibələrin böyük əksəriyyətinin  mühiyyəti göstərdi ki, bəzi düşmən ölkələri tərəfindən informasiya blokadasına alınmışıq, haqq işimizə kölgə salmaq, ölkəmizi qəsbkarlıqda günahlandırmaq  iddiası çox  güclüdür. Amma  ölkə başçısı, Ali Baş Komandan  ayıq-sayıq və  qətiyyətli idi, dostu da, düşməni də yaxşı tanıyırdı. Müharibə və onun əsl  mahiyyətini,  düşmənin işğalçılıq  siyasətini ifşa edən  müsahibələri  dünya insanını bizim  haqq mübarizəmizə  bir daha  inandırdı.  Bu müsahibələr düşmən mövqeyində olanları susmağa məcbur etdi, əsl həqiqəti bilmədiyindən tərəddüd edənləri  inandırdı, işğalçılıq  siyasətinin əsl mahiyyətini dünya  insanına  göstərdi. Dünyanın  demək olar ki, bütün ölkələrində  müharibə haqqında ermənilərin uydurduqları mifi parçaladı, əsl həqiqəti  bəyan etdi.                                                                                                                  

Azərbaycan Respublikasının Prezidenti,  Ali Baş Komandan  İlham Əliyev vətənpərvərlik hissinin yüksək olmasını, gənclərin vətənpərvər ruhda böyüməsinin vacibliyini xüsusi vurğulayır: “Torpaqları işğal altında olan ölkə hər an müharibəyə hazır olmalıdır.  Müharibədə isə silahdan da  öncə  vətən sevgisi, vətənə bağlılıq,  vətənpərvərlik əsas rol oynayır. Cəmiyyətdə vətənpərvərlik hissinin daim  yüksək olması, gənclərin vətənpərvər ruhda böyüməsi lazımdır”.                

Ali Baş Komandan  qələbə xəbərini, xalqımızın yenilməzliyini də  qürur hissi ilə   bütün dünyaya  bəyan etdi:                                                                              

“…Biz bütün dünyaya göstərdik ki,  biz böyük xalqıq, yenilməz xalqıq.  Biz döyüş meydanında, siyasi müstəvidə  Qələbə qazanmışıq və bu Qələbə  ölkəmiz üçün yeni dövr açır. Bu, dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır.”          

“...Uca  Tanrı Vətənimizin keşiyində  dayanan  hər bir  əsgər və zabitimizi, bütün mərd oğul və qardaşlarımızı qorusun!  Bütün şəhidlərimizə  rəhmət, onların doğmalarına səbr diləyirəm” –  bu da Azərbaycanın Birinci  Vitse-prezidenti  Mehriban xanım  Əliyevanının   xalqımıza xeyir-duasıdır,   hər bir şəhid ailəsinin kədərinə, ağrı-acısına məlhəmdir,   son  qəti qələbəyə  çağırış  nidasıdır.               

...Məzarlar arası ilə irəlilədikcə  qara kəlağayılı  əsgər anaları  diqqəti  cəlb edir.  Kədər birləşdirir onları, bir-birinə də  çox  oxşayırlar.  Qara kəlağıyının kölgəsi düşmüş sifətlər, gözlərindən sinələrə sıxılmış  qərənfillərin ləçəklərinə  düşən  yaş damlaları ürəklərini  nə qədər  dağlasa da  qürurludurlar.                             

Vətənə  övlad fəda etmiş anaların səsi   qulaqlarımda əks-səda verir:                 

“Salam, mənim qəhrəman oğlum,   məzarın  ürək  ağrımdır. Amma təsəllim böyükdür. İndi məni  əsgər anası adlandırırlar, bu adı mənə sən veribsən, sənin Vətən naminə  fədakarlığın verib…”                                                                   

Yaralı  əsgər irəli gedib ananın  titrək  əllərindən öpdü, kədərin vaxtsız    ağartdığı  saçlarına sığal çəkdi.                                                                                    

Sağ ol, qazi,  sağ  ol,   köhnə döyüşcü...                                                          

Budur, vətən sevgisi, budur, şəhid ruhuna etiramın ifadəsi.                   

Özümlə götürdüyüm Gəncə şəhidləri haqqında    “Vətən müharibəsi, Gəncə şəhidləri” kitabını keçmiş əsgərə, qaziyə bağışladım.                                         

Aldı, açdı, bir-bir  şəhid  tərcümeyi-hallarına, fotolara  baxdı.   Sonra müqəddəs kitab kimi  öpüb  gözünün üstünə qoydu.                                                      

- Sağ olsun,  Ali Baş Komandan, şəhid ruhuna, ailələrinə, döyüşlərdə sağlamlığını itirmiş qazilərə, cəbhə üçün əlindən gələni etmiş hər bir  insanımıza diqqətlə yanaşır, hər cür qayğı göstərilməsinə şəxsən nəzarət edir.  Budur, doğma torpağına,  əsgərinə  etiramın ifadəsi, qələbəmizin nüvəsində də  prezident-xalq, xalq-prezident birliyi durur.                                                                                                

Vətən, uğrunda ölən varsa, Vətəndir – deyirlər. Bu  məzarlarda  uyuyanlar da Vətəni  vətən edənlərdir. Vətəni ana bildilər, doğma torpağı  əbədi yuva  seçdilər. Zaman ötəcək, nəsillər dəyişəcək, amma şəhid-əsgərin ruhuna ehtiram yaşayır, yaşayacaq,   müqəddəs  şəhid xatirələri ürək  döyüntülərimizdə yaşayır və yaşayacaq,  Azərbaycanımız  kimi əbədi  var olacaq.                                                

Şair dostumuz Musa  Ələkbərlinin  qanadlı ifadələri   qəlbimdə əks-səda verir,  Vətən naminə şəhid ruhunun  müqəddəsliyi gözümü, könlümü  nura boyanır:                                                                                                                              

Bu boyda şəhid yükünə                                                                                                                

Şax durdun, dözdün,  ay Vətən.                                                                                                  

Artıq bu gün bütövləşib                                                                                                                

Sərhəddin, səddin, ay Vətən...                   

                                                                                             

Vaqif  TANRIVERDİYEV       
Gəncə