adalet.az header logo
  • Bakı 27°C
  • USD 1.7
23 Iyun 2022 13:10
587
MƏMLƏKƏT

Vəhşilərin viran qoyduğu Zəngilana insan əli dəyir: “Çaylara balıq, meşələrə ağaç”

Tərifləməyə ehtiyac yoxdu, Qarabağın hər guşəsi bir cənnət köşəsidir. Hər köşənin də özünə məxsus tarixi, təbii gözəlliyi, təbii sərvətləri və maddi mədəniyyət abiləri var. Bu gözəlliklərn ən başında isə elə o torpaqların insanlarıdır. Bakıdan cəmi 386 km məsafədə yerləşən Zəngilan da bənzərsizliyi ilə seçilən vəAzərbaycanın işğal edilən sonuncu rayonlarımızdandı.

Nəzərə alsaq ki, su həyat mənbəyidir və bu rayonun ərazisində 4 çay keçir, demək elə cənnətin özü buradadır: Araz, Oxçuçay, Həkəri, Bəsitçay. Zəngilanın Bəsitçay çayı hövzəsində böyük bir ərazidə təbii çinar meşəsi mövcuddur. Zəngilandan məcburən köçkün düşmüş soydaşlarımızın söhbətlərinə görə bu çaylarda qiymətli qızıl balıq yetişirmiş və əhalinin tələbatına az da olsa cavab verirmiş.Bu balıqlar həm də ona görə qiymətli hesab olunurmuş ki, onların dadı nə dəniz, nə göl, nə də diğər çayların balıqlarına qətiyyən bənzəmirmiş.

Ermənilər çaylarımızı çirkləndirdiyinə görə, çayların balıqları da tükənmək ərəfəsində olub.Azərbaycanın qüdrətli ordusu əzəli yurdlarımızı işğaldan azad etdikdən sonra bu əraziləri əvvəlki görünüşünə qaytarmaq üçün dövlətimiz müxtəlif tədbirlər həyata keçirir. Məsələn, Qarabağ və Şərqi Zəngəzur ərazisində biomüxtəlifliyin qorunmasına və su hövzələrində bioresursların bərpasına töhfə vermək məqsədilə Zəngilan rayonunun Ağalı kəndinin yaxınlığından keçən Həkəri çayına balıq körpələrinin buraxılışı həyata keçirildi.

İyun ayının 10-da Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirdi ki, Zəngilan rayonunda Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyevin və ETSN rəsmilərinin iştirakı ilə çaya balıqartırma zavodlarında yetişdirilən 2000 qızılxallı forel körpəsi buraxılıb.

Yüzilliklərdən keçib gələn təbii Çinar meşəsi sahəsinə görə planetdə ikinci, Avropada birinci olan dünyaşöhrətli füsünkar bir məkandır. O meşələrdə oxlu kirpi, cənub-şərqində çöl qabanı, ayı, cüyür yaşayır. Quşlardan qırqovul, kəklik, meşə xoruzu, gəlincik, sərçə, qarğa, sağsağan, qumru, vəhşi göyərçin, tülkü, boz dovşan, canavar burada da geniş yayılmışdır.

Yenə də işğalçı və tamahkar ermənilərin qara niyyəti meşələrimizdən də yan ötməyib. Onlar qiymətli ağacları həm məişətdə istifadə edib, həm də xammal kimi bazarlara çıxarıb maddi gəlir əldə ediblər. Bu tamahkarlıq onların qarşılarına çıxan hər şeyə bu prizmadan yanaşdıqlarını göstərib. 2017-ci ilin məlumatlarında deyilirdi ki, Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycan ərazilərinin 261 min hektar meşə sahəsi, o cümlədən pasportlaşmış 145 Şərq Çinarı məhv edilib. 2014-cü ilin məlumatı:” Zəngilan rayonunun Rəzdərə kəndində çinar meşəsinin yerləşdiyi ərazidə ermənilər ağac emalı sexi açıblar. Sex fasiləsiz olaraq işlədilir, mebel materialı istehsal olunur. Ətrafda olan çinar, qoz, palıd ağaclarını ucdan tutma qırıb istifadə edirlər. Ermənilər qırılan ağacların kökünü itirmək üçün onun kökünə partlayıcı maddə qoyub dağıdır. Sonra isə yandırır beləliklə də cinayətlərinin izini itirməyə çalışırlar. Ərazidə saxlanılan mal-qaraya cavan pöhrələr yedizdirilir, toxumdan əmələ gələn cücərtilər məhv edilir. Belə faktlar isə ekoloji terrordan başqa bir şey deyil.

Daha sonra Zəngilan rayonunun Muğanlı kəndində 100 miliyon dollar dəyərində yeni ağac emalı zavodu tikilib. Onun istifadəçiləri İsfahan erməniləridir. Guya bu zavodun əsas xammal bazası Araz çayından axıb keçən ağaclardır. Halbuki zavodun istifadəyə verilməsinin başlıca məqsədi Zəngilanın və ətrafdakı digər işğal edilmiş rayonların meşələrinin kökünün kəsilməsidir. Əlbəttə ki, başlıca zərbə yenə də ağacların şahı olan çinarlara dəyir”.

28 ildə mənfur ermənilər həmin meşələri tar-mar etsələrdə o bərəkətli torpaqlar o torpağa dəyən insan əlindən sonra yenə əvvəlki həddinə qayıdacaq. Çünki, işğal olunmuş ərazilərdə ətraf mühitə vurulmuş zərərin aradan qaldırılması, ekoloji tarazlığın bərpası məqsədilə “Zəfərdən Dirçəlişə” adlı layihə çərçivəsində Zəngilanda ağacəkmə aksiyasına hələ 2020-ci ilin dekabrından start verlib. 1000-dən çox ağac əkilib. 30 hektar ərazidə 30 min ağacın - əsasən yerli iqlim şəraitinə uyğun Eldar şamı, həmişəyaşıl sərv, göyrüş, şeytan ağaclarının və Şərq çinarının əkilməsi nəzərdə tutulur.

İşğaldan azad edilmiş bütün yurd yerlərimizi görmək arzusu ilə...

Əntiqə Rəşid