adalet.az header logo
  • Bakı 19°C
21 May 2022 16:28
3490
MÜSAHİBƏ

"Vaxtı vaxtında ruhumuzu qidalandıraq ki..." - MÜSAHİBƏ

Biz bu dəfə də bütün zamanların əsas mövzusu olan insan psixologiyasından danışacağıq. Müsahibimiz illərdir bu sahədə öz peşəkarlığı ilə fəaliyyət göstərən psixoloq Könül Həsənovadır.

- Öncə özünüz və fəaliyyətiniz barədə ümumi məlumat verməyinizi istərdim.

- Mən Həsənova Könül Əbülfət qızı Azərbaycan Pedaqoji Universitetinin Psixologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. Qeyd edim ki, 2005 – ci ildən ilk fəaliyyətimə məktəb psixoloqu kimi başlamışam. Bundan sonra fəaliyyətimi Narınc psixologiya mərkəzində davam etdirmişəm. Hal – hazırda isə Primida psixoloji mərkəzdə fəaliyyətimi davam etdirirəm.

- Bəzi adamlar psixoloqla psixiatrın işini fərqləndirə bilmir. Bu peşələr arasında fərqləri necə izah edərdiniz?

- Sualınıza elmi aspektdən cavab verərərək bildirim ki, Psixiatriya ruh və sinir xəstəliklərinin diaqnozunu müəyyən edib, medikal müalicəsini həyata keçirir. Psixologiya isə ruh haqqında elm olub, var olan simptomları və ya təsdiqlənmiş diaqnozu psixoterapiya metodları ilə terapiya edir. Psixiatr tibb universitetindən məzun olduqdan sonra psixiatriya sahəsində uzmanlaşan tibb işçisidir. Uzmanlıq təhsilini bitirdikdən sonra əhval-ruhiyyə pozuntuları, psixotik pozuntular, həyəcan pozuntuları başda olmaqla psixiatrik xəstəliklərin diaqnozunu müəyyənləşdirmə və medikamentoz (dərman) müalicə etmə haqqına sahib olur.

Psixoloq isə dörd illik psixologiya təhsilini bitirərək psixologiya haqqında ümumi məlumatlara sahib olan və daha sonra təhsilini davam etdirərək psixologiya sahələrindən birini seçib ixtisaslaşacaq olan şəxsdir.

- Məlumdur ki, psixi pozuntuların bir çox versiyaları mövcuddur.Yüngül və ağır psixi pozuntular nədir? Və onlar arasındakı fərqi nədir?

- Adətən səhhətimizdə hər hansısa bir narahatlığımız olanda vaxtında müdaxilə etdiyimiz zaman bu xəstəliyin ağırlaşmamasının qarşısnı alırlar. Psixi pozuntular dediyimiz pozuntular birdən – birə ağır formada özünü göstərmir. Müəyyən problemlər var ki, onlar xırda narahatçılıq kimi üzə çıxır. Məsəl üçün - həyəcan , təşviş ola bilər. Obsessiv düşüncələr demək olar ki, bütün insanlarda var. Lakin bu getdikcə artıqca mütəxəssisə müraciət edilmədikdə obsessiv və kompulsiv pozuntulara çevrilir. Təcrübəmə güvənərək söyləyə bilərəm ki, mütəxəssisə vaxtında müraciət etmək lazımdır. Çünki bu hal sonra hansısa ciddi pozuntuya çevrilməsin.

- İnsanların özünə qəsd etməsi halları da ciddi narahatlıq doğuran məsələlərdəndir. Sizcə intihara meyilli və ya intihar edən insanı “psixiatrik xəstə” adlandırmaq olarmı? Yaxud hər hansı normal adam da bir anın içində intihar vəziyyətinə gələ bilər?

- Özünəqəsd - psixologiya elmində buna suisis deyilir. Hal - hazırda dövrümüzün qlobal problemlərindən biridir. Lakin biz buna psixiatrik xəstəlik deyə bilmərik. Çünki hal - hazırda özünəqəsdə bəzi insanlar adi məişət problemlərindən çıxıç yolu kimi baxırlar. Təcrübəmdə gördüklərimdən sizininlə bölüşmək istəyirəm. Misal üçün valideynləri tərəfindən abiturient edə biləcəyindən daha çox mənəvi cəhətdən yüklənib. Və valideynlərinə bu yükü daşıya bilmədiyini, qarşısına qoyulan öhdəliyi icra edə bilmədiyini deyə bilmir. Nəticədə özünə qəsd etməyi qərara alır. Yəni yalnız sırf psixi pozuntuları və psixiatrik xəstəliyi olanlar özünə qəsd etmir. Əfsuslar olsun ki, bəzi insanlar özünəqəsdi bir çıxış yolu kimi seçirlər. Bu bir psixiatrik problem deyil.

- Təcrübənizə əsasən deyə bilərsinizmi, depresiyada olan insan öz-özünü müalicə edə bilərmi?

- Əvvəlcə onu deyim ki, depressiya psixi pozuntudur. Və statistikaya görə hər 5 nəfərdən biri ömründə bir dəfə də olsun depressiv vəziyyətə düşür. İnsanlar bu vəziyyətə müxtəlif situasiyalara görə düşə bilir. Misal üçün işimizdən ayrılmağımız, sevgilimizdən ayrılmağımız bizi depressiyaya sala bilər. Depressiyanın iki əsas müalicə üsulu mövcuddur. Birinci dərmanla müalicə üsulu. İkinci isə psixo terapiya. Təbii ki, bu ikisi eyni zamanda aparılsa daha yaxşı nəticə əldə etmək olar. İnsanın özünün depressiyaya qalib gəlməsi əlbəttə ki, mümkündür. Belə ki o insanlar depressiyaya düşdükərini vaxtında anlayıblar və doğru müdaxilə edərək həmin depressiv vəziyyətdən çıxıblar. Amma hər kəs bunu edə bilmir. Əgər biz özümüzü depressiv vəziyyətdən vaxtında çıxarda bilmədiyimizi hiss etdiyimiz zaman mütləq şəkildə peşəkar psixoloqa müraciət etməliyik.

– Hər bir psixoloqun özünəməxsus müalicə metodları barədə bilirik. Bəs siz bu sahə üzrə mütəsəssis olaraq hansı psxioloji üsula üstünlük verirsiniz və bunun avantajları nələrdir?

- Bəli psixologiyada müxtəlif metodlar var. Mənim ən çox istifadə etdiyim metodlar Pozitiv psixologiya, koqnitiv bihevioral terapiya və art terapiyadı. Bunlardan mütəmadi istifadə edirəm. Və yaxşı nəticələr əldə etmişəm. Lakin ən çox koqnitiv bihevioral terapiyadan istifadə edirəm. Bu terapiyaya niyə üstünlük verirəm? Çünki insanlar daha çox duyğu, düşüncə və davranışları ilə formalaşırlar. Bir hadisə baş verirsə bu mütləq şəkildə bizim duyğularımıza təsir edir. Duyğularımı düşüncələrimizi formalaşdırır. Düşüncələrimiz isə özünü davranışlarımızda göstərir. Bu terapiya növünə ona görə üstünlük verirəm ki, bununla məsələ kökündən tam həll olunmuş olur.

- Sonda cəmiyyətimizə bir psixoloq kimi nə mesajınız var?

- Bir psixoloq kimi qənaətim budur ki, sağlam ruhun sağlam bədəni olar. Bu günə qədər sağlam bədəndə sağlam ruh olar deyirdilərsə mən isə sağlam ruhun sağlam bədəni olar deyirəm. Vaxtı vaxtında ruhumuzu qidalandıraq ki, bədənimizin də sağlam qidalanmasının faydasını görək. Və hər birinizə sağlam ruh və sağlam bədən arzulayıram.

- Könül xanım çox maraqlı müsahibəyə görə sizə təşəkkür edirəm. İşlərinizdə uğurlar arzu edirəm. Sağ olun!

- Mən də sizə minnətdaram. Sağ olun!

Söhbətləşdi: Bünyamin Bünyadzadə