19 Sentyabr 2025 18:13
68
MƏDƏNİYYƏT

Üzeyir Hacıbəylinin 140 illik yubileyi keçirildi - FOTOLAR

19 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialında dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim Üzeyir Əbdülhüseyn oğlu Hacıbəylinin 140 illik yubileyi keçirildi.

Yubiley tədbiri Azərbaycan  Dövlət Himninin sədaları ilə başladı.

Tədbiri giriş nitqi ilə muzeyin Aran Regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq bildirdi ki, bəşəriyyət tarixində elə şəxslər var ki, onlar özləri üçün anadan olmayıblar, bəlkə bütün xalqa və hətta ümuminsaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıblar. Bu cür adamlar nəinki sağlığında, bəlkə öləndən sonra da xalqa mənfəət verirlər. Üzeyir  Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni istiqamət və milli bəstəkarlıq məktəbinin özülünü qoymuşdur. Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi tanınmış dahi bəstəkar, ilk azərbaycanlı folklorçu-bəstəkar və Azərbaycan musiqisinin dərinliklərini və istiqamətlərini araşdırıb üzə çıxarmış və əsaslandırmış ilk azərbaycanlı musiqişünas-alimdir. Üzeyir Hacıbəyli həm də ədəbi-bədii dəyərini itirməmiş yazıları ilə tanınan publisist, felyetonçu və librettoçu-dramaturqdur. Üzeyir Hacıbəyli görkəmli yenilikçi, müəllim-ustad və Azərbaycanda böyük musiqiçi-ictimaiyyətçı kimi, Şərqdə ilk musiqili teatrın və ilk Konservatoriyanın yaradıcısı kimi Azərbaycan xalqının tarixində və mədəniyyətində dərin iz qoymuşdur. 

“Üzeyir Hacıbəylinin mədəniyyətimizə töhfələri” mövzusunda çıxış edən Kürdəmir Mədəniyyət Mərkəzinin bədii rəhbəri Sahilə Museyibova bildirdi ki, Üzeyir Hacıbəyli Azərbaycanda böyük musiqiçi-ictimaiyyətçı kimi, Şərqdə ilk musiqili teatrın və ilk Konservatoriyanın yaradıcısı kimi Azərbaycan xalqının  mədəniyyətinə, mənəviyyətinə töhfələr vermişdir.
Üzeyir Hacıbəyli Azərbaycan musiqisini dərindən araşdırmış və onun, zəngin və çoxşaxəli olduğunu elmi məqalələrində göstərmişdir. Ü.Hacıbəyli 1921-ci ildə Bakıda azərbaycanlı tələbələr üçün ilk musiqi məktəbini — Azərbaycan Dövlət Türk Musiqi Məktəbini təşkil etmişdir. 1926-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında fəaliyyət göstərən Hacıbəyli burada nəzəriyyə, harmoniya, Azərbaycan musiqisinin əsasları fənlərindən dərs demiş, konservatoriya yanında ilk çoxsəsli Azərbaycan xor kollektivi yaratmışdır.

Yubiley tədbirinin bədii hissəsində dahi bəstəkarın şərqdə məşhur olan ölməz əsərlərindən parçalar səsləndirildi. Eyni zamanda, şagirdlərin Üzeyir Hacıbəylinin bədii əsərlərindən, kiçik miniatürlərindən ibarət hazırladıqları səhnəciklər tamaşaçılar tərəfindən  alqışlarla qarşılandı.

Tədbirdə manitor vasitəsilə dahi bəstəkarın həyat və yaradıcılığından bəhs edən lentlər, filmlərdən epizodlar tamaşaçılara təqdim edildi.

Tədbirdə  Üzeyir Hacıbəyliyə həsr olunmuş Anarın “ Üzeyir ömrü” filmindən bir parça nümayişi olundu. Tanınmış müğənni Sabir Hüseynov bəstəkarın məşhur “Sevgili canan” romansını ifa edərək tamaşaçların alqışına səbəb oldu.

Tədbir dahi bəstəkarın “Koroğlu” uvertürasının sədaları ilə sona çatdı.