adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
18 May 2022 12:30
1733
MÜSAHİBƏ

Ülvi Quliyev: "Müttəfiqlik həqiqətlərin mahiyyətini dəyişə bilməz" - MÜSAHİBƏ

Müsahibimiz Milli Məclisin deputatı Ülvi Quliyevdir.

 

-Ülvi müəllim, Ermənistanın baş naziri N.Paşinyan mayın 16-da KTMT-nin Kremldə keçirilən yubiley tədbirində təxribat xarakterli açıqlamalar verdi. Bəyan etdi ki, guya Azərbaycan ötən il Ermənistan ərazisinə girsə də, KTMT-yə üzv olan ölkələr bunu sükutla qarşılayıblar. N.Paşinyan belə bir əsassız iddianı da dilə gətirdi ki, 44 günlük müharibədə, rəsmi müraciətlərinə baxmayaraq, KTMT Ermənistanın yanında yer almayıb. Paşinyan bir tərəfdən bəyan edir ki, Azərbaycanın irəli sürdüyü 5 təməl prinsipi əsasında sülhə hazırdır, o biri tərəfdən isə bu cür absurd bəyanatla çıxış edir. Cəmiyyətimiz  Ermənistan rəhbərinin hansı bəyanatına inanmalıdır?

 

-İndiyədək Ermənistanın çoxsaylı hərbi-siyasi təxribatlarının və cəfəng bəyanatlarının şahidi olmuşuq. Bu, təkcə Paşinyan hakimiyyətinə aid deyil, ondan əvvəlkilərin də mayası eyni xəmirdən yoğrulmuşdu. Təəssüf ki, bəzən öz içərimizdən olan kimlərsə də Paşinyanın əyninə zorla demokrat libasını geyindirməyə çalışırlar. Amma unudurlar ki, seçki yolu ilə hakimiyyətə gəlmək, hələ o demək deyil ki, seçilən şəxs idarəetmədə demokratik dəyərlərə sadiq olacaq. Bu cür nümunələr dünyada az deyil, hətta Avropanın özündə belə. Belələri onu da yaddan çıxarıblar ki, müharibədən əvvəl “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını verən, Şuşada rəqs edərək heysiyyatımızla oynayan da məhz Paşinyan idi. Qonşu dövlətlərə, o cümlədən qardaş Türkiyəyə ərazi iddiası ilə bağlı müddəa Ermənistanın konstitusiyasında hələ də qalır. Bəzilərinin az qala demokrat mücəssiməsi kimi vəsf etdikləri Paşinyan bu konstitusion “normadan”  imtina etməyibsə, onun ölkəmizin ərazi bütövlüyünü tanımasına dair bəyanatında səmimi olduğuna necə inanmaq olar? Paşinyanın Moskvadan verdiyi son açıqlamaları göstərir ki, Şuşada o bəyanatı səsləndirmiş birisinin zehniyyətində inqilabi dəyişikliyin baş verəcəyini gözləmək sadəlövhlükdür. Yadınızdadırsa, o, aprel ayındakı Moskva səfərindən öncə öz parlamentində bildirmişdi ki, erməni cəmiyyəti Qarabağa aid iddiasında “plankanı” aşağı salmalıdır. Səfərdən dərhal sonra isə bəyan etdi ki, artıq mövcud olmayan Dağlıq Qarabağın statusunun həlli ermənilər üçün prinsipial məsələdir. Ermənistan hakimiyyətinin siyasi oyunbazlığı, həqiqətən, ölçü tanımır. N.Paşinyan əvvəlcə bəyan edir ki, Azərbaycanın irəli sürdüyü 5 təməl prinsipini qəbul edir, Moskva səfərindən həmən sonra isə əlavə 6 təklif irəli sürür. Bu təkliflərin içərisində statusa dair iddia ilə yanaşı, Minsk qrupuna müraciət də yer alır. Bütün bunlar o deməkdir ki, Ermənistan hakimiyyəti reallıq hissini əmməlli-başlı itirib, hətta vasitəçi ölkələrin rəsmilərinin açıqlamalarının mahiyyətinə belə vara bilmir və bu dövlətlərin bir-birini artıq qəbul etmədiyini anlamır. Ermənistan rəhbərliyi ənənəsinə və xislətinə uyğun olaraq, sülh müqaviləsinin hazırlanması məsələsində  imitasiya ilə məşğuldur. Bütün bunlar Ermənistandakı revanşist qüvvələrin təzyiqi altında və yaxud xarici dairələrin təsiri ilə baş verir, yoxsa elə Paşinyan hakimiyyətinin öz mahiyyətindən qaynaqlanır, bu, başqa müzakirənin mövzusudur. Həmin amillərin ayrı-ayrılıqda təsir gücündən asılı olmayaraq, mənzərə göz önündədir. Sələfləri kimi, Paşinyan hakimiyyəti də riyakarlıq edir və vaxt udmağa çalışır. 

 

-KTMT-nin yubiley tədbirində Rusiya Federasiyasının prezidenti V.Putin belə bir narahatlıq ifadə etdi ki, postsovet ölkələrində Qərbə, xüsusən ABŞ-a bağlı olan bioloji labaratoriyalar fəaliyyət göstərir. Konkret ünvan göstərilməsə də, ölkəmizə də işarə edildiyini düşünmək üçün əsaslar var. Çünki bundan əvvəl Rusiyanın ayrı-ayrı rəsmiləri həmin iddianı açıq şəkildə səsləndirmişdilər. Necə düşünürsünüz, ilk baxışdan ünvansız görünən, amma həm də ünvanlı olan bu mesaj narahatlıq üçün əsas verirmi?

 

-Qeyd etdiyiniz kimi, şimal qonşumuzun müxtəlif ranqda olan rəsmiləri bir müddət əvvəl belə iddia ilə çıxış etmişdilər. Bəzilərinin çıxışlarında hədə və təhdid də yer alırdı. Ölkəmizin xüsusi xidmət orqanları bu əsassız iddiaya konkret cavab verdi, bildirdi ki, onların yaydıqları xəbər həqiqətə uyğun deyil. Hətta o da təklif olundu ki, əgər konkret faktları varsa, onları ortaya qoysunlar və birgə araşdırma aparılsın. Cavab olmadı, çünki ortada fakt yoxdur. Ölkəmizlə bağlı bu cür əsassız iddialar birinci dəfə deyil ki, səsləndirilir. Yadınızdadırsa, 44 günlük Vətən müharibəsi günlərində Rusiyanın və Avropa dövlətlərindən bəzilərinin yüksək səviyyəli rəsmiləri bəyan edirdilər ki, guya Yaxın Şərq ölkələrindən, o cümlədən Suriyadan olan müzdlular Azərbaycanın tərəfində döyüşür. Hətta rəqəm də səsləndirilmişdi, deyəsən, iki min ABŞ dolları qarşılığında. Kimlərin səsləndirməsindən asılı olmayaraq, bu məlumat da həqiqətə uyğun deyildi. Azərbaycan hakimiyyəti həmin iddianı irəli sürənlərdən o zaman da tələb etmişdi ki, ortaya fakt qoysunlar. Təbii ki, cavab olmadı və ola da bilməzdi. Çünki iddia feyk xarakterli idi. Yalan məlumatın yayılmasının bir səbəbi vardı. Azərbaycan əsgər və zabiti öz qəhrəmanlığı və fədakarlığı ilə ermənilərin “məğlubedilməzliyi” haqda mifi savaş meydanında darmadağın edirdi. Ermənistan rəsmilərinin öz etirafına görə, ordumuzun qarşısında fərarilik edən erməni hərbçilərinin sayı on minə çatmışdı. Bu biabırçılığı ört-basdır etmək üçün Ermənistan hakimiyyəti, erməni lobbi təşkilatları və Ermənistanın havadarları nəsə uydurmalı idilər və uydururdular. 

 

-Bəs, bioloji labaratoriyalarla bağlı həqiqətə uyğun olmayan iddianın ölkəmizə də aid edilməsi cəhdinə səbəb nədir?

 

-Bəzən kimlərsə belə hesab edir ki, coğrafi baxımdan elə də böyük olmayan ölkələr milli maraqlarından, beynəlxalq hüquq normalarından böyük dövlətlərin xeyrinə imtina etməlidir. Təəssüf, bu zaman o da unudulur ki, müttəfiqlik bərabər hüquqlara deyil, bir tərəfin dominantlığına söykəndikdə, bu, müttəfiqlik anlayışının özünü gözdən salır və mahiyyətindən uzaqlaşdırır. Azərbaycan hakimiyyəti üçün bütün ölkələrin ərazi bütövlüyünün toxunulmazlığına və suverenliyinə hörmət edilməsi həmişə prioritet olub və bu gün də belədir. Azərbaycan iqtidarı bütün qonşularının və tərəfdaşlarının sülh və əmin-amanlıq şəraitində yaşamasının, bir-birinin ərazi bütövlüyünə, dövlət müstəqilliyinə və suveren hüquqlarına qarşılıqlı şəkildə hörmət göstərmələrinin tərəfdarıdır. Bu prinsiplərə sadiq olduğuna görə də həqiqətləri dilə gətirməkdən heç vaxt çəkinməyib. Əgər Ukraynada baş verənləri kimlərsə hələ də xüsusi əməliyyat adlandırırsa, bu zaman 1-ci və 2-ci Çeçenistan müharibələrini unudursa, həmin müharibələrin hansı səbəbdən baş verdiyini indi hansısa maraqları ucbatından xatırlamaq istəmirsə, yaxud Prezident İlham Əliyevin Rusiya-Ukrayna müharibəsi ifadəsindən qıcıqlanırsa, bu, o demək deyil ki, kimlərinsə marağı həqiqətin mahiyyətini dəyişə bilər. Dövlətimizin başçısı fevralın 23-də Moskvada, TASS informasiya agentliyində Rusiyanın aparıcı KİV-lərinə verdiyi müsahibədə qardaş Türkiyə ilə müttəfiqlik münasibətlərimizin dövlətimiz və cəmiyyətimiz üçün nəyə görə bu qədər önəmli olduğunun səbəblərinə aydınlıq gətirərək belə demişdi: “Təbii ki, mədəni yaxınlıq, dil yaxınlığı, etnik yaxınlıq-bunlar çox vacibdir... Ancaq biz bilirik, etnik yaxınlıq, o cümlədən dil yaxınlığı əfsuslar olsun ki, heç də həmişə sıx münasibətlərin rəhni deyil. Bizim vəziyyətdə buna nail olundu, fikrimcə, uzun illər ərzində və indi də qorunub saxlanılan düzgün siyasət, bərabərhüquqlu münasibətlər sayəsində buna nail olduq”.

 

Prezidentimizin bu açıqlamasında açar fikirlər “düzgün siyasət və bərabərhüquqlu” ifadələri ilə bağlıdır. Başqa sözlə,  müsahibədə  həmin ifadənin xüsusi olaraq xatırladılmasına və qabardılmasına ehtiyac duyulursa, deməli, hətta etnik yaxınlıq və dil oxşarlığı da bəzən dövlətlərarası münasibətləri ağır sınaqlardan sığortalaya bilmir. Elə buna görə də, Ermənistana hamilik edənlər bilməlidirlər ki, siyasi konyukturaya uyğun olaraq gah onun, gah da bunun ətəyindən yapışan, dövlət siyasətində öz qonşularını, o cümlədən KTMT üzvlərini ən yüksək səviyyədə şantaj etməkdən çəkinməyən Ermənistanın hakimiyyətləri üçün sədaqət və etibarlılıq anlayışları nisbi məvhumdur.  Gec də olsa etiraf olunmalıdır ki, öz müqəddəratını təyin etmək pərdəsi altında ölkələrin ərazi bütövlüyünün pozulmasına və sərhədlərin güc yolu ilə dəyişdirilməsinə göz yumulması,  seperatizm meyllərinə münasibətdə ikili standartlara yol verilməsi, bəzən isə hansısa siyasi maraqlarına görə seperatizmin açıq və ya gizli şəkildə dəstəklənməsi, təkcə lokal mənada deyil, həm də bütövlükdə bütün dünya üçün ciddi təhlükə yaradır. Gəlin, inanaq ki, dünyanın təhlükəsiz nizamına görə daha çox məsuliyyət daşıyan böyük dövlətlər hazırda baş verənlərdən lazımi nəticə çıxara biləcək. Gecikmiş olsa da...