Dünən 31 mart ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın ildönümü idi. Amma bu ildönümünün özünə elə soyqırım törətdilər ki, hər şey yaddan çıxdı. Telekanallarda çal-çağır, sosial şəbəkədə "Bu qədər asandırmı çıxıb getmək" meyxanası və üç qızın məlum videosu. Üstündən də "Space" telekanalının icraçı direktoru Kamil Şahverdiyevin açıqlaması baal kimi getdi. Kamil müəllim deyir ki, efirə verdiyimiz çal-çağır verilişləri canlı deyildi, əvvəlcədən çəkilmişdi, biz də camaatın əhvalını qaldırmaq üçün həmin verilişi efirə verdik. Burası belə.
İndi keçək üç qızın başına gələn əhvalata. Deyilənlərə inansaq, həmin qızları Cahid adlı şəxsə xalq artisti Mələkxanım Əyyubovanın qardaşı oğlu Valeh İsrafilov göndərib. Deyəsən kimsə təzə maşın alıbmış, onun "yuyurmuşlar". Yəqin ki, Vüsal da deyib, maşının "quru-quru yumayın", cızılar. Sonra da məclisdəkilərdən biri video çəkib ki, dost-tanışa göstərib fəxrlə desin ki, bax, qaqan bunun üçüylə də oturub-durub. İndi həmin üç qızı və iki oğlanı, üstəlik Mələkxanımın qardaşı oğlunu polisə çağırıblar. Yəqin ki, qanun çərçivəsində maşının "quru-quru yumamağın" izahatını hər üçündən alacaqlar. Hələ tərslikdən qızlardan biri nişanlı imiş. Ona görə bacısını da boşayırlar. Mən bir səs yazısı eşitdim, səs yazısında deyilir ki, qızın qardaşı əlində bıçaq bacısını axtarır.
Əslində, məsələyə kənd uşaqlarının prizmasından baxsaq, onlar yazıq deyillər, hələ bir az da dərinə getsək, onlara əcəb olur. Kənd yerində keçinin, uzunqulağın "ümidinə qalan", sonra 1-2 quzu satıb Bakıya qız tutmaq ümidiylə gələn oğlanlar adətən, bu tip qızların "get tayıvı tap, çuşka" formasında tənələri ilə üz-üzə qalırlar. İdi Allah bilir neçə-neçə kənd uşağı videonu görüb ürəkdən sevinib. Hələ özünü seyid zənn edənlərin də olması istisna deyil.
Məsələnin ən pis tərəfi bilirsiniz nədir? Biz cəmi 70 saniyəlik videoyla gündəmimizi dəyişə bilən xalqa, millətə, topluma çevrilirik. Cəmi 50-60 saniyəlik video ölkədə gündəmi dəyişir. Bax, bu, çox təhlükəlidir. Düşünməyə dəyər!


Bakı -°C
