Ölkəyə məzhəb, yoxsa din ilahiyyatçıları lazımdır? – Açıqlama
“Məzhəb ilahiyyatçısı yaxud məzhəb xadimi müəyyən bir dini cərəyanın və ya məzhəbin ehkamlarını əsas götürüb müdafiə etdiyi halda, din ilahiyyatçısı dinə daha geniş, elmi, tarixi və obyektiv akademik prizmadan yanaşan şəxsdir. Dinşünas ümumi dinləri araşdırdığı halda din ilahiyyatçısı subyektiv, məzhəbi mövqeyi ilə deyil, bir dinə obyektiv baxışı və mötədil etiqadı ilə seçilir. Məzhəb ilahiyyatçısı isə fəaliyyətini və araşdırmalarını xüsusi bir məzhəbin, məsələn, sünni, şiə, hənəfi, cəfəri və s. qanunları və prinsipləri çərçivəsində aparır. Çünki məqsədi məsub olduğu məzhəbin dini hökmlərini, etiqadını və adətlərini cəmiyyətə izah etmək, qorumaq, yeritmək və tətbiq etməkdir”.
Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib.
O, bildirib ki, əgər digər məzhəblərdən nəsə bilgisi varsa bu bilgilər tutuşdurulub obyektiv qənaətə gəlmək, ədalətli mövqe tutmaq üçün deyil, rəqib hesab etdiyi məzhəbə qarşı əks arqument gətirmək, onu təkzib etmək mahiyyəti daşıyır:
“Beləcə, nəticələr və hökmlər adətən həmin məzhəbin dəqiq çərçivəsi və qaydaları ilə məhdudlaşır. Nəticədə məzhəb ilahiyyatçısı yaxud məzhəbçi din xadimi xütbə və çıxışlarında digər məzhəblərin mənsublarını nəzərə almır, birtərəfli mövqe nümayiş etdirir. Beləcə cəmiyyət inanc baxımından parçalanır. Dinə yeni üz tutmaq istəyən gənclər də məzhəb ilahiyyatçılarının bir-birinə zidd, əks baxışları arasında naçar qalaraq deizmə, ateizmə üz tuturlar.Akademik din ilahiyyatçısı isə dinə kənardan, qərəzsiz, elmi, fəlsəfi və sosioloji baxımdan yanaşır. Dinin insan cəmiyyətinə təsirini, tarixi inkişafını, mətnlərini və müqayisəli təhlilini aparır. Cəmiyyətin, millətin həmrəyliyini, mənəvi dəyərləri, ən əsası isə İslamın əsas prinsipi olan vəhdət məsələsini hər zaman göz önündə saxlayır. Hər hansı bir məzhəbi mütləq həqiqət kimi qəbul etmədən bütün dini sistemləri obyektiv şəkildə araşdırır.Hazırda ölkədə din ilahiyyatçıları bir əlin barmaqları qədər ola ya olmaya. Amma bütün məscidlər, pirlər, efirlər, sosial şəbəkələr məzhəbçi və məzhəb ilahiyyatçıları ilə doludur. Ənənə elə gəlib ki, ilahiyyatçısansa mütləq hansısa məzhəbə tabe olmalısan. Hətta məzhəbin olmasa din xadimi təyin olunsan belə işləyə bilməzsən. Çünki toplum səni daş-qalaq edər. Məzhəblər artıq dinləşib”.
T.İrfanın sözlərinə gör, məzhəbi olmayana dinsiz kimi baxırlar:
“Məzhəbçi ilahiyyatçılara, din xadimlərinə heç bir ölkədə olmayan şərait, imkanlar yaradılıb. Amma məzhəbsiz ilahiyyatçılar, xaricə təqlid etməyən, İran müctəhidlərinə, ərəb şeyxlərinə müqəllidlik etməyənlər isə məhrumetmələr içində məhv olur. Buna yüzlərlə misal, sübut gətirə bilərəm. Din ilahiyyatçılarını irançı, məzhəbçi yaxud təkfirçi qruplar bir tərəfdən sıxışdırır, işsizlik, sosial məhrumiyyətlər, elmi - dini fəaliyyət göstərməyə ciddi və rəsmi maneələr də digər tərəfdən. Belə olduğu halda Azərbaycan İlahiyyat İnstitutunun məzhəbüstü təhsil alan gələcək ilahiyyatçıları necə və harada fəaliyyət göstərəcək? Əgər mən bu gün ixtisasım ilahiyyatçı olduğu halda, məzhəbçi, irançı, təkfirçi, filançı olmadığım üçün, məzhəb ilahiyyatçısı deyil, məhz din ilahiyyatçısı olduğuma görə uzun illərdir ixtisasım üzrə işləməkdən, elmi fəaliyyətdən məhrumamsa, gözətçi, fəhlə işləməyə məhkumamsa digər din ilahiyyatçıları bu tabunu necə sındıra biləcəklər?Əgər məzhəbçiliyi, keçmişin qeyri-tolerant ənənələrini kənar təsirlərlə sürüyüb bu günə daşıyacağıqsa heç bir nailiyyət əldə etmək olmaz. Məzhəb ilahiyyatçılarının, məzhəbçi din xadimlərinin yardımı, sosial bazaları var. Böyük əksəriyyəti vaxtilə xaricdən mayalanıb, hətta Ocaq Nejaddan ayda şəhriyyə (aylıq yardım) də alıblar. Digərləri də ərəb ölkələrindən qidalanıb öz bizneslərini, şəbəkələrini qurub, "dostlar" qazanıblar ki, bu gün də həmin "dostlar" onları qoruyur, gizlədir, müdafiə edir...Xaricə bağlı məzhəbçi din adamlarının əsla korluq çəkdiyini, sosial problemlər içində qaldığını görməzsən. Heç tacir də ac qalarmı? Xüsusən din taciri? Əsla qalmaz. Amma heç bir xarici dövlətin maraqlarını din, məzhəb adı altında təmsil etməyən, ayırıcı məzhəbçiliyə deyil, birləşdirici dinə, vəhdətə, həmrəyliyə xidmət edən, nəticədə pozucu zümrələrin heç birinə qatılmayıb dövlətə, vətənə sədaqətini, milli mövqeyini qoruyan din ilahiyyatçısı isə bu məhrumetmələrə məruz qalır.Məzhəb ilahiyyatçıları və məzhəbçi din xadimlərinə verilən dəstək müqabilində hansı nailiyyətləri əldə edib dövlətə hansı faydanı veriblər? Amma vurduqları ziyanı sübutla, faktlarla ortaya qoya bilərəm ki, həmin zərəri başqa heç bir sahənin mənsubları bu ölkəyə vurmayıb. Hətta heç bir rüşvətxor məmur belə xarici təsirdə olan məzhəbçi din xadiminin vurduğu ideoloji zərəri vura bilməz. Amma bu gün həmin məzhəbçi şəxslər yağ içində böyrək kimi bəslənir, milli, dövlətçi mövqedə olan din ilahiyyatçıları isə məhrumetmələrə məruz durumdadırlar. Ağır, çox ağır problemlər var. Həllinin gecikməsi yaxud həll etməyə meylin olmaması ciddi narahatlıq doğurur”.
Vasif ƏLİHÜSEYN


Bakı -°C

