adalet.az header logo
  • Bakı -°C
21 Noyabr 2025 10:08
82
MARAQLI
A- A+

Toy günü gəlinə niyə şərab içirdirlər?

Çin mədəniyyətində toy mərasimləri zəngin adət-ənənələrlə doludur. Bu mərasim və şənliklərdə düyü şərabı xüsusi rol oynayır. Çində düyü şərabı qədim tarixə malik olan və xüsusi mərasimlər üçün hazırlanan ənənəvi bir içkidir. Toy mərasimlərində gəlinə düyü şərabı təqdim etmək də bu ölkədə ən qədim adətlərdən biridir. 

Düyü şərabı, adətən düyü, su və maya qarışığından hazırlanır. Bəzi bölgələrdə bu məhlula müxtəlif bitki və ədviyyatlar da əlavə olunur. Şərabın hazırlanması uzun bir proses keçir. Hazırlanma prosesi bir neçə həftə, hətta aylar davam edə bilər. Bu işi adətən, ailədəki yaşlı və təcrübəli qadınlar həyata keçirirlər. Şərabın keyfiyyətini, dadını qoruyan həmin qadınlar mütləq  xüsusi təcrübə və bacarıqlara sahib olmalıdırlar.

Toyda düyü şərabı təqdim ediləcək şərab qabı xüsusi zövqlə bəzədilir. Qabın üzərinə müxtəlif naxışlar, simvollar və xoşbəxtlik diləkləri yazılır. Şərab qabını bəzəyərkən ən çox qırmızı və qızılı rənglərdən istifadə edirlər. Çünki bu rənglər çin mədəniyyətində uğur, sevinc və bərəkət simvolu hesab olunur. Qabın bəzədilməsi də adətən, ailənin qadın üzvlərinə həvalə edilir. Bu cür qabları zərif fırçalarla bəzəyən qadınlar mütləq yüksək yaradıcılıq enerjisinə və incə zövqə sahib olmalıdılar.
Düyü şərabı, toy mərasiminin müxtəlif məqamlarında ortalığa gələ bilər.

Bu zaman nənəvi olaraq ən birinci,  gəlin və bəy biri-birinə şərab təqdim edirlər. Həmin mərasim onların birliyinin və sevgisinin simvolu kimi qəbul edilir. Bəzi bölgələrdəki adətlərə görə bəy həm gəlinə, həm də gəlin tərəfdən olan yaşlı adamlara şərab verir. Eləcə də gəlin, naxışlanmış xüsusi qablarda həm bəyə, həm qayınanasına, eyni zamanda həmin ailənin digər yaşlı üzvlərinə şərab təqdim edir. Onların bu jesti iki nəslin doğmalaşmasına zəmin yaradır. Bəyin və gəlinin bu alicənablığı doğmalaşdığı və üzv olacağı ailəyə hörmətin, sevginin simvolu kimi dəyərləndirilir. Şərabın təqdim edilməsi zamanı qarşı tərəf müxtəlif dualar və xoşbəxtlik diləkləri səsləndirirlər.

Düyü şərabının toy mərasimində təqdim edilməsi, çin mədəniyyətində yeni ailənin xoşbəxtlik üzərində qurulmasına zəmin yaradır. Bu adət, ailənin yeni insanı, yəni gəlini öz daxilinə sevinclə qəbul etməyi, eləcə də qarşılıqlı sevgi və hörməti simvolizə edir. Düyü şərabı, həmçinin bərəkət, uğur və xoşbəxtlik gətirən bir içki hesab olunur. Buna görə də toy mərasimlərində düyü şərabının olması, gənc cütlüyün rifah içində xoşbəxt və uzun bir ömür sürməsinə güclü inam yaradır. 

Murad Köhnəqala