adalet.az header logo
  • Bakı 7°C
  • USD 1.7
18 Noyabr 2022 12:47
435
HÜQUQ

Topçu  Ağabala - Yaxud bu Prokuror dəlidirmi?... - Ələmdar Məmmədov yazır

Topçu Ağabala - Yaxud bu Prokuror dəlidirmi?...

 

Avqust 1993-cü il. Qarabağın dağlıq hissəsini zəbt etmiş erməni faşistləri “sülhsevər” və “cəfakeş” erməni xalqını gələcək təhlükələrdən qorumaq məqsədi ilə “bufer zona “ yaratmaq üçün, ətraf ərazilərin işğalına başlamışdılar. 23 iyul 1993-cü ildə Ağdam şəhəri,23 avqust 1993-cü ildə Cəbrayıl və Füzuli şəhərləri işğal olundu.Ayın 24-də erməni silahlı birləşmələri 5 tank,3PDM,300-ə yaxın döyüşçü ilə böyük strateji əhəmiyyət kəsb edən Cəbrayıl-Qubadlı-Zəngilan yoluna nəzarəti ələ keçirmək üçün Füzuli rayonunun Əhmədbəyli kəndinə hücuma keçdilər.Bundan əvvəlki döyüşlərdə böyük tələfat verən və əlavə kömək almayan briqadanın 2 taboru geri çəkilərək Əhmədbəyli kəndini tərk etdi.Düşmən arxayınlıqla boşalmış kəndə girməyə hazırlaşarkən qarşısında qala kimi dayanmış ,canını vətən yolunda sipər etmiş igidlərlə rastlaşdı.100 mm-lik 19KS markalı topun komandiri 3 nəfər döyüşçü ilə düşmənə fasiləsiz sarsıdıcı zərbələr endirir,onların canlı qüvvəsini və texnikasını -2 tankını,1 PDM-ni,1 UAZ markalı maşınını məhv edir.Döyüşün həlledici anında Rövşən Əkbərovun komandiri olduğu 777 saylı hərbi hissənin döyüşçüləri köməyə gəlir və düşmən 1 tankını döyüş meydanında qoyaraq qaçır.Errməni komandir top atəşlərinin sərrastlığından kiminlə qarşılaşdığını hiss edir və hücumu dayandırmaq əmri verir.Ermənilər tutduqları mövqelərdən10 km geri çəkilməyə məcbur olurlar.Bununla da 12 kənd işğaldan qurtula bilir. Düşməni qorxuya salan və geri çəkilməyə məcbur edən Topçu Ağabala idi.

Kimdir topçu Ağabala?

 

Quliyev AĞABALA Qubad oğlu 13 fevral 1958-ci ildə Füzuli rayonunun Mahmudbəyli-2 kəndində anadan olmuşdur.Orta məktəbi bitirdikdən sonra 2 il sovet ordusu sıralarında qulluq etmişdir.Hərbi xidməti başa vuran Ağabala 1978-ci ildə ADU-nun hüquq fakültəsinə daxil olub 1983-cü ildə həmin fakültəni fərqlənmə diplomu, K.Marks təqaüdü ilə bitirmişdir. Təyinatla prokurorluğa qəbul edilən Ağabala Quliyev 1983-1987-ci illərgə Naxçıvan MR Culfa rayon prokurorluğunun müstəntiqi, 1987-1990-cı illərdə Naxçıvan MR prokurorunun köməkçisi vəzifələrində işləmişdir.1990-1992-ci illərdə Azərbaycan Respublikası Prokurorluğunun Mülki İşlər üzrə məhkəmə qərarlarının qanuniliyinə nəzarət idarəsində böyük prokuror,1993-cü ilin yanvar-mart aylarında Baş Prokurorluğun Təşkilat- nəzarət idarəsinin analitik informasiya şöbəsinin rəisi,aprel-sentyabr aylarında Sumqayıt şəhər prokuroru vəzifələrində işləmişdir.1993-cü ilin sentyabr ayından 1994-cü ilin oktyabr ayına kimi Azərbaycan Respublikası Prokurorluğunun Mülki İşlər üzrə məhkəmə qərarlarının qanuniliyinə nəzarət idarəsində böyük prokuror , 1994-cü ilin oktyabr ayından 1995-ci ilin may ayına kimi Salyan rayon prokurorunun müavini vəzifələrində işləmişdir.1995-ci ilin may ayından 2018 ci ildə təqaüdə çıxana qədər Baş Prokurorluğun Təşkilat -analitik idarəsində böyük prokuror-metodist vəzifəsində işləmişdir.

Xocalı soyqırımından sonra bir çoxları kimi Ağabala Quliyevə də aydın olmuşdu ki,bu münaqişənin sülh yolu ilə həlli yoxdur.1992-ci ilin mart ayında ermənilər” Alazan” və “Kristal” raketləri ilə Füzuli şəhərini bombaladılar.Bu xəbəri eşidən Ağabala müəllim Baş prokuror Murad Babayevə müraciət edərək, döyüşən orduya getmək istədiyini bildirdi.Vətənin müdafiəsi üçün göstərilən cəhdləri müsbət dəyərləndirən Murad müəllimin razılığı ilə döyüş sərgüzəştləri başlayan Ağabala Quliyev 25 mart 1992-ci ildə 839 saylı hərbi hissədə bölük komandiri və taborun qərargah rəisi vəzifəsinə təyin edildi və bu vəzifədə 19 iyul 1992-ci ilə qədər işlədi.Bir müddət prokurorluq fəaliyyətinə qayıdan Ağabala Quliyev Ağdam şəhəri işğal olunduqdan sonra 23 iyul 1993-cü ildə Sumqayıt şəhər prokuroru vəzifəsində işləyərkən, yenidən döyüşən ordu sıralarına qatılmış və 24 yanvar 1994-cü ilədək 702 saylı hərbi hissədə top komandiri vəzifəsində qulluğunu davam etmişdir.

Ağabala müəllimin saysız- hesabsız şücaətləri komandanlıq tərəfindən yüksək qiymətləndirilmiş,2 dəfə ona “Azərbaycanın Milli Qəhrəmanı”adı verilməsi barədə məsələ qaldırılmş,lakin hər iki halda müxtəlif səbəblərdən vəsadətlər nəticəsiz qalmışdır.

702 saylı hərbi hissənin komandiri,podpolkovnik N.K.Piriyev və qərargah rəisi podpolkovnik A.G.Məmmədovun imzası ilə 11 oktaybr 1993-cü ildə Azərbaycan Respublikasının Baş Prokuroru Ə.Ömərova və surəti Sumqayıt şəhər İH-nin başçısına ünvanlanmış təqdimatda Ağabala Quliyevin döyüşlərdə göstərdiyi igidliklər sadalanır və ona “Azərbaycan Milli Qəhramanı”adı verilməsi barədə dövlət başçısı qarşısında vəsadət qaldırmaq xahiş olunur.Həmin təqdimatı həyacansız oxumaq mümkün deyil.

 

“702 N-li hərbi hissəsin komandanlığı adından dərin məmnuniyyət və minnətdarlıqla Sizə məlum edirəm ki,Sumqayıt şəhər prokuroru,baş leytenant/ədliyyə müşaviri/ Ağabala Qubad oğlu Quliyev briqadamızın 6-cı taborunun komandirinin müavini, 100 mm-lik 19-KS markalı topun komandiri kimi erməni hərbi hissələri birləşmələri ilə aparılan müharibədə qəhrəmanlıqla vuruşur, öz qəhrəmanlığı ilə döyüşçülərə ilham verib, onları qələbəyə ruhlandırır.

A.Q.Quliyev 1992-ci ilin mart ayının 25-dən may ayının 27-nə kimi 2-ci taborun 3-cü bölüyünün komandiri,mayın 27-dən iyulun 19-a kimi taborun qərargah rəisi vəzifəsində xidmət etmişdir.Bu zaman o,özünü cəsur komandir, mahir topçu kimi göstərmiş, topla dəfələrlə düşmənə ağır zərbələr vuraraq onların xeyli canlı qüvvəsini, ağır hərbi texnikasını, yaşayış məntəqələrini,dayaq nöqtələrini məhv etmişdir.O,dəfələrlə təkbaşına düşmənin bir neçə topu və tankları ilə duelə çıxıb həmişə qalib gəlmiş, düşmənin atəş nöqtələrini susmağa məcbur etmişdir.O, 28.06.92-ci ildə Tuğ istiqamətində gedən döyüşdə yaralanmışdır.” Təqdimatda daha sonra oxuyuruq.

 

“A.Q.Quliyev Vətənin ağır günlərində 23.07.93-cü ildə yenidən könüllü surətdə Füzuliyə-briqadamıza qayıtmışdır.Keçən müddət ərzində A.Q.Quliyev öz qəhrəmanlığı ilə briqadanın komandir, zabit və şəxs heyəti, həmçinin yerli əhali arasında özünə böyük şöhrət və hörmət qazanmışdır.

A.Q.Quliyevin qəhrəmanlığı özünü bariz şəkildə 07.08.93 və 24.08.93-cü illərdə göstərmişdir.Avqustun 7-də o, topla Füzuli şəhərinin yaxınlığındakı strateji cəhətdən əhəmiyyət kəsb edən Məngələnata yüksəkliyindən düşmənin dayaq məntəqələri darmadağın etmiş, nəticədə həmin yüksəklik 72 N-li və 839 N-li taborun döyüşçüləri tərəfindən heç bir təlafat verilmədən alınmışdır.

Təqdimat bu sözlərlə yekunlaşır:

“ Briqadamızın bütün şəxsi heyəti A.Q.Quliyevlə fəxr edir, belə bir cəsur,qeyrətli oğul, işçi yetişdirdiyinə görə,tərbiyə etdiyinə görə respublika prokurorluğunun aparatına briqadamızın komandanlığının dərin minnətdrlığını bildirməyinizi rica edirəm.”

Adətən novatorluğu ilə fərqlənən Baş Prokuror Əli Ömərov hansı səbəbdənsə təqdimata baxılmasını Kadrlar idarəsinin rəisi Şahmalı Məmmədova tapşırır.Nəticədə Baş prokurorun əmri ilə Ağabala Quliyevə təşəkkür elan edilməklə bir aylıq əmək haqqı məbləğində(28 şirvan) pul mükafatı verilir.

Qeyd:Komandanlığın diqqsizliyindən Ağabala Quliyev rəsmi əmrlə hissənin siyahisinə daxil edilməmişdi.Məhz bu səbəbdən də müraciət Baş Prokurora ünvanlanmışdır.

 

Sağda:Topçu Ağabala

Ağabala Quliyevin döyüş dostu,zenit raket taqımının komandiri Əhmədov Taleh Famil oğlunun dediklərindən: -24 avqust 1993-cü il Füzulilər üçün ağır günlər idi.Bir gün əvvəl Füzuli şəhəri işğal olunmuş,vahid komandanlıq olmadığından insanlar həyacan içində evlərini tərk etmişdilər.Ağabalanın topu Əhmədbəyli kəndinin yaxınlığlndakı təpədə tək qalmışdı.Həmin topu Ağabala bir gün əvvəl hissələrlə traktora yükləyib Şükürbəyli kəndindən gətirmişdi.Mənim taqımım 500 metrlik məsafədə aşağıda mövqe tutmuşdu.Aramsız atəş açırdıq.Ağabala düşmənin iki tankını vurdu.Düşmən qüvvələri pərən-pərən olub geri çəkilməyə məcbur oldular.

1-ci və 2-ci Qarabağ müharibəsinin iştirakçısı, ”Cəsur döyüşçü”,”Xocavəndin alınması”,”Füzulinin alınması”medalları ilə təltif olunmuş,1966-cı il təvəllüdlü Qurbanov Əbülfəz(Amil) Qənimət oğlunun dediklərindən: -Ağabala müəllimlə ilk dəfə 1992-ci ildə tanış olmuşam.O Tuğ kəndi ilə qonşu olan Kovşanlı kəndinə gəlmişdi.Onun gəlişi döyüşçülərdə ruh yüksəkliyi yaratmışdı.Ağabala müəllim haqqında çox danışmaq olar.

06 may1992-ci ildə “Qanlı dağ” deyilən yerdə ermənilərlə açıq döyüşə girdik. Ermənilərin ratsiya ilə danışığından məlum oldu ki,onların 35 əskər və zabiti öldürülüb.Həmin döyüşdə Ağabala müəllim ağır top mərmilərini çiynində yüksəkliyə qaldırırdı. Döyüyş bizim qələbəmizlə başa çatsa da şəhidlərimiz var idi.Taqım komandiri xalqımızın igid oğlu Mahir Məmmədovun ölümü hamımızı sarsıtmışdı.Ağabala müəllimin təşəbbüsü ilə cənazəni Bakı şəhərinə gətirib,Baş prokurorluğun yaxınlığında vəxri qaravul təşkil edildi və sonra şəhidlər xiyabanında dəfn etdik.Dəfn mərasimində Ağabala müəllimin ailə üzvüləri də iştirak edirdi.

28 iyun 1992-ci il döyüşlərində Ağabala müəllim yaralansa da həkimləri aldadaraq bir başa döyüş meydanına qayıtmışdı.

Döyüş yoldaşları Ağabalanın özünün demədiyi bir qəhramanlığı barədə də danışırdılar. 24.08.93-cü ildə Niva maşını ilə hərəkət edən briqada komandirinin müavini podpolkovnik Muxtarov və taqım komandirini əsir götürmək üçün ermənilər UAZ markalı maşınla onları təqib edirdilər. Bu səhnəni uzaqdan görən Ağabala Quliyev sərrast top atəşi ilə UAZ-ı vurub düşmənin canlı qüvvəsini məhv edir.

Ağabalanın mahir atıcı olması təsadüfi deyildi.Sovet ordusu sıralarında xidmət etdiyi hərbi hissənin yerləşdiyi şəhərin adı məxviçilik naminə xəritəyə salınmamışdı.Məhz bu xüsusi təyinatlı hərbi hissədə Ağabala topçuluq sənətinin ihcəliklərinə yiyələnmişdi.

28 iyun 1992-ci il tarixini Ağabala müəllim həmişə kədərlə xatırlayır.Füzulidə yerləşən “N” saylı hərbi hissə xeyli miqdarda canlı qüvvə və ağır texnika toplayaraq (onlarla tank və digər zirehli maşınlar) Tuğ-Qırmızıbazar istiqamətində hücuma keçdilər.Hücumun məqsədi Martuni-Hadrut rayonlarını düşməndən təmizləmək və bununla da Şuşanın işğaldan azad etmək idi.Lakin ağır xəyanət nəticəsində tankların heç biri yerindən tərpənmədi.Döyüşçülər top atəşinin köməyi ilə hücuma keçdilər.Hücumun istiqamətini əvvəlcədən bilən düşmən qüvvələri döyüşçülərimizi tezliklə mühasirəyə aldılar və ordumuz ağır tələfat verərək geri çəkilməyə məcbur oldular.Taqım komandiri,cəsur döyüşçü,peşəkar hərbçi Rasim İbrahimov da(ölümündən sonra Milli Qəhrəman adı verilib)həlak olanlar arasında idi.Rasim İbrahimov ölümündən bir müddət əvvəl Ağabala Quliyevə Milli Qəhraman adı verilməsi barədə komandanlığa müraciət etmişdi.Lakin komandanlığın səhlənkarlığı üzündən Müdafiə Nazirliyi qarşısında məsələ qaldırılmamışdı.

Haşiə:Həmin döyüşdə şəhid olanlardan 30 yaşlı mayor Rasim İbrahimov ailənin tək öğlu,iki uşaq atası idi.Arif Abdullayev Xocalı faciəsindən sonra döyüşlərə qatılmışdı.Ələkbər Musayev 3 qardaşı ilə ermənilərə qarşı birgə döyüşürdü Cəbhəyə könüllü gələn Firidun Mehdiyev tələbə idi.Sahib Qarayev atasız böyümüşdü.Anasının yeganə ümüdü idi.Saleh Balaca oğlu və Mahir Əliyevdə qeyrətlə vuruşub şəhid olmuşdular.Həmin döyüşdə sağ qalanlar arsında Ağabalanın dostu,mühüm işlər üzrə müstəntiq Yusif Ağayev də var idi.(Onun haqqında gələcək yazılarımızda məlumat verəcəyik)

Heç kimə sirr deyildir ki,müharibə şəraitində satqınlıqla yanaşı şəxsi mənfəət dalınca qaçan,faydalanlara da təsadüf olunur.Prokurorluğunu unutmayan Ağabala Quliyevin təşəbbüsü ilə bir nəfər vəzifəli şəxsin mənimsəmə faktı aşkar olunmuş və haqqında Baş prokurorluq tərəfindən cinayət işi başlanmışdı.

Ağabala müəllimin qəhramanlığı barədə çox yazılıb.

Sabir Özgünün “Adını eşitdiyim igid”povesti və “Topçu Ağabala əfsanəsi”poemasını misal göstərmək olar.

Famil Süleymanovun “Qana Boyanmış Quran”kitabında Ağabalanın ata-babası və özü haqqında maraqlı fikirlər var.

Eynal Əliyevin “Azərbaycan Respublikası Prokurorluğu tarixindən səhifələr”kitabında da Ağabala Quliyevin adı qeyd olunmuşdur.

Dövrü mətbuatda da Ağabala müəllim haqqında çox yazılar dərc olunub.

Mayis Kazımov “Topçu-Prokuror” “Qayıdış”qəzeti 31 avqust 1998-ci il.

Elşad Mehdi “Vətən içimizdəki qisas yanğısından başlayır,prokuror!”-“Hüquqşünas”, qəzeti 17 noyabr 1998-ci il.

1993-cü ildə “Femida”qəzetində Ağabala müəllimin döyüş yolundan bəhs edən“Prokuror dəlidirmi?”başlıqlı silsilə yazılar.

Mayis Kazımlı “Prokuror dəlidirmi?..”-“Ədalət “qəzeti 7 may 1997-ci il.

Qeyd:Mayis Kazımlı həyatını,karyerasını,hətta yaxınlarını təhlükə altına qoyaraq, prokuror kreslosunu düşünmədən səngərlə əvəzləyən Ağabala Quliyevə həsr olunmuş bu yazısınıda ona qarşı olan ədalətsiz münasibətin səbəbini araşdırmağa çalışır.”Evini vətən,həyətini ölkə, ailəsini millət hesab edənlər” Ağabala kimi əsl insanı əlbəttə başa düşə bilməzdilər!

Ağabala müəllim həmin günləri xatırlayaraq deyir:

-Kəndlərdə heç kim qalmamışdı.Ərzaq sarıdan korluq çəkirdik. Döyüşçülər yemək tapmaq üçün boşalmış kəndlərə gedir,təndirlərdən kütə getmiş çörək qırıntılarını toplayıb qidalanırdıq.

Mən, Mayis Kazımlı ilə həmfikir olaraq bir əlavə etmək istəyirəm.

Corc Cordan adlı xristian yazar Həzrət Əli(ə) haqqında tədqiqat əsərində qeyd edir: “Həzrət Əli ədalətinin çoxluğu ucbatından ibadət mehrabında şəhid oldu”.

Ağabalanın böyük Vətən sevgisi və bunu başqalarına aşılamaq istəyi,başqa sözlə desək”Vətən daşı olmayandan,olmaz ölkə vətəndaşı”prinsipi ilə yaşaması görünür, rahat kürsülərdə əyləşmiş səlahiyyət sahiblərini qıcıqlandırmışdı.

Prokuror Ağabalanın hərbi şücaətlərinin xəbəri Moskvaya da çatmışdı.Ermənipərəst mövqeyi ilə seçilən “Komsomolskaya pravda”qəzeti Ağabalanın vətən uğrunda hər şeyindən keçərək həyatını təhlükə altına qoymasını, aktiv döyüşçü kimi tanınmasını“prokurora yaraşmayan anti- humanist addım”kimi qiymətləndirmişdi.

70 ildə yaşadığımız sovet ideologiyası genetik keçidləri qəbul etmirdi.(Trofim Lısenko) Bu gün insanın hərəkətlərinin mahiyyətində gen daşıyıcılarının rolu elmi cəhətdən sübut olunmuş hadisədir.Ağabalanın vətənpərvərliyi,torpaqsevərliyi,yüksək vəzifə tutmasına baxmayaraq, hər şeydən imtina edib,“Topçuluq”etməsi təsadüf deyildi.


Haşiə:1918-ci ildə Qarabağda erməni təcavüzünə qarşı mübarizənin lideri Soltan bəy ətraf kəndlərə kömək üçün məktublar göndərir.Bir dəfə Qaçaq Süleymanla 100 nəfər atlı gəlir.Atlıların içərisində ixtiyar qoca 90 yaşlı Hacı Qulaməli Soltan bəyin diqqətini çəkir.Hacı Qulaməli Soltan bəylə görüşdükdən sonra deyir:-Soltan bəy, bu igidlər Sizin sərəncamınızdadır.Bax bu iki nəfər biri bacım oğlu Əbdürrəhman, o biri də nəvəm Qubaddır. Vətən,torpaq,namus uğrunda canlarından keçməyə hər zaman hazırdılar.Onları sənə,səni də Allaha tapşırıram.Hacı Qulaməlinin nəvəsi Qubad topçu Ağabalanın atası idi.Zabuxda Laçın dərəsində ermənilərə toy tutulmasında,Andronikin Qarabağa keçməsinin qarşısının alınmasında Əbdürrəhman bəy və 25 yaşlı Qubad xüsusi fəallığı ilə seçilib,Soltan bəyin tərifinə layiq görülmüşdülər.Quşu gözündən vuran Qubad kişi ölənə qədər silahından və atından ayrılmadı.Bunu hakimiyyət nümayəndələri də bilirdilər.

Ağabala müəllimin qardaşı Səfər Quliyevin dediklərindən:

-Bir dəfə qarğı yığıb qayıdarkən gecəyə düşdük.Kəndə yaxınlaşanda “VAZ” markalı maşın yanımızda dayandı.Üç nəfər milis işçisi bizi sorğu-suala tutdu:

-Bu qarğını haradan oğurlamısınız?

Ağabala sakit tərzdə dedi:

-Oğurlamamışıq,sahədən yığmışıq.

Milis işçisi əl çəkməyib soruşdu:

-Kimin uşaqlarısınız?

Ağabala dedi:

-Rəhmətlik Surxay oğlu Qubadın.

Bayaqdan sakit dayanmış nisbətən yaşlı milis işçisi söhbətə qarışdı:

-Ə,bunların atasının tapançası,beşatlanı olub. Özlərini də arabasını da yoxlamaq lazımdır.Ağabala ürəkdən gülərək dedi:

-Naçalnik,atamım silahı olduğunu bilmirəm .Əgər var idisə özü ilə o dünyaya apardı.

İnsan şəxsiyyətini formalaşdıran amillərdən biri də xarakterdir.Nə vaxt yaranır xarakter?Bunun cavabını ən böyük alimlər deyə biməz. Hər-hansı məsələyə daxili inam hissi ilə yanaşmaqdır xarakter.Xarakteri uşaqlıqdan formalaşan Ağabala Quliyev şəxsiyyətini tam anlamaq üçün eşitdiyim və şahidi olduğum bir neçə hadisəni damışmaq istəyirəm.

Məktəbliləri pambıq yığımına aparmışdılar.Bir dəfə qızlardan biri qışqırır ki,burda ilan var.İri bir ilan qıvrılıb yatmışdı.Hamı qaçır.Ağabala ilanın üstünə qoşa təpiyi ilə çıxıb belini qırır.Bu zaman ilan ağız atır və Ağabalanın əlini yaralayır.Qızlardan biri Ağabalanın yaralı əlini soraraq zəhərin təsirirni azaldır.Ağabalanı həkimə aparmaq istəyərkən deyir:-Bu ilan sağ qalsa kimisə vuracaq.Daş tapıb ilanı öldürdükdən sonra Ağabala həkimə gedir.Uşaqlıqdan cəsur və inadkar idi Ağabala.

1990-cı ilin avqust ayında Azərbaycan Respublikasının Baş Prokuroru təyin edilmiş İsmət Qayıbovun təqdimatı ilə əlaqədar kollegiya iclası keçrilirdi.Kollegiyanın işində SSRİ Baş Prokurorunun 1-ci müavini də iştirak etdiyindən çıxışlar əsasən rus dilində gedirdi.

Əlində “şpalqalka”tutmuş bir dəstə yüksək rütbəli yaşlı-başlı vəzifəli şəxslər əvvəlki prokuror İyas İsmayılovu pisləyib, yeni təyin edilmiş prokuror İsmət Qayıbovu tərifləmək üçün növbəyə durmüşdülər.Bir neçə bayağı və insanda ikrah hissi yaradan qərəzli və yaltaq çıxışlardan sonra kürsüyə bəstə boylu ,kiçik rütbəli cavan bir oğlan çıxdı. Əvvəlki çıxışçılardan fərqli olaraq təmiz Azərbaycan dilində İlyas İsmayılovun xidməylərini dilə gətirərək,gedənin dalınca danışmağın əxlaq qaydalarına zidd olduğunu deməklə yarınanları kəskin tənqid edib, Baş Prokuror İsmət Qayıbova müraciətlə dedi:-Hörmətli İsmət müəllim, Sizə şərəfli və məsuliyyətli işinizdə müvəffəqyyətlər atzu edirəm.

Bilin ki,nə vaxtsa işdən çıxanda bu insanlar eyni sözləri Sizin haqqınızda da deyəcəklər...Bu bəstəboylu,kiçik rütbəli,yaşda,vəzifədə və rütbədə özündən çox-çox böyüklərə əxlaq və mənəviyyat dərsi keçərək, hamının gözündə bir anda böyüyən,nəhəngləşən insan “Mülki şöbə”də prokuror işləyən ,müharibə illərində “Topçu Ağabala”kimi tanınacaq Quliyev Ağabala Qubad oğlu idi.

Qeyd:Həmin kollegiyada sonralar hüquq elmləri doktoru alimlik dərəcəsi almış Xanlar Ələkbərovda icazə almadan yerindən danışaraq sıraya düzülmüş yaltaqları kəskin tənqid etdi.

Ağabala müəllimi yaxından tanıyan təqaüddə olan baş ədliyyə müşaviri Ənvər Həmidovun dediklərindən:

 

“Vətənini və millətini hər şeydən uca tutan, cəsarətli, qorxmaz,əsl Azərbaycan övladı olan Ağabala Quliyev haqqında xatirələrimdən ikisini danışmaq istəyirəm.1989-cu ilin fevralında Naxçıvan Respublikasının Babək rayon prokuroru vəzifəsində işləyərkən, Azərbaycan Respublikasının Prokuroru İlyas İsmayılovun tapşırığına əsasən Ermənistanın Əzizbəyov rayonuna (indiki Vayk) getməli oldum. Yola düşərkən Naxçıvan Respublikasının prokurorunun köməkçisi vəzifəsində işləyən Ağabal Quliyev mənə müraciət edərək, bizimlə Ermənistana getmək istədiyini bildirdi. Çoxları bu səfərdən müxtəlif bəhanələrlə boyun qaçırmalarına baxmayaraq Ağabala müəllim öz istəyi ilə nümayəndə heyətinə qatıldı . Nümayəndə heyətinə mən, Ağabala Quliyev,Babək rayon DİŞ-nin rəisi və SSRİ daxili işlər nazirliyinin bir polkovniki daxil edildi. Ermənistana getməyimizin məqsədi bizim rayonla həmsərhədd olan kəndlərdə azərbaycanlı əhalinin problemləri ilə yerində tanış olub, müvafiq tədbirlər görmək idi. Rayon rəhbərliyinin iştirakı ilə bizim rayondan köçüb getmiş ermənilərlə görüş kecirərkən Ağabala müəllim özü ilə götürdüyü "Literaturnaya qazeta" da dərc edilmiş Silva Kaputikyanın azərbaycanın əlehinə yazılmış məqaləsini çıxararaq oxudu və onu "natsianalistka" (millətçi) adlandırdı.Ermənilər fakt qarşısında qaldı və Ağabala müəllimin cəsarəti nəticəsində susmağa məcbur oldular.

 

1993 cü ilin avqust ayında yarımilliyin yekunu ilə əlaqədar Baş Prokurorluqda kollegiya iclası keçirilirdi. Kollegiyanın işində bir çox rəsmi şəxslərlə yanaşı Milli Məclisin sədrinin müavini rəhmətlik Afiəddin Cəlilov da iştirak edirdi.Həmin vaxt Sumqayıt şəhər ptokuroru vəzifəsində işləyən Ağabala Quliyev hərbi geyimdə idi. Dəfələrlə müraçıət etsə də ona çıxış üçün söz vermədilər. O, icazəsiz tribunaya qalxaraq Qarabağ məsələsinin yığıncaqlarda,iclaslarda deyil, döyüş meydanında həll edilməsini vurğuladı.Afiəddin Cəlilov Ağabalaya müraciətlə dedi:-Ağabala müəllim indi vaxtım yoxdur,hava limanına gedirəm.Vaxt tapan kimi Sizinlə görüşəcəm.Ağabala müəllimin cavabı sərt alındı:-Afiəddin müəllim,mənim də vaxtım yoxdur,cəbhə bölgəsinə getməliyəm-deyə, iclas zalını nümayişkaranə tərk etdi.

 

 

Ağabala müəllim prokurorluq orqanlarında da sevilən,seçilən, hörmət və nüfuza malik insan idi.Xatirimdədir.1993-cü ilin yay ayları idi.Baş prokurorluqda rayon şəhər prokurorlarının iştirakı ilə toplantı keçirilirdi.Bir məsələ ilə əlaqədar Sumqayıt şəhər prokuroru tribunaya dəvət olunanda məlum oldu ki,prokuror toplantıda iştirak etmir.Səbəbi - şəhər prokuroru Ağabala Quliyev yenə cəbhə bölgəsinə getmişdi.

Ağabala müəllim idarə prokuroru işləyərkən də öz işinə həmişə vicdanla yanaşmış,işlədiyi kollektivdə hörmət qazanmışdır.Hüquqi cəhətdən savadlı və hazırlıqlı olduğundan yerlərdən ona tez-tez müraciət olunurdu.Ağabala heç kimin qəlbinə dəyməz,hamıya doğru-düzgün istiqamət verirdi.İlk baxışda sakit,mülayim görünən Ağabala müəllim yeri gələndə öz fikrini müdafiə etməyi bacaran prinsipial insan kimi tanınırdı.

Həmin dövrdə Baş prokurorluğun Təşkilat- analitik idarəsində böyük prokuror vəzifəsində işləmiş Fəxrəddin Məmmədovun dediklərindən:-Ağabala müəllimin haqqında çox eşitmişdim. 1998-ci ildə məni Təşkilat –nalitik idarəsinə böyük prokuror vəzifəsinə təyin etdilər.Həmin vaxtdan onunla iş yoldaşı kimi daha yaxından tanışlığımız başladı. Ağabala müəllim vəzifə bölgüsünə görə Baş prokurorluğun gördüyü işləri ümumiləşdirir,təkliflər verir,metodiki tövsiyələrin layihəsini hazırlayır,Baş prokurorun əmr və göstərişlərinin icra vəziyyətini ümumiləşdirib təhlil edirdi.

İş yükünün çox olmasına baxmayaraq Ağabala müəllim heç vaxt yorğunluğunu büruzə etmir,lazım gələndə digər iş yoldaşlarına da kömək edirdi.

Ağabala müəllim prokurorluq orqanlarında yaxşı işinə görə dəfələrlə rəhbərlik tərəfindən mükafatlandırılıb.

Lakin döyüş meydanında göstərdiyi şücaətlər öz layiqi qiymətini almayıb. Görkəmli Azərbaycan sərkərdəsi general Həzi Aslanova ikinci dəfə “Sovet İttifaqı Qəhramanı” adı 2-ci Dünya müharibəsi qurtardıqdan 45 il sonra, 1990-cı ildə verildi.İnanırıq ki,Ağabala Quliyev də layiq olduğu mükafatla təltif olunacaq.

Ağabalanın yeganə təsəllisi prokurorluq orqanlarında uzun müddət qüsursuz xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2006-cı il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə”medalı ilə təltif olunmasıdır.

Ələmdar Məmmədov

Təqaüddə olan baş ədliyyə müşaviri

 

P.S.Səkkiz yaşı olanda Ağabalanın atası Qubad kişi haqqın dərgahına qovuşur.Boyüyünün 16, kiçiyinin 5 yaşı olan 8 uşağın tərbiyəsi, boya-başa çatdırılması Suma ananın üzərinə düşür.Bu fədakar qadın həyatın qismət etdiyi ağır yükün öhdəsindən ləyaqətlə gəlir.Vətənə gərəkli oğul-qız yetişdirir.Bütün uşaqlarının təhsil almasına nail olan ananın böyük oğlu Şahlar Quliyev tibb xidməti polkovniki,Ağabala isə ədliyyə müşaviri rütbəsində olmuşlar.

Ağabalanın topunun yerləşdiyi məkanda bir abidə ucalır.Bu bütün abidələrdən daha qiymətli və dəyərli olan Suma Ağaqulu qızının qəbridir.

Topun qurulduğu yer Ağabalagilin evindən 200 metrlik məsafədəki təpədə yerləşirdi.Ağabalanın anası Suma Ağaqulu qızı gecə-gündüz Allaha yalvarır-Alahım, oğluma gələn bəlanı mənə yetir,-deyirdi.Ana vəsiyyət etmişdi ki,dünyasını dəyişəndə onu oğlunun topunun dayandığı yerdə dəfn eləsinlər.İllər ötdü. 2002-ci ildə Suma ana haqqın dərgahına qovuşanda onu kənd

qəbirastanlığında deyil, həmin təpədə dəfn etdi Ağabala.

Sonradan Suma ananın iki övladı və qardaşı da həmin yerdə dəfn olundu.

 

Müqəddəs məkandan boylanan Ana

Sübhün al rənginə boyanan Ana

(Poemadan bir parça)