adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Fevral 2024 10:01
5283
MÜSAHİBƏ

"Tomas de Valldan da əvvəl bilirik ki, hər an  yeni müharibə mümkündür" - Polkovniklə müsahibə 

Xəbər verdiyimiz kimi, ABŞ-da fəaliyyət göstərən Karnegi Fondunun analitiki Tomas de Vall 2024-cü ildə Ermənistan və Azərbaycan arasında eskalasiyanın baş verməsinin gözlənilən olduğunu deyib.

O, kiçik toqquşmaların yeni münaqişəyə gətirib çıxaracağını iddia edib. Doğrudanmı, dəfələrlə məğlub olmuş Ermənistanın hələ də Azərbaycana qarşı qarşıdurmaya girmək kimi bir potensialı var və Tomas de Vallın dediyi kimi bu yeni münaqişəyə gətirib çıxara bilərmi? Bununla bağlı ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Adalet.az-ın sualların cavablandırır.

- 2020-ci il 44 günlük müharibədə uduzan Ermənistan dünyanın bir çox dövlətlərində hərbi-siyasi dəstək alır. Bunun yeni müharibənin körüklənməsinə təsiri nə dərəcədir.

- Əslində nə ermənilər, nə də Ermənistan höküməti 30 illik işğal siyasətindən, qondarma “dövlət quruculuğundan” , torpaqlarımızın, yurdlarımızın, sərvətlərimizin rahat talanından sonra belə bir zərbə gözləmirdilər, Dəmir yumruq başlarına lə dəydi ki, 30 ilə yığdıqları bir anda burunlarından gəldi. 30 ildir özlərini “qalib xalq” kimi dünyaya sırıdıqdan sonra belə biabırçı məğlubiyyəti həzm də bilmirlər. Elə bunun nəticəsidir ki, silah almaq, cəbbəxananı möhkəmləndirmək , yenidən Azərbaycana qarşı müharibə etmək kimi planlar qururlar.

.

Bu planların qurulmasında əlbəttə ki, Fransa, ABŞ, Aİ ölkələrinin Azərbaycana təzyiqi ermənilər üçün böyük önəm kəsb edir. Eyni zamanda Aİ və digər beynəlxalq təşkilatların Ermənistanın sürətlə silahlandırılması göz yumması da vəziyyəti kəskinləşdirir. Bilirsiniz Fransa, Hindistan, Rusiya, İran və bir çox ölkələr ən müasir silahları artıq qonşu ölkəyə tədarük edib. Zənnimcə, bir neçə gün əvvəl sərhəddə baş verən qarşıdurmanın da arxasında bayaq bəhs etdiyimiz planın bir parçası gizlənib. Əgər bu təxribarlar intensivləşərsə, yəqin ki, Tomas de Vallın fikirləri gerçəkləşə bilər.

- Ölkəmiz yenicə müharibələrdən çıxıb. Silahlandırılmış və gücləndirilmiş Ermənistanla müharibəyə girmək bizim üçün ağır nəticələr verməz ki? 

-Müharibə hər bir xalqın taleyindən keçən çətin bir perioddur. İmtahandır. Amma dediyiniz kimi bunun baş verə biləcəyinə inanmıram. 2021-ci ilin iyun ayında Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış müttəfiqlik haqqında Şuşa Bəyannaməsi əhəmiyyətini bilməmiş deyilsiniz.  1921-ci ildə imzalanmış Qars müqaviləsi 100 ildir necə Naxçıvanın təhlükəsizliyinin təminatçısıdır, hazırda Şuşa Bəyannaməsi də nəinki Qarabağın, eləcə də bütün Azərbaycan Respublikasının təhlükəsizliyinin təminatçısı çıxış edəir və edəcək. Türkiyə və Azərbaycan arasında hərbi-siyasi, iqtisadi sahələrdə olan müttəfiqlik rəsmi şəkildə bütün dünyaya elan edildi. Azərbaycan sərhədlərini pozan istənilən dövlət qarşısında regionun 3 ən böyük dövlətindən biri olan Türkiyəni görəcək. Hesab edirəm, məhz bu bəyannaməyə görə, İran kimi hər addımbaşı Azərbaycanı təhdid edən , onu bombalayacağı ilə hədələyən İranı durduran məhz o bəyannamədir. Beləliklə hesab etmirəm ki, Fransanın, ABŞ-ın, Hindistanın, İranın qızışdırmasına isti baxan Ermənistan belə bir ağılsızlıq etsin! Bu, əlbəttəki, özünün sonunu gətirmək olar.

 Qeyd edək ki, 14 fevralda Prezident İlham Əliyev andiçmə mərasimində hər bir ehtimala qarşı yenə də hazır olduğı diqqətə çatdırdı. Prezident böyük ordu quruculuğunun, xüsusi təyinatlıların sayı artırıldıgını və ordunun müasir texnoloji silahlarla təmin olunduğunu da vurğuladı.

 Söhbətləşdi Əntiqə Rəşid