06 Noyabr 2021 13:17
2973
MƏDƏNİYYƏT

Taleyinə tənhalıq düşən, nəşi FHN tərəfindən aşkar edilən, amma xoşbəxt görünən  qadın: Zərnigar Atakişiyeva


Mən onu  “Atayevlər ailəsi” filmində Dilşad xanım rolunda görəndə onun heç vaxt bir həyat yoldaşı olmadığına inanmadım, “Təhminə və Zaur” filmində ana – Zivər xanım  rolunda görəndə onun heç vaxt ana olmadığına dainanmadım, “Kökdən düşmüş piano” adlı televiziya tamaşasında onu Qaynana rolunda görəndə heç ömründə qaynana olmadığı da inandırıcı deyildi.

 Bu gün kaloritli, hər rolunda müxtəlif tipə, xarakterə məxsus bir insanı mükəmməl şəkildə sərgiləməyi bacaran istedadlı aktrisanın doğum günüdür. 


Adalet.az xəbər  verir ki, Azərbaycanın xalq artisti Zərnigar Ağakişiyeva 1945-ci il noyabrın 7-də Quba rayonunun Rustov kəndində anadan olub. O, 1972-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirib və bir müddət Tədris teatrında çalışıb. 1973-cü ildə taleyini Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət alan istedadlı aktrisa 2011-ci ilə qədər bu teatrla bağlayır.

 

Burada çalışdığı 40 ilə yaxın müddətdə Zərnigar xanımın yaratdığı Tatyana (M.Qorki, “Meşşanlar”), Xuraman (S.Vurğun, “Vaqif”), Şəfəq (S.Dağlı, “Kölgələr pıçıldaşır”), Zeynəb, Ana (B.Vahabzadə, “Kimdir haqlı?”, “Dar ağacı”), Zivər (Anar, “Təhminə və Zaur”), Kəmalə, Fəxrəndə xanım (İ.Əfəndiyev, “Qəribə oğlan”, “Mahnı dağlarda qaldı”), Bernarda (F.Q.Lorka, “Dişi canavar”), Pəri xanım (M.F.Axundzadə “Lənkəran xanının vəziri”), Qadın (Elçin, “Poçt şöbəsində xəyal”), Yasəmən (S.S.Axundov, “Eşq və intiqam”), Qadın (N.Hikmət, “Kəllə”), Kərbəlayi Fatma (C.Məmmədquluzadə, “Ölülər”), Yaşlı aktrisa (A.Məsud, “Qatarın altına atılan qadın”) kimi rəngarəng obrazlar teatr salnaməsində özünəməxsus yer tutur.

 


   Zərnigar Ağakişiyeva televiziya tamaşalarında və “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi filmlərdə (“Pəncərədən daş gəlir”, “Atayevlər ailəsi”, “Sarıköynəklə Valehin nağılı”, “Mehmanxana sahibəsi”, “Kişilər”, “Yol əhvalatı”, “Dantenin yubileyi”, “Özgə həyat”, “Yaramaz”, “Təhminə və Zaur”, “Yuxu” və s.) yaddaqalan obrazlar qalereyası yaratmışdır.

 


   Milli teatr sənətinin inkişafında xidmətləri yüksək qiymətləndirilən aktrisa 1982-ci ildə Əməkdar artist, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülmüşdür. 2004-cü ildən Prezident təqaüdçüsü idi.
Ölümündən bir neçə il qabaq müsahibələrinin birində şəxsi həyatı ilə bağlı açıqlama verən aktrisa ailə qurmamasının səbəblərindən danışıb.


O, sənətini şəxsi həyatına qurban vermək istəmədiyini deyib:
“Anam işləməyimə qarşı çıxırdı. Qonşudan pul alıb, Bakıya gəldim. Həm oxuyurdum, həm də işləyirdim. Maddi sıxıntılarım hər zaman olurdu. Ailə qurmamağımın səbəbi isə şəxsi həyatımı sənətimdən artıq sevdirə biləcək insanla qarşılaşmamağım oldu. Qarşılaşdıqlarım tələblərimə cavab vermədi. Mən də bütün illərimi teatrda, tamaşalarda keçirdim”.
Zərnigar Atakişiyeva şəkər xəstəliyindən əziyyət çəkirdi. Bir dəfə komaya düşmüşdü anınmış teatr və kino aktrisa Zərnigar Ağakişiyeva 2018-ci il 72 yaşında vəfat edib. Tanınmış aktrisanın cəsədi Bakıda yaşadığı mənzildə FHN xilasediciləri tərəfindən aşkarlanıb. Onu  Quba rayonunun Rustov kəndində dəfn ediblər.

 Aktrisa Səidə Quliyeva yaxın rəfiqəsini belə xatırlayıb: “Xəbəri səhər radiodan eşidib, şoka düşdüm. Teatrda Zərnigar xanıma yaxın olan bir neçə adamdan biri, bəlkə də birincisi mən idim. Çox yaxın idim. Mənə pis təsir edib, faciəli ölümdür. Evində tənha ölüb, yanında heç kim olmayıb.

Onunla ara-sıra telefon vasitəsi ilə əlaqə saxlayırdım, yanına gedə bilmirdim. Bir az kaprizli xanım idi. İstəmirdi onu kimsə xəstə vəziyyətdə görsün. Əvəllər gündə 3-4 dəfə zəngləşirdik. O da mənim kimi şəkər xəstəsi idi. Məndən məsləhət alırdı. Ağlıma gətirməzdim ki, belə tez rəhmətə gedər. Düşünürdüm ki, çox yaşayacaq. Həyat eşqi onda çox güclü idi. Təbiət vurğunu idi. İlahi, suyun şırıltısından da, çiçəyin açmasından da zövq alırdı. Tamam başqa təbiəti var idi”.

 

 Aktrisa daha sonra bunları da etiraf edir:"Zəng edirdi ki, səhər saat 4-5 arası evdə kimsə olub. Başa salırdım ki, belə şey ola bilməz. Deyirdi, Səidə, elə bilmə ki, ağlımı çaşdırmışam. Bunlar xəstəliyi ilə əlaqələr yaranmışdı. Bir həftə əvvəl ona zəng etdim. Telefonu bağlı idi. Məleykə Əsədova tez—tez ona baş çəkirdi, xəbər tuturdu. Mən də ona zəng etdim ki, Zərnigardan xəbər tutmusan? Dedi, hə, bir həftə bundan öncə gedib, səhhəti yaxşıdır. “Yaxşı” sözü məni çox rahatlatdı.

Nikbin insan idi. Qışda evdə otururdu. Yaz olan kimi piyada gəzməyə çalışırdı. Bir neçə dəfə ona birgə gəzməyi təklif etdim. Ancaq hiss etdim ki, tək gəzməyi xoşlayır. Mən də israr etmədim".

 

 

 P.S. Zərnigar xanım sevdiyim aktrisalardan biri olub. Onun o qədər pozitiv,  xoşbəxt  görüntüsü vardı ki, ağlıma da gəlməzdi ki, o bir evin qadını, bir uşağın anası, bir ailənin gəlini kimi  qadını xoşbəxt edən arzulara çatmayıb. Məncə heç bir sənət, heç bir karyera, heç bir sərvət- varidat qadını ailəsi kimi,  əri, övladları qədər xoşbəxt edə bilməz! Amma bu bir seçim deyil, bu bir  taledir. Bəzən karyerası, ailəsi, uşaqları hətta nəvələri olan qadınlarla rastlaşırıq. Xoşbəxt görüntüsünə aldanırıq" Daha nəyi əskikdir ki" deyib keçirik.

 

 

Amma yenə də anlamırıq ki, bəlkə də xoşbəxt görünən o, qadın daxilən- içdən heç vaxt xoşbəxt olmayıb.Yuxularında kimisə sevib, xəyallarında xoşbəxt olub, amma  gerçəklərə sadəcə qatlaşıb.(Gələn yazımda sizi elə bir qadınla tanış edəcəyəm)

Bir sözlə, qadın xoşbəxt olanda dünyaya sevgi paylayır, sevinc dağıdır, Bütün hallarda qadınların tənha olması, tənha ölməsi kədərli bir hadisədir. Sosial şəbəkədən məhz Zərnigar Atakişiyeva  üçün axtarıb tapdığım bu şeir parçası ömrünü tənha keçirən bütün qadınlara getsin...

 Əntiqə Rəşid


  • Zərnigar Ağakişiyeva: "Bu haqda evə yazmağa ürək eləmədim" - FOTO
  • Zərnigar Ağakişiyeva: "Bu haqda evə yazmağa ürək eləmədim" - FOTO
  • Zərnigar Ağakişiyeva: "Bu haqda evə yazmağa ürək eləmədim" - FOTO
  • Zərnigar Ağakişiyeva: "Bu haqda evə yazmağa ürək eləmədim" - FOTO
  •  

 

 

 

 

: