adalet.az header logo
  • Bakı -°C
20 Dekabr 2025 11:32
61
DÜNYA
A- A+

“Avropa Parlamentinin qətnaməsi erməni-rus lobbisinin layihəsidir”

“Avropa Parlamentinin həbsdə olan erməni separatçıları və Qarabağdan könüllü köç etmiş ermənilərlə bağlı qəbul etdiyi qətnamələr Azərbaycan–Ermənistan arasında davam edən sülh prosesinə ciddi zərbə vurur. Bu sənədlərdə sözügedən məsələlərin qabardılması nə regional sabitliyə, nə də Ermənistanın hazırkı hökumətinin siyasi maraqlarına cavab verir”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan açıq şəkildə Qarabağ ermənilərinin geri dönüşünü gündəmə gətirmir:

“Eyni zamanda, həbsdə olan separatçı liderlərin azad olunmasında da maraqlı deyil. Çünki həmin şəxslər uzun illər Ermənistan siyasətində dominant mövqe tutmuş Qarabağ klanının nümayəndələridir və birbaşa Moskvanın təsir dairəsində olublar. Onların azadlığa buraxılması Paşinyanın hakimiyyəti üçün daxili siyasi risklər yarada bilər. Avropa Parlamentinin Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli olduğu bilinən separatçıların azadlığa buraxılmasına çağırış etməsi, bu qurum daxilində erməni-rus lobbi şəbəkəsinin təsirinin nəticəsidir”. 

Politoloq bildirib ki, əgər bu separatçılar gələcəkdə Ermənistana qayıdarsa, onların siyasi və ideoloji fəaliyyəti Avropa İttifaqının deyil, məhz Rusiyanın maraqlarına xidmət edəcək: 

“Bu isə Avropa İttifaqının Ermənistanı Qərbə inteqrasiya etdirmək siyasətinə ciddi maneələr yarada bilər. Bununla da, Avropa Parlamentinin qəbul etdiyi bu qətnamələr göstərir ki, qurum müəyyən lobbi qruplarının təsiri altında öz strateji və geosiyasi maraqlarına zidd mövqe nümayiş etdirir. Nəticədə həm regional sülh prosesinə, həm də Avropa İttifaqının Cənubi Qafqaz siyasətinə zərər vurulur”.

Vasif ƏLİHÜSEYN