adalet.az header logo
  • Bakı -°C
17 Noyabr 2025 10:42
67
İQTİSADİYYAT
A- A+

“Azərbaycanın bu marşrutda əsas logistika mərkəzi kimi rolu danılmazdır”

“Azərbaycan Mərkəzi Asiya əlaqələri yeni geosiyasi mərhələyə qədəm qoyur Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasının VII sammitində Azərbaycanın tam hüquqlu üzv qəbul edilməsi regional əməkdaşlıqda yeni mərhələnin başlanğıcıdır. Bu qərar Azərbaycanın artıq Mərkəzi Asiya ölkələri ilə siyasi müstəvidə ortaq platformada təmsil olunduğunu göstərir. Əslində, Məşvərət Şurası ilk olaraq coğrafi yaxınlıq əsasında Mərkəzi Asiya dövlətlərinin siyasi-iqtisadi inteqrasiyasını hədəfləsə də, bu qurum tədricən regional çərçivədən çıxaraq beynəlxalq əməkdaşlıq mərkəzinə çevrilir. Orta Dəhliz və Transxəzər nəqliyyat marşrutu məhz bu yeni geosiyasi xəttin tərkib hissəsidir və Azərbaycanın bu marşrutda əsas logistika mərkəzi kimi rolu danılmazdır”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

O, bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda formalaşan yeni siyasi nizam təkcə regionu deyil, bütün Xəzər hövzəsini, o cümlədən Mərkəzi Asiyanı əhatə edən geosiyasi reallığa çevrilib:

“Mərkəzi Asiya ölkələri Azərbaycanın artan siyasi və iqtisadi əhəmiyyətini qəbul edir. Azərbaycan bu region üçün Qərbə açılan təhlükəsiz və təzyiqlərdən uzaq pəncərədir. Bu da dövlətlərə müstəqil qərarvermə və azad ticarət imkanları yaradır. Çünki uzun illər region ölkələrinin Rusiya üzərindən Qərblə əlaqələri siyasi risklərlə üzləşirdi. Azərbaycanın yaratdığı yeni nəqliyyat və enerji arxitekturası isə Avrasiyada daha balanslı və müsbət geosiyasi nizamın formalaşmasına xidmət edir. Qarşıdakı illərdə Zəngəzur dəhlizinin açılması Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında yükdaşımaları və iqtisadi əlaqələri daha da gücləndirəcək. Bu böyük geosiyasi və iqtisadi layihələrin reallaşmasında Prezident İlham Əliyevin apardığı ardıcıl siyasət xüsusi rol oynayır. Mərkəzi Asiya ölkələrinin Məşvərət Şurasında qəbul edilən sənədlərin Türk və ya İngilis dillərində hazırlanması isə əməkdaşlığın daha geniş beynəlxalq formatda tanıdılması və institusional dərinləşməsi baxımından daha məqsədəuyğun olardı. Növbəti sammitdə Türkiyənin də Şuraya üzv olması prosesin regional miqyasını artıraraq türk dünyasının siyasi inteqrasiyasına mühüm töhfə verə bilər”.

Vasif ƏLİHÜSEYN